Tarix : 2014 Jul 09
Kod 43428

Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək

Rusların Qarabağda gərginlik yaradacağı inandırıcı deyil

Arannews - Rusiya Qarabağa girməyəcək .

Bu sözləri millət vəkili Zahid Oruc Ermənistan hökumətinin devrilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişərsə, bu, Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək:

“Bu absurd ideologiyanın reallaşması üçün erməni xalqının Rusiyadan artıq gücünün olması lazımdır. Bu da mümkün deyil.

Qarabağ məsələsinin həllində öz çıxarlarını güdən ermənilərin bu addımı Abxaziyada baş verən hadisələri yada salır. Bir ay bundan əvvəl Abxaziyada milli itaətsizlik baş verdi. Lakin nəticəsi nə oldu? Surkov və digər rus rəsmilər xalq üsyanını yerindəcə cilovlayaraq onu istədikləri səmtə yönəldə bildilər. Ona görə də Qarabağda rus qoşunlarının yerləşdirilməsi və antisərkisyan qüvvələrin onu devirərək hansısa bir qərbpərəst iqtidar formalaşdırması qeyri mümkündür. Üstəlik, rusların belə gərgin beynəlxalq vəziyyətdə burada əlavə gərginlik ocağı yaratması və Avropa ilə yeni cəbhə açaraq savaşacağı da inandırıcı görünmür”.

Millət vəkili onu da qeyd etdi ki, Ermənistanda hakimiyyətin başında kim olursa-olsun, bu, Azərbaycan üçün önəmli deyil:

“Azərbaycanın dövlət quruluşu, iqtisadiyyatı və hərbi gücü bu ölkə ilə müqayisə olunmayacaq  dərəcədə qat-qat üstün səviyyədədir. O ki qaldı Sərkisyan hakimiyyəti devrilərsə, yerinə Köçəryan və ya başqa birisinin gəlməsinə, bu proses heç vaxt Qarabağ məsələsinin həlli yolunda ölkəmizin atdığı mühüm addımlara maneə ola bilməz”.

Xatırladaq ki, bir müddət öncə erməni mətbuatında Sərkisyan rejiminin devriləcəyi barədə xəbərlər yayılmışdı. Məlumatlarda Azərbaycan tərəfindən təzyiqin gücləndirilməsinin Sərkisyanı çıxılmaz vəziyyətə saldığı, Rusiyanın istəklərini yerinə yetirməzsə, Sərkisyan hakimiyyətinin sonu olacağı qeyd olunmuşdu.


  • Yazılıb
  • da (də) 2014 Jul 09