Tarix : 2014 Apr 17
Kod 42562

Azərbaycan prezidenti İrana səfərinin nəticələrini müsbət qiymətləndirib

Azərbaycan Respublikası prezidenti Nazirlər Kabinetinin iclasında İrana səfərinin nəticələrini müsbət dəyərləndirib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib: Bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaqdır.
Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır - işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional müstəvidə üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər.


  • Yazılıb
  • da (də) 2014 Apr 17