Tarix : 2014 Apr 19
Kod 42577

Azərbaycanın üzərinə qara buludlar yaxınlaşır

Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir. Ya Dağlıq Qarabağın müstəqilliyi, ya da bunun baş verməməsi üçün Azərbaycanın Gömrük İttifaqına daxil olması.

Arannews – " Ya Qarabağı itirməliyik, ya da Gömrük İttifaqını seçməliyik.Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir" .

Bu sözləri  açıqlamasında politoloq Vəfa Quluzadə Azərbaycanı da əhatə edən geopolitik vəziyyəti şərh edərkən bildirdi. O, Rusiyanın Ukraynanın şərq əyalətlərini ələ keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranacağından narahatlığını ifadə etdi :

 Krım hadisələrindən sonra Putinin heç bir sözünə inanmağa dəyməz. Məsələ ondan ibarətdir ki, orada artıq öz qoşunlarını cəmləşdirib. Məlumat yayılır ki, Xarkovda, Donetskdə baş verən hadisələrin başında dayanan Rusiyanın xüsusi xidmət orqanlarıdır. Bu da ondan xəbər verir ki, Rusiya hər yolla Ukraynanın şərqini işğal etmək niyyətindədir. Görünür, Putin artıq normal dövlət kimi Avropa və Amerika ilə əməkdaşlıq etmək istəmir. Bu işğalları həyata keçirəndən sonra tamamilə keçmiş Sovet İttifaqı tərzində davranmaq istəyir ”.

 

Soyuq müharibə başlayacaq

Politoloq tezliklə Qərblə Sovet İttifaqı arasında vaxtilə mövcud olmuş “Soyuq müharibə”nin hazırda Rusiya-Qərb müstəvisində yarancağını dedi :

 Rusiya Ukraynanın şərq ərazilərini işğal etsə, gərək Qərblə bütün əlaqələri kəssin. Beləliklə, Rusiya tamamilə başqa bir dövlətə çevriləcək.  Rus analitiklərindən biri olduqca maraqlı bir şərh verib: deyib ki, hesab edin Rusiyada hərbi çevriliş olub və dövlət başına yeni Putin gəlibdir. Bu keçmişdəki Putin deyil, tamamilə başqa bir adamdır. O, Qərbə meydan oxuyur, imperiya maraqlarını istənilən şəkildə həyata keçirməyə çalışır. Ona görə bu addımlar tezliklə soyuq müharibənin yaranması, Amerika Rusiya qarşıdurmasının yenidən meydana gəlməsi deməkdir ”.

 

Rusiyanın tək sığınacağı

V.Quluzada Çinin heç bir zaman Rusiya ilə Qərb əleyhinə ittifaq yaratmayacağını qeyd etdi :

 Çin olduqca praqmatik dövlətdir. Yəni Çin Rusiyanın arzu etdiyi kimi onun hərbi müttəfiqi olmayacaq. Çin Rusiyanın qazını almağa hazırdır. Əgər Qərb bu qazı 500 dollara alırdısa, Çin bunu 300 dollara alacaq. Rusiya buna getmək məcburiyyətində qala bilər. Amma Çinin Qərbin əleyhinə ittifaq yaradacağı söhbəti sadəlövhlükdür. Putin bu gün Qərbi hədələyir ki, Çinlə ittifaq yaradacam. Həmçinin deyir ki, Rusiya dollardan imtina edib Çin yuanına keçməyə hazırdır. Onlar bu tip şayiələr yayırlar. Hesab edirəm Çin məsələsi şantajdır, o Rusiyanın heç vaxt hərbi müttəfiqi olmayacaq ”.

 

Azərbaycanın üzərinə qara buludlar yaxınlaşır

O, Azərbaycana Rusiyadan çox sərt təklifin gələcəyini söylədi :

Rusiya Azərbaycana çox sərt bir təklif edəcəkdir. Ya Dağlıq Qarabağın müstəqilliyi, ya da bunun baş verməməsi üçün Azərbaycanın Gömrük İttifaqına daxil olması. İndi bu suala mən cavab verə bilmərəm. Ona Azərbaycan iqtidarının özü cavab verməlidir ki, seçim nə olacaqdır? Çox yaxında bizi çətin şeylər gözləyir ”.

  • Yazılıb
  • da (də) 2014 Apr 19