Tarix : 2014 Sep 19
Kod 44011

Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri

Qubad İbadoğlu: «Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycan Neft Fondunun bu ölkədə əldə etdiyi gəlirlərə mənfi təsir edəcək»

www.arannews.com- Xəbər verdiyimiz kimi Avropa Birliyi və onun ardınca ABŞ Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Yeni və mahiyyətcə daha sərt sanksiyalar sentyabrın 12-dən qüvvəyə minib. AB-nin yeni sanksiyalar siyahısına “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərti salınıb. Onlar bundan sonra Avropadan kredit və maliyyə ala bilməyəcəklər.

Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan “Kalashnikov”, “Almaz-Antey”, “Ximkompozit” kimi konsernlərə göndərilməsini də qadağan edir. “Uralvaqonzavod” kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur. Sberbank, VTB, Qazprombank, VEB, Rosselxozbank kimi banklara isə kreditlər məhdudlaşdırılır. Avropa şirkətlərinə dərin su qatlarında, arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur.   

Fərdlərin “qara siyahısına” isə daha 24 şəxs əlavə olunub. Bunlar deputat Jirinovski, silah və texnologiya holdinqi Rostex-in rəhbəri Sergey Çemezov, Ukraynadakı separtaçıların liderləri və başqalarıdır. Beləliklə Rusiyanın bank sektoru, neft-qaz və hərbi sənayesi ağır sanksiyalar altına düşüb. Rusiyanın beş şirkətin pullarına isə həbs qoyulub.

Sanksiyaların növbəti mərhələsinin daha sərt olacağı və Rusiyanın iqtisadiyyatına böyük zərbə vuracağı artıq dəfələrlə ekspertlər tərəfindən vurğulanmışdı. Onu da qeyd etmək yerinə düşər ki, illik dövlət büdcəsi 420 milyard olan Rusiya Ukrayna böhranı başlayan gündən 200 milyard vəsait itirib. Bu isə Rusiya üçün böyük vəsaitdir. Bu baxımdan Rusiyanın sanksiyaların növbəti mərhələsindən daha ağır itki verəcəyi gözlənilir.

Bəs Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycana təsirləri necə ola bilər?

Azərbaycan şimal qonşumuzun üzləşdiyi durum üzündən hansı məhrumiyyətlərə düçar ola bilər?

Azərbaycanla Rusiya arasında əməkdaşlığın əsasən müdafiə sənayesi sahəsində olduğunu deyən iqtisadçı Qubad İbadoğlu hesab edir ki, amma daha önəmli istiqamət Azərbaycanın Neft Fondunun Rusiyanın maliyyə bazarına yerləşdirdiyi investisiyalarla bağlıdır. Ona görə Q.İbadoğlu hesab edir ki, Rusiyanın üzləşdiyi sanksiyalar Azərbaycanla sıx əməkdaşlıq olunan hər iki sahəyə zərbə endirəcək: «Rusiyanın maliyyə sektoruna Azərbaycanın Neft Fondunun yerləşdirdiyi depozitlərdən əldə olunan gəlirlər aşağı düşəcək. Eyni zamanda Rusiyanın əmlak bazarına yerləşdirdiyi vəsaitlərdən də əldə olunan gəlirdə dəyişiklik baş verəcək. Bütün bu baş verənlər son nəticədə Neft Fondunun əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxaracaq».

  • Yazılıb
  • da (də) 2014 Sep 19