Tarix : 2015 Apr 13
Kod 45696

Əli Həsənov: “İran gələcəkdə öz qazını TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər”

“Trans Anadolu boru xətti “Əsrin layihəsi”dir”.

AranNews-ın “Apa” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir: “Hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır. Ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq. Ona görə də TANAP böyük layihədir. Digər tərəfdən  Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər”.
Altılıq” ölkələri ilə Tehran arasında əldə olunan razılaşmadan danışan Ə. Həsənov bildirib ki, bu razılaşma bölgəyə müsbət təsir göstərəcək: “İran Qafqaz və Qara dəniz hövzəsinin geostrategiyasını, geosiyasətini və geoiqtisadiyyatını müəyyənləşdirən ən önəmli üç dövlətdən biridir. Biz bu dövlətlərin hər birinin Qərbdəki tərəfdaşlarımızla arasının yaxşı olmasını arzu edirik. Çünki vəziyyət bizi bəzən Avropa, ABŞ, İran, ya da Türkiyə, Rusiya, İran arasında seçim etmək məcburiyyətində qoyurdu. Münasibətlərin yaxşı olması təbii qaz və digər enerji qaynaqları baxımından əlaqələrimizə müsbət təsir göstərər ”.

  • Yazılıb
  • da (də) 2015 Apr 13