Tarix : 2014 Oct 30
Kod 44529

Milli dəyərlərimizi hər gün öz hədəfinə çevirənləri kim yerində oturdacaq?!

Mövsüm Səmədov: “Öz yaxınlarımıza bəslədiyimiz hörməti, hər bir azərbaycanlının ailəsinə sərgiləyirik”.

AranNews- 12 saylı cəzaçəkmə müəssisəsində məhbus olan AİP lideri Mövsüm Səmədov son zamanlar cəmiyyətdə baş verən proseslərə öz mövqeyini açıqlayıb. Ailəsinin çatdırdığı məktubda deyilir:

“Allahın lütfü sayəsində matəm ayı olan Məhərrəm ayına qədəm qoymuşuq. Məhərrəmlik ayı bəşəriyyətə başucalığı və insanlıq dərsi öyrədən ən ali bir məktəbdir. İmam Hüseyn (ə) öz şəhadəti ilə möminlərin qəlbində heç zaman soyumayacaq bir hərarət və istilik yaratmışdır ki, biz də hər bir müsəlmanın hiss etdiyi kimi, hər zaman onun istiliyini duyur və gündəlik həyatımızda rastlaşdığımız soyuqluq və sızaqlara qalib gəlmək üçün istifadə edirik.
Ümidvaram ki, xalqımız həmişə olduğu kimi, bu matəm ayını da elə qeyd edəcək ki, Qiyamətdə Həzrət Rəsulallah (s) və onun ciyərparəsi olan Həzrət Zəhra (s.ə.) qarşısına üzüağ və o günün iztirablı qəm-qüssəsindən uzaq olaraq çıxacağıq.
Bildiyimiz kimi keçən əsrin axırlarında Sovetlər İttifaqının dağılmasından sonra digər xalqlar ilə bərabər bizim xalqımız da öz müstəqilliyini əldə edə bilmişdir. Düzdür, böyük dövlətlərin əhatəsində qərar tapmış və dünya sionizminin diqqət nəzərində olmaqla yanaşı öz istiqlaliyyətini yaşatmaq çox çətin bir məsələ olsa da, xalqımızın dərin tarixini mütaliə etsək, onun övladlarının öz azadlığı uğrunda yorulmaz mübarizə apardığını görərik.
Bu gün xalqımız müxtəlif növlü hücumlara məruz qalmağına baxmayaraq, əsrlər boyu əcdadlarının əldə etdiyi dini və milli xüsusiyyətlərini qoruyub saxlayaraq, bu günəcən yaşada bilmişdir, hərçənd ki, bu yol maneəsiz olmamışdır və bu dəyərlərin bizə gəlib çatması üçün böyük fədakarlıqlar tələb olunmuşdur. O dəyərlər ki, hər bir sağlam cəmiyyət onların üzərində formalaşır və onların süquta uğraması həmin dövlətin daxilən çökməsilə nəticələnə bilir. Əgər hər bir müsəlman xalqı, pak əqidə və milli dəyərlərə malik olmasa, həqiqətdə onun istiqlaliyyəti də mövcud ola bilməz. Həmçinin, bu dəyərləri sırf maddiyyatla məhdudlaşdırmaq olmaz. Belə olan təqdirdə, həmin millət cansız bir varlığa bənzəyər ki, maddiyyat olan zaman var olar və əks təqdirdə onun mövcudluğu sual altında qərar tapar. Düzdür, İslam mütəfəkkirləri maddiyatın olmasını bir zəruri vasitə kimi hamılıqla qəbul etmişlər.
Bununla əlaqədar bu dəyərlərin cəmiyyətdə yaşanması onun övladlarının əzm və iradəsinə bağlıdır. Həmin o kəslərə ki, cəmiyyətin ən ağır anlarında yanan çırağa, ona pənah gətirə biləcək sarsılmaz bir dağa bənzəyirlər. Digər xalqlar kimi, bizim xalqımız da belə bir övladlarına ümid bəsləmişdir. Onları İmam Hüseynin (ə) Aşura məktəbindən dərs almış şəhid Seyyid Mübariz, şəhid Fərid kimi Qarabağda döyüş bölgəsində gördüyümüz kimi, Abgül Süleymanov və Seyyid Fəramiz kimi mənəvi dəyərlərin keşiyində də görürsünüz. Həmçinin, Hilal Məmmədov, İntiqam Əliyev, Leyla və Arif Yunus kimi demokratiya və ədalətin cəmiyyətdə yaşaması üçün özlərini hər növ xətərə salmağa hazır görürsən.
