Tarix : 2014 Aug 07
Kod 43687

Allahşükür Paşazadə ermənilərin Katolikosundan məktub aldığını təkzib etdi

Bildirilir ki, əgər belə bir məktub idarəyə daxil olarsa, o zaman Allahşükür Paşazadə öz mövqeyini bildirəcək
“Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu II Qareginin haqqında danışılan məktubunu almaıb”. QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şeyxülislam özü də məktub barədə yalnız mətbuatdan tanış olub və rəsmi olaraq belə bir məktubu hələ ki almayıb.

Bildirilir ki, əgər belə bir məktub idarəyə daxil olarsa, o zaman Allahşükür Paşazadə öz mövqeyini bildirəcək.
Qeyd edək ki, erməni mətbuatı bütün ermənilərin Katolikosu II Qaregin son günlər cəbhədə baş verən hadisələrlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət etməsi barədə məlumat açıqlayıb.

Müraciətdə atəşkəsin pozulmasının sülhə ciddi təhlükə yaratdığı bildirilib: “Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, onun həyata olan haqqı da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir. Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz”.
  • Yazılıb
  • da (də) 2014 Aug 07