Tarix : 2014 Oct 23
Kod 44437

Azərbaycan gələn il ehtiyat valyutadan xərcləyəcək

Dövlət Neft Fondu 37 milyard dollardan bir ildə cəmi 162 milyon dollar qazanıb Ekspert Rəşad Həsənov: "Vətəndaşa yüksək faizli kredit verilir, Fondun vəsaitləri isə xaricdə cüzi faizlərlə idarə edilir".

AranNews- 2014-cü il oktyabrın 1-nə Dövlət Neft Fondunun (DNF) aktivləri 2014-cü ilin əvvəlinə  nisbətən 3,98 faiz artaraq 37 305,3 milyon ABŞ dollarına bərabər olub. Qeyd edək ki, bu ilin əvvəlində fondun aktivləri 35 877,5 milyon dollar təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, fondun rezervləri ilin əvvəli ilə müqayisədə artsa da, iyul ayından bəri azalma müşahidə edilməkdədir. Cari ilin iyul ayının 1-nə Neft Fondunun aktivləri 37 622,4 milyard dollar idi. Deməli, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb. Neