Tarix : 2015 Jul 25
Kod 46217

Vüqar Abdullayev : Azərbaycan xalqının, xüsusilə də gənclərin vətənpərvərlik, düşməndən qisas almaq...

Azərbaycan xalqının, xüsusilə də gənclərin vətənpərvərlik, düşməndən qisas almaq hissini efir məkanını zəbt etmiş çal-çağır, şou-biznes əhli deyil, mənəvi verilişlər alovlandıra bilər.

Arannews - “Azərbaycan xalqının, xüsusilə də gənclərin vətənpərvərlik, düşməndən qisas almaq hissini efir məkanını zəbt etmiş çal-çağır, şou-biznes əhli deyil, mənəvi verilişlər alovlandıra bilər

Qəlblərə hüzur bəxş edən, mənəvi zənginliklərlə dolu, insanlara İlahi rəhmət və savab qazanmaq üçün geniş imkanlar tanıyan mübarək Ramazan ayını başa vurduq. Amma təəssüf ki, bu orucluqda da Azərbaycan telekanallarının yayım siyasətində dəyişikliklərin şahidi olmadıq. Yəni milli TV-lər bu il də Ramazan ayı ilə bağlı heç bir xüsusi veriliş hazırlamadı. Yenə də əhalinin, xüsusən də inanclı kəsimin mənəvi tələbatını ödəməyə biganə yanaşdılar.

Azərbaycan İslam Partiyası (AİP) Gənclər Təşkilatının sədri Vüqar Abdullayev ötən illər ərzində telekanalların tənqidlərdən nəticə çıxarmadığını, tamaşaçı çağırışlarına biganə yanaşdığını söylədi: “Ölkəmiz müstəqilliyini əldə edəndən sonra bir çox sahələrdə əldə olunan yeniliklər özunu qısa zamanda büruzə verdi. Həmin yeniliklərdən biri də teleməkandakı uğurlar idi.

Əsrin sonlarında Azərbaycanda bir-iki TV kanal fəaliyyət göstərirdisə, əsrin sonlarında artıq telekanalların sayı onlarla ölçülürdü. Üstəlik, televiziyaların müstəqil yayım hüququ onlara sərbəstlik verir, geniş imkanlar yaradırdı. Əfsuslar olsun ki, bu sərbəstlik özəl kanalları cəmiyyət üçün zərərli təbliğat maşınına çevirdi. İndi Azərbaycan efir məkanını mənasız, bayağı şuo-proqramlar işğal edib. Nəzərə alsaq ki, yetişməkdə olan gənc nəsil məhz həmin verilişlərin təsiri ilə böyüməkdədir, onda vəziyyətin nə qədər təhlükəli olduğu göz qabağındadır”.

V.Abdullayev bildirdi ki, əhalisinin əksər hissəsinin müsəlmanların təşkil etdiyi ölkəmizdə dini mövzulara yer verilmir. Baxmayaraq, efirdə milli-mənəvi, dini məsələlərin təbliğ olunmasını istəyənlər çoxdur: “Əvvəllər olduğu kimi bu ildə Azərbaycan xalqı Ramazan ayının fəzilətləri haqda televiziyalardan məlumat əldə edə bilmədi. Hərçənd telekanallarda mübarək ayın ab-havasını yaratmaq, heç olmasa, Ramazan ayında İslamın gözəl əxlaqından, orucluğun əhkamından, faydalarından danışmaq, Qurani-Kərimin ayələrini, imsak və iftar vaxtlarında azanı, günün dualarını və tərcüməsini səsləndirmək mümkün idi. Amma görünən budur ki, kanal rəhbərləri bu haqda düşünmürlər”.

Müsahibimə görə, ən acınacaqlı hal yerli kanallarda ədəbsiz ifadələrdən istifadə olunması, əxlaqdan, etik normalardan uzaq, mental dəyərlərimizə sağalmaz zərbə vuran proqramların təqdim olunması, mənəviyyatın, ailə tərbiyəsinin nə olduğunu bilməyən mügənnilərin, şoumenlərin xalqa əxlaq dərsi verməsidir: “İş o həddə çatıb ki, efirdə kimin ağlına nə gəldi, danışır, kim necə gəldi, geyinir. Adam öz ailəsi ilə birgə oturub telekanallarımıza baxmağa utanır.

Düşünürəm ki, aidiyyəti qurumlar belə neqativ hallara qarşı sərt ölçu götürəcək, şou verilişlərin azaldılması, mədəni, mənəvi, intellektual xarakterli, vətənpərvərlik ruhiyyəsini aşılayan proqramlara üstünlük verilməsi barədə kanal rəhbərlərinə tapşırıq veriləcək.

Unutmayaq ki, 20% ərazimiz işgal altındadır. Onu da unutmayaq ki, Azərbaycan xalqının, xüsusilə də gənclərin vətənpərvərlik, düşməndən qisas almaq hissini efir məkanını zəbt etmiş çal-çağır, şou-biznes əhli deyil, mənəvi verilişlər alovlandıra bilər. Biz cəmiyyətin fikrinin formalaşmasında televiziyanın təsirini dana bilmərik. Əgər yerli kanallar veriliş islahatlarına getməsələr, xalqa fayda verəcək proqramlar, layihələr üzərində işləməsələr, gələcək nəsil bir çox milli-mənəvi dəyərlərin sadəcə adını eşidəcək, mənəviyyatsızlıq girdabına qərq olacaq. Mənəviyyatsızlığın verdiyi bəhrə isə ətrafda baş verənlərə, ailəyə, vətənə biganəlikdir”.

  • Yazılıb
  • da (də) 2015 Jul 25