Tarix : 2014 Dec 12
Kod 44970

manat dəyərdən düşəcəkmi?

Azərbaycanda hazırda daxili tələbatın formalaşmasında Rusiyadan gələn vəsaitlərin kifayət qədər rolu var.

Dollara Azərbaycanda da böyük tələb yarana bilər.
Məlum olduğu kimi, bir sıra MDB ölkələrində, o cümlədən Rusiyada milli valyutanın sürətlə ucuzlaşması fonunda ABŞ dollarına və avroya maraq sürətlə artır. Belə vəziyyət həmin pullarla bağlı böyük tələb yaratdığından, onların bahalaşması getdikcə daha sürətli xarakter alır. Hazırda MDB dövlətlərinin bir çoxunda, o cümlədən Rusiyada, Gürcüstanda, Qazaxıstanda əhali tərəfindən dolların alışına getdikcə daha böyük cəhdlər göstərilir.
Baş verənlər fonunda Azərbaycanda da dollar alışına marağın arta biləcəyinə dair müxtəlif fikirlər səslənir. Bu məsələ İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sosial şəbəkələrdə paylaşdığı fikirlər fonunda daha çox diqqət cəlb etməyə başlayıb. Dünya bazarında neftin qiymətinin düşməsi, dolların bahalanmasının manata necə təsir göstərəcəyinə toxunan ekspert bildirir ki, belə hallarda Mərkəzi Banklar rəsmi açıqlamalar verib əhalini məlumatlandırır: "Hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər. Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı? Neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələlik tədiyyə balansımızda müsbət saldo saxlanmaqdadır. İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında "qara qızıl"ın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da, hələ də xarici ticarətdə böyük profisitə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur".
Vüqar Bayramov hesab edir ki, iqtisadi baxımdan milli valyutanın kəskin möhkəmlənməməsi üçün Mərkəzi Bank dolların sterilizasiyasını həyata keçirməlidir: "Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracdan daxilolmalarin azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektoru da daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya, eyni zamanda, Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir". İqtisadçı ekspertin fikrincə, milli valyutanın məzənnəsini hazırda orta və uzunmüddətli deyil, qısamüddətli dövr üçün proqnozlaşdırmaq olar: "Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısamüddətli dövrdə manatın məzənnəsindəki stabillik qorunub saxlanacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilində manatın məzənnəsində azalma müşahidə edilməməlidir. Deməli, indiki halda milli valyutanın məzənnəsi ilə bağlı narahatlıq yoxdur. Eyni zamanda, Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatın məzənnəsi ilə bağlı siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq". Mərkəzi Bankın son məlumatına görə, 1 dollar təxminən 78 qəpik, 1 avro isə 96 qəpikdir.
Amma belə fikirlər də səslənir ki, ölkəyə daxil olan dolların həcmində neftin qiymətinin aşağı düşməsi səbəbindən azalma baş verərsə, bu hal dollar alışına Azərbaycanda da ciddi təsir göstərmək iqtidarındadır. Hazırda əvvəlki dövrlə müqayisədə Azərbaycana daha az həcmdə dollar daxil olur. Bu vəziyyət artıq Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb olub. Bu il noyabrın sonuna olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 14 milyard 996.3 milyon dollar təşkil edib. Mərkəzi Bankın yaydığı statistikaya görə, valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azalıb. Amma onu da qeyd edək ki, bu ilin əvvəlindən ötən 11 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 844,3 milyon dollar və ya təxminən 6 faiz artıb. Azalma yalnız noyabrda qeydə alınıb. Həmin ayda isə neft kəskin ucuzlaşıb. Ekspertlərə görə, bu tendensiya narahatedicidir. O da vurğunır ki, gələcəkdə valyuta ehtiyatının həcmində hansısa dəyişiklik dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslərin istiqamətindən asılı olacaq.

Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz ki, manat üçün təzyiq artacaq. İndiki dövrdə dolların bahalaşması bir sıra ölkələrdə devalvasiya siqnallarını daha da gücləndirir. Təhlilçilər bildirir ki, neftin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlar özünü doğruldarsa, milli valyutamız ucuzlaşa bilər. Bu ili manat inamlı sabit başa vuracaq. Ancaq gələn il üçün bunu demək çətindir.
Rublun Rusiyada çöküşü və "Sədərək" - "Binə" bazarlarında vəziyyət.
Rusiya rublu günü-gündən dəyər itirir. Məlum olduğu kimi, rus rublu Azərbaycanın ən böyük ticarət mərkəzləri sırasında yer alan "Binə" və "Sədərək"də də alverə ciddi təsir edib.
"Binə" və "Sədərək" ticarət mərkəzlərinin əsas müştəriləri qismində Dağıstandan, Şimali Qafqazdan olan ticarətçilər də mühüm yer tuturdu. Rublun sürətlə dəyər itirməsi Şimali Qafqazdan adıçəkilən ticarət mərkəzlərinə gələnlərin sayının azalması ilə müşayiət olunur.
Şimali Qafqazdan alver üçün "Binə" və "Sədərək"ə gələnlərin sayı azalıb. Bu olaydan əziyyət çəkənlər isə satıcılar olur.
Rublun dəyərdən düşməsi həmin ölkədə bizneslə məşğul olan həmvətənlərimizin büdcəsinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, baş verən proseslər dərinləşdikcə, bu, Rusiyada fəaliyyət göstərən bütün biznes subyektlərinə təsir edəcək: "O cümlədən indidən azərbaycanlı sahibkarların fəaliyyətinə təsir göstərməkdədir. Ümumiyyətlə, həmişə azərbaycanlıların Rusiyada iş imkanları normal dəyərləndirilib. Onlar orada daha çox gəlir əldə edir. Həmçinin, o gəlirlərin bir qismi də Azərbaycana göndərilirdi. Azərbaycanda hazırda daxili tələbatın formalaşmasında Rusiyadan gələn vəsaitlərin kifayət qədər rolu var. Lakin hazırkı şəraitdə həmin iş adamlarının çoxunun zərərlə işləməsi və ya daha az gəlir əldə etməsi ona gətirib çıxarır ki, həmin müəssisələr məcburən fəaliyyətini dayandırmalı ola bilər. Digər tərəfdən, həmin adamların daha az gəlirlə işləməsi ölkəyə göndərilən vəsaitlərin azalmasına gətirib çıxaracaq. Burada azərbaycanlılar üçün heç bir ayrıseçkilik yoxdur. Azərbaycanlılar da Rusiyanın bütün digər rezidentləri kimi bu prosesdə zərərli çıxacaq. Rusiya iqtisadiyyatında gedən tənəzzül bunu deməyə əsas verir".
İqtisadçının sözlərinə görə, hazırda rubl dollara nisbətdə öz dəyərini 40 faiz itirib. Bu isə o deməkdir ki, əhalinin gəliri bir o qədər öz dəyərini itirib. Bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir. Artıq Rusiyada inflyasiya yüksək həddə çatıb. İnflyasiya istehlak qiymətlərinin artımı ilə müşahidə olunur.

  • Yazılıb
  • da (də) 2014 Dec 12