Tarix : 2014 Aug 07
Kod 43689

Ali Baş Komandan Ağdamın Quzanlı kəndində

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı “N” saylı hərbi hissədə olub
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfəri zamanı Ağdamdakı “N” saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevə raport verib.

Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib.

Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib./APA


Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonuna səfər edib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, dövlət başçısı Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə gəlib, yerli sakinlərlə görüşüb.

Ali Baş Komandan ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını qeyd edib.

Dövlət başçısı səfər çərçivəsində İmamqulubəyli kəndində Ağdam, Xocalı və Şuşadan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında da iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev az öncə Ağdamın Quzanlı qəsəbəsində görüş keçirib. FaktXəbər-in "Axar.az"a istinadən verdiyi məlumata görə, Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən Prezident cəbhədə baş verən gərginlikdən danışıb və Ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib.

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb.

Hazırda Prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur.

  • Yazılıb
  • da (də) 2014 Aug 07