Tarix : 2014 Oct 24
Kod 44460

İŞİD-in Azərbaycandakı şəbəkəsi

Azərbycandan xaricə döyüşməyə gedənlər və bu adamların Azərbaycanda müxtəlif dairələr tərəfindən təlimat alması haqda məlumatlar olsa da, bugünə qədər dövlət səviyyəsində hər hansı müdaxilə müşahidə olunmayıb.

AranNews- Azərbaycanın ən məşhur yarmarkalarında, ticarət mərkəzlərində santexnika, parfümeriya, oboy və digər malların monopoliyası isə zərərli dini təriqət nümayəndələrinin nəzarətindədir.
Xeyli müddətdir ki, Azərbaycandan xarici ölkələrə döyüşməyə gedənlər haqqında müxtəlif məlumatlar yayılır. Gah Suriyaya döyüşməyə gedənlərdən, gah IŞID-in dəstəsində döyüşənlərdən, gah da IŞID-ə qarşı döyüşənlərdən xəbərlər eşidirk. Bugünə qədər xeyli sayda Azərbaycan vətəndaşının bu döyüşlərdə həlak olması da təsdiqini tapıb. Hətta, Azərbaycandan gedənlərin video müraciətləri də yayılıb.
Son olaraq isə "Əbu Abdullah əl-Azərbicani” ləqəbli azərbaycanlı kamikadzenin Iraqın Səlahəddin əyaləti ərazisində terror aktı törətməsi xəbəri yayıldı. Sosial şəbəkədə yerləşdirilmiş məlumata əsasən, Iraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəliləyərkən əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Əməliyyatı "Əbu Abdullah əl-Azərbicani” ləqəbli bir "mücahid”in içərisində iki ton partlayıcı olan "Hummer” hərbi maşınını parlatmaqla həyata keçirdiyi bildirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda yüzlərlə dini icma qeydiyyatdan keçib və bu icmaların ünvanları mənzildir. Yəni hər dini təşkilat bir mənzildə qeydiyyata alınıb və bunların fəaliyyətini izləmək mümkünsüzdür. Heç kim iddia edə bilməz ki, yüzlərlə dini icmanın fəaliyyəti yüksək səviyyədə nəzarətdədir. Ona görə heç kim zəmanət verə bilməz ki, xaricə döyüşməyə gedənlər Azərbaycanda təlimatlandırılmır.
Onu da qeyd etmək yerinə düşər ki, bugün hansısa vətəndaşın gömrükdən 5 toyuq, 3 dəst mebel, 5 kilo banan keçirmək imkanı da yoxdur. Yəni ölkəyə daxil olan xırda mallar da yoxlanılır və bu mallar monopliyadadır. Ancaq Azərbaycanın ən məşhur yarmarkalarında, ticarət mərkəzlərində santexnika, parfümeriya, oboy və digər malların monopoliyası da zərərli dini təriqət nümayəndələrinin nəzarətindədir. Təbii ki, həmin şəxslər böyük ticarət dövriyyəsini tək idarə edə bilməzlər. Deməli, bu prosesin arxasında iri məmurlar dayanır. Və belə olduğu üçün də Azərbaycandan xaricə döyüşməyə gedənlərlə bağlı müfəssəl araşdırma aparılmır, həmin şəbəkələr aşkar edilmir.
Deməli, bu adamlara nəzarət edilirsə də, nəzarət mümkün deyilsə də, bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür. Çünki, bu şəbəkələrə "pasport” verən də, onların fəaliyyətinə "yaşıl” işıq yandıran da hakimiyyətdir.

İŞİD-in azəri camaatının liderindən çağırış : İslam dövlətinə biət edin

İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərdən ibarət olan Xəttab camaatı haqda yeni məlumatlar yayılıb. İŞİD-in çeçen döyüşçülərinə yaxın saytları xəbər verir ki, Xəttab camaatı Əl-Nusra qruplaşmasının tərkibindəki azərbaycanlıların yaratdığı Əbu Kamil camaatına qarşı bəyanatla çıxış edib.
"Biz sizi həmvətənləriniz olaraq İslam dövlətinə biət etməyə çağırırıq. Necə də olsa, uca Allahın iradəsi ilə İslam dövləti yarandı və bir gün hər kəs Allahın bayrağı altında birləşəcək. Nə qədər gec deyil, düz yola gəlin”, - deyə bəyanatda qeyd edilir.
Qeyd edək ki, bir müddət öncə İŞİD-in çeçen komandiri Ömər Şişaninin adından Rusiyanı hədələyən açıqlamanın əslində Əbu Kamil camaatı tərəfindən verildiyi deyilir. Belə ki, çeçen camaatına yaxın saytlarda yayılan məlumatlara görə, "Şişani” adı Suriya cihadında populyar olduğu üçün əksər mücahid bu adı özünə ləqəb olaraq götürür. Bu baxımdan, yayılan açıqlama əsl Ömər Şişaniyə aid deyil.
Bəyanat yayan Xəttab camaatının lideri haqqında da maraqlı məlumat yayılıb. Məlumata görə, İbn Xəttab adlanan camaatın lideri 2 il öncə Azərbaycandan gəlib və Suriya cihadında öncül yerlərdən birini tutub. Azərbaycanlı komandirin 29 yaşının olduğu deyilir. Əsl soyadı Ramaldanovdur.
Bu məlumatı yayan sayt bildirir ki, Xəttab camaatında azərbaycalılar çoxluq təşkil etsə də, müxtəlif xalqların nümayəndələri də burda təmsil olunur. Xüsusilə məhsəti türkləri var.
Məlumatda bildirilir ki, Suriya cihadında iştirak edən azərbaycanlılar əvvəldən ideoloji olaraq bölünüblər. Bir qrupu Əl-Nusra, bir qrupu Əhraru-Şamda döyüşür. Çoxluq isə İŞİD-ə məxsusdur.


  • Yazılıb
  • da (də) 2014 Oct 24