Tarix : 2014 Sep 23
Kod 44056

Hicab məhbuslarinin son vəziyyəti

BMT-nin Azərbaycandakı hicab məhbuslarına qarşı diqqətsizliyi qəbul ediləsi deyil.

Taleh Bağırov Elmira Süleymanovaya təşəkkür edib.

Vəkil Cavad Cavadlı 12 saylı Cəzaçəkmə Müəssisəsində ilahiyyatçı Taleh Bağırovla görüşüb. vəkil deyib ki, Taleh Bağırovla iş üzrə müzakirələr aparıb: “Saxlanma şəraitindən şikayəti yoxdur. Görüş verilməməsində yaranmış problemlər aradan qaldırılıb. Məsələnin həllini tapması ombudsman Elmira Süleymanovanın müdaxiləsindən sonra mümkün olub. Taleh Bağırov buna görə Elmira Süleymanovaya təşəkkürünü bildirdi”.

Taleh Bağırov ötən il martın 31-də tutulub. Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Bu il avqustun 13-də Taleh Bağırovdan mobil telefon tapıldığına görə məhkəmə cəza müddətinə 4 ay da əlavə edib.

 

Abgül Süleymanov Ali Məhkəmə baxışını gözləyir.

Vəkil Cavad Cavadlı Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində ruhani Abgül Süleymanovla görüşüb. vəkil deyib ki, Abgül Süleymanovun saxlanma şəraitindən şikayəti yoxdur: “İşin gedişi ilə bağlı müzakirə apardıq. Bakı Apellyasiya Məhkəməsinin yekun qərarından Ali Məhkəməyə şikayət vermişik. Hazırda şikayətə baxılmasını gözləyirik”.

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, dini nifrət və düşmənçiliyin salınmasında, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, qanunsuz silah və narkotik saxlamada təqsirli bilinib.

 

Vəkil karserə salınmış Mövsüm Səmədovla görüşə bilmir.

Vəkil Anar Qasımlı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşə bilmir.

Sentyabrın 23-də vəkil bildirib ki, bu gün müəssisədə ona dustağın karserdə olduğunu deyib görüşə buraxmayıblar: “Halbuki qanunla dustağın karserdə olması vəkillə görüş verilməməsinə əsas sayılmır. Həbsxana rəisi Rauf Məmmədovun məni qəbul etməsini istədim. Rəis imtina etdi. Gözləyirəm, köməkçinin dediyinə görə, rəis müavini Müşfiq Məcidov məni qəbul etməlidir”.

Vəkil Mövsüm Səmədovun 11 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülməsi, karserə salınması  səbəbi haqqında məlumat ala bilmədiyini əlavə edib: “Bu gün Mövsüm Səmədovun əmisi oğlu, onunla eyni vaxtda məhkum olunmuş Dəyanət Səmədovla görüşdüm. Sentyabrın 17-də Dəyanətin özünü də üç günlük karserə salıblar. Səbəb yatmaq əmrindən sonra namaz qılması olub. Dəyanətin dediyinə görə, sentyabrın 18-də Mövsüm Səmədovu birbaşa karserə gətiriblər. O, aclıq elan edib, vəziyyəti haqqında yazmaq üçün kağız-qələm istəyib. Heç nə verilməyib.

11 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilməsi də gözlənilməz olub. Bizdə olan məlumata görə, başqa məhkumlarla insident yaşanıb. Həmin insidentdən sonra Mövsüm Səmədovun saxlama yerini dəyişmək qərarı veriblər. Onu rəisin qəbuluna çağırıblar. Birbaşa rəisin qəbulundan heç bir xəbərdarlıq edilmədən, hazırlıqsız vəziyyətdə 12 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib. Gətirilən kimi 5 sutkalıq karserə salınıb. Bütün əşyaları, ləvazimatları əvvəlki cəzaçəkmə müəssisəsində qalıb. Mənə vəkili kimi məhkumun köçürülməsi haqqında heç bir məlumat verilməyib. Burada da heç kim qəbul etmir, görüş də verilmir”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

  • Yazılıb
  • da (də) 2014 Sep 23