Tarix : 2014 Sep 02
Kod 43894

Ermənistan vətəndaşı saxlanılıb

Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib

Arannews - Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb: "İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistanın Noyemberyan rayonundan olan S. Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.

Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər".

Nazirlikdən o da bildirilib ki, saxlanılan şəxs hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

  • Yazılıb
  • da (də) 2014 Sep 02