Cəmiyyətimizin ağır bir vaxtında təəssüflər olsun ki, yüzlərlə günahsız insan öz əqidəsinə və ictimaiyyətdə baş verən müxtəlif növlü məsələlərə iradlarını bildirdiklərinə görə haqsız yerə zindanlara salınıblar. Əgər biz öz övladlarımızı dəstəkləmək əvəzinə Qərbin və sionizmin razılığını almaq üçün müxtəlif təzyiqlərə məruz qoysaq, ölkənin Qarabağ kimi problemlərini kim aradan qaldıracaq?
Xalqımızın yeraltı və yerüstü sərvətlərinə göz dikmiş qarətçilərin qabağını kim alacaq?
Günbəgün siyasi və ictimai həyatımıza nüfuz edərək maraqlarına uyğun cəmiyyətimizi öz iradəsinə tabe etmək istəyənləri kim ifşa edəcək?
Milli və mənəvi dəyərlərimizi hər gün öz hədəfində qərar verənləri kim yerində oturdacaq?!
Bu gün Qərb dövlətlərinin Qarabağa olan münasibəti bunu bir daha sübut edir.
Bu gün Fələstində baş verən  faciələr bizim xalqımızı da qəzəbləndirir. Məzlum Fələstin xalqının varlığını Qərb, Amerika  və ərəb dövlətlərinin boynuyoğun rəhbərləri deyil, bu xalqın pak, mömin, mübariz oğulları öz mücahidlikləri ilə sübut edirlər. Öz canını fəda edən Fələstin cavanı dünya sionizmini diz çökdürə bilib. Onlar vətənpərvərlik ruhunu ilahi məktəb olan Aşura məktəbindən qazanıblar. Həmin o məktəb ki, bu gün şəhid Hacı Vaqifləri, Hacı Taleləri, Nicat Əliyevləri tərbiyə edərək bizim ictimaiyyətimizə təqdim etmişdir.
Bəziləri bizim çıxışlarımızda bir sıra mətləbləri siyasi ambisiyalardan qıraq şəxsi məsələlərin təhlili kimi qiymətləndirir və ola bilsin ki, irad tutur. Diqqət etmək laımdır ki, biz öz ətraf və yaxınlarımıza bəslədiyimiz hörmət və ehtiramı bütün azərbaycanlıların ailəsinə də bəsləyir və sərgiləyirik. Amma belə bir ürək açmayan hadisələrin baş verməməsi üçün lazım olmayan sözlərin yayılmasına zəminə yaratmamalı və heç kimin əlinə belə bir fürsət verməməliyik. Əgər bəzi məsələlərdə kiminsə yaxını və ailəsinə nisbət biz tərəfdən fikirlər səsləndirilibsə, burada bizi yox, o mənbələri qınamaq lazımdır. Təəssüf edirəm ki, bir sıra çıxışlarımda elə mənbələrə istinad etmişəm ki, sonradan onların etibarsızlığı məlum olub. Mən heç vaxt töhmət əhli olmamışam və dinimiz də bizi bu işlərə təşviq etməyib.
Bu haqsız həbslərə son qoyulmayınca cəmiyyətimizdə milli vəhdətin yaranış zəminəsi təmin olunmayacaq və bu ardı-arası kəsilməyən həbslərlə biməliyik ki, kimə arxa çevirir və kimi də şad edirik. Ağıllı insanlar tarixin dərslərindən ibrət alırlar, nəinki özlərini həmin səhifənin məzəmmət olunmuş obrazlarından birinə çevirirlər.
Biz bütün beynəlxalq təşkilatlardan və xüsusən Azərbaycanda olan müvafiq orqanlardan tələb edirik ki, günahsız yerə həbs olunmuş insanların azadlığını təmin etsin!”

  • Yazılıb
  • da (də) 2014 Oct 30