Tarix : 2014 Sep 03
Kod 43905

Baş nazir İrəvandan niyə imtina etdi?

Medvedev İrəvandan imtina etdi

Arannews - Rusiya Baş naziri Dmitri Medvedevin Ermənistan səfərinin təxirə salınma səbəbi ilə bağlı Ovik Abramyan növbəti açıqlama verməyə məcbur olub.

erməni mediası xəbər verir ki, baş nazir Ovik Abramyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin dövlət başçılarının Minskdə keçirəcəyi iclasın gündəliyinə salındığı üçün Rusiya Baş nazirinin 8-9 sentyabrda İrəvan səfərinin təxirə düşdüyünü bildirib.

Bu arqument isə şərhçilər tərəfindən birmənalı qarşılanmayıb. Çünki Avrasiya İqtisadi Birliyinin oktyabr ayı üçün nəzərdə tutulan Minsk görüşünün Medvedevin İrəvan səfəri ilə heç bir əlaqəsi yoxdur və Abramyanın bu açıqlaması sadəcə mediaya ünvanlanan “bəhanə” adlandırılıb.

Hazırda səfərin təxirə salınmasının səbəbləri Ermənistanda ciddi müzakirə mövzusudur. Bəzi analitiklər Ermənistanın Rusiya üçün tamam əhəmiyyətini itirdiyini və hazırkı iqtisadi sanksiyalar fonunda Medvedevin İrəvana səfəri ilə Moskvanın iqtisadi baxımdan çətin durumda olan bir ölkənin yükünü üstünə almaq istəməməsi ilə izah edirlər.

Xatırladaq ki, Rusiya Baş naziri Dmitri Medvedevin İrəvana səfər edəcəyi barədə məlumatı da Ermənistan baş naziri Ovik Abramyan elan etmişdi. Rusiya tərəfi ümumiyyətlə bu səfərlə bağlı heç bir açıqlama verməyib.


  • Yazılıb
  • da (də) 2014 Sep 03