Arannews - AİP-in mətbuat xidmətindən verilən məlumata görə, siyasi
qurum Səudiyyə Ərəbistanında yaşayan görkəmli İslam alimi Şeyx Nəmr Baqir
haqqında kral hakimiyyətinin ədalətsiz və qərəzli ölüm hökmünə qarşı etiraz
bildirib.
Azərbaycan dindarları, inanclı, haqsevər insanlar adından İslam aliminin
haqlı müdafiəsinə qalxan siyasi qurum Səudiyyə Ərəbistanı Krallığına bununla
bağlı rəsmi müraciət ünvanlayıb. Müraciət, etiraz aksiyası keçirən islamçılar tərəfindən
yazılı şəkildə Səudiyyə Ərəbistanı Krallığılnın Bakıdakı səfirliyinə təqdim
edilib. Müraciətdə deyilir:
"Səudiyyə Ərəbistanının Qətif şəhərində yaşayan, İslamın təməl dəyərlərinin
müdafiəsində sözünü deyən, mübariz cəhətlərilə dünya müsəlmanlarının izzət və
hörmətini qazanan, sadə və təvazökar bəndə, böyük İslam alimi Şeyx Nəmr ölkənizdə
ədalətsizliyin və haqsızlığın qurbanına çevrilmək ərəfəsindədir.
İslam dininin tarixi keçmişinin həqiqətlərini, bu gününün tələblərini və
gələcəyinin bəşəriyyət üçün vacib şərtlərini öyrənib qiymətləndirən bir alimin
itkisi müsəlman aləminin böyük itkisi ola bilər.
Şeyx Nəmrə qarşı hakimiyyətinizin edam hökmü müqəddəs dinimizə, onun
görkəmli xadimlərinə arxadan zərbədən başqa bir şey deyil. Əslində bu addımınız
İslam düşmənlərinin dəyirmanına su tökmək, onların niyyətlərinə, başqa sözlə
dinimizin zəiflədilməsi maraqlarına xidmət etmək deməkdir.
Sağlam düşüncəyə sığmayan bu addım İslam dünyasında əks reaksiya
doğuraraq ciddi qarışıqlıq yaradan təxribat kimi də qiymətləndirilir. Bizə görə,
haqlı irad və ittihamdır.
Azərbaycan İslam Partiyası böyük alimin ölümünə verilən hökmü əziz Peyğəmbərimizin
istək və vəsiyyətləırinə arxa çevirməyin göstərisici hesab edir. Düşünürük ki,
belə təhdid və məhrumiyyətlərin alimlərə tətbiqi həm də yerli hakimiyyətin zəifliyindən,
rejimin idarəetmədə buraxdığı ciddi səhvlərin ört-basdır edilməsi cəhdindən,
haqqın və ədalətin yanında duranları pərakəndə salmaq və İslamı parçalamaq istəyindən
irəli gəlir.
Biz Azərbaycan müsəlmanları, İslam siyasi təəssübkeşləri olaraq rəhbərlik
etdiyiniz hakimiyyətdən dünya müsəlmanlarının narahatlığını, haqq sözü deməkdə
İslam aliminin üzərinə düşən vəzifəni öyrənib nəzərə almaqla Şeyx Nəmr haqqında
çıxarılan ölüm hökmünü dəyişmək, dəyərli alimin azadlıq və İslam yolunda gərəkli,
fədakar fəaliyyət hüququnu özünə qaytarmaq barədə təcili qərar qəbul etməyi tələb
edirik.
Yol verilən haqsızlıq və ambisiya, hər şeydən öncə, bir İslam aliminin
itkisi olmaqla, iki müsəlman xalq arasında ciddi etimadsızlıq yaradan neqativ
amilə çevrilə bilər.
Biz tərəqqipərvər bəşəriyyətin mübariz insanlarını dünyamızın xilası
üçün nazil olan İslam dininin, onun dəyərli alimlərinin müdafiəsinə çağırır, hər
cür ədalətsizliyi rədd edirik."