Tarix : 2013 Nov 03
Kod 40752

QAT sədri: Beynəlxalq Qarabağ Konfransının keçirilməsi İran və Azərbaycanın xeyrinədir

Qarabağ Azadlıq Təşkilatının sədri Təbrizdə keçirilməsi planlaşdırılan Beynəlxalq Qarabağ Konfransının keçirilməsində yaranmış təxirdən təəssüfləndiyini bildirərək, deyib: Bu konfransın keçirilməsi İran və Azərbaycan Respublikasının xeyrinədir.

Akif Nağı İRİB ilə müsahibədə Ermənistanın bu konfransın keçirilməsi ilə müxalif olan başlıca tərəf olduğunu deyərək, vurğulayıb: İrəvan İran və Azərbaycan münasibətlərinin yaxınlaşmasından, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin gündəmə gətirilməsindən və bu münaqişənin həlli yolunda duran  maneələrin aradan qaldırılması istiqamətindəki səylərdən narazı və nigarandır.

 Qarabağ Azadlıq Təşkilatının sədri Qarabağ münaqişəsinin həll yolunun hərb və ya sülh yolundan keçməsindən asılı olmayaraq, hər iki halda Azərbaycanın İslam Dünyasının dəstəyinə ehtiyaclı olduğunu deyərək, Təbrizdə keçirilməsi planlaşdırılan Beynəlxalq Qarabağ Konfransının bu məqsədə xidmət etdiyini bildirib.

O, "Qarabağ Naminə Koalisiya" formatında və Beynəlxalq Qarabağ Konfransında iştiraka hazırlıq məqsədilə ötən 4 ay ərzində 5 elmi seminarın təşkil edildiyini xatırladaraq, deyib: Bu seminarların nəticələri bir kitab formatında çapa hazırlanmaqdadır.

Akif Nağı bu kimi elmi tədbirlər və konfransların  keçirilməsini və münaqişənin həqiqətlərini təbliğ etmək və İran-Azərbaycan münasibətlərini genişləndirmək üçün zəruri adlandırıb və deyib: 4 ay öncə hazırlıq konfransının keçirilməsi məqsədilə Təbriz və Ərdəbildə olanda yaxşı görüşlərimiz oldu və hər iki ölkədə münasib formada işıqlandırıldı.

Qarabağ Azadlıq Təşkilatının sədri Türkiyə, Gürcüstan və Rusiyada da bu beynəlxalq konfransa dəstəklərin verildiyini və bu ölkələrdən də konfransa qonaqların dəvət olunduğunu xatırladaraq, deyib: Qənaətimə görə, bu konfrans ilə müxalifət edənlər Ermənistana və beynəlxalq təcavüzkar qüdrətlərə bağlı qüvvələrdirlər.

 Akif Nağı əlavə edib: Təcavüzkar qüdrətlər öz nüfuz amillərindən istifadə edərək, İran və Azərbaycanın xeyrinə olan bu konfransın keçirilməsinə mane olmağa çalışırlar. Buna görə də, İran və Azərbaycan dövlətləri bu konfransın təxirlə üzləşməsi səbəbləri barədə bir-birilərini suçlamamalıdırlar. Əksinə, mövzunun cəhətlərinə aydınlıq gətirməklə, konfransın müəyyən bir müddət sonra keçirilməsinə nail olmaq lazımdır.

 O, həmçinin bəzi mətbuat orqanlarının Beynəlxalq Qarabağ Konfransı ilə bağlı qarapiyar təbliğatlarına işarə edərək, onların Qarabağ Azadlıq Təşkilatının İrana bağlı bir təşkilat olması ilə bağlı əsassız ittihamlarını rədd edib və deyib: Bu, ermənilərin çəkdikləri bir xətdir.

Xatırladaq ki, İranda bir qeyri hökumət mütaliə mərkəzinin elmi şəxsiyyətlər və tədqiqatçıların iştirakı ilə Qarabağ mövzusunda beynəlxalq konfransın təşkil edilməsi istiqamətindəki təşəbbüsü, Bakıda anti-İran və millətçi dairələrin Qaabağ münaqişəsi dövründə İranın Azərbaycana etdiyi yardımların ifşa olması ilə bağlı ciddi nigaranlığına səbəb olub.

 Son günlər ərzində bəzi erməni mətbuatı da İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etməsi və Təbrizdə Beynəlxalq Qarabağ Konfransının keçirilməsini tənqid atəşinə tutublar. Beləliklə, Bakıdakı millətçi dairələrin Beynəlxalq Qarabağ Konfransı ilə bağlı tutduqları mövqe, öz düşmənləri olan Ermənistanın mövqeyi ilə üst-üstə düşüb.

 Bu hadisələrin ardınca, Beynəlxalq Qarabağ Konfransının icra katibliyi və elmi komitəsi bir bildiriş yayaraq, konfransın təxirə salındığını elan və bildiriblər: bir neçə gün öncədən bir qrup azsaylı azəri mediası Qarabağın işğalının davam etməsini istəyən dairələrin təsiri altına düşərək, bu konfransın hədəfləri barədə qarapiyara başlayıblar ki, bu da heç bir vəchlə qəbul edilə bilməz. Digər tərəfdən konfransa dəvət olunmuş bəzi qonaqlar naməlum məmurlar tərəfindən təhdid ediliblər.

 Bu bildirişin davamında deyilir: Bütün bu halları və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yalnız işğalçılığın pislənilməsi və Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyətinə təkid kimi bir məqsəd izləyən və Azərbaycan Respublikasının müsəlman xalqı tərəfindən müsbət qarşılanan Beynəlxalq Qarabağ Konfransının keçirilməsi ilə bağlı qədirbilməzliyini nəzərə alaraq, bu konfransın keçirilməsi ilə bağlı dərin istək və meylimizə rəğmən, konfransın keçirilməsi tarixi təxirə salınır. Ümidvarıq, yaxın gələcəkdə Azərbaycan Respublikasındakı bəzi anti-İran mediaların bu konfransın layiqli şəkildə keçirilməsi üçün öz baxışlarını dəyişmələri ilə Azərbaycan Respublikasından olan elmi şəxsiyyətlər və media təmsilçilərinin iştirakı ilə konfransı layiqli şəkildə təşkil edək.

  • Yazılıb
  • da (də) 2013 Nov 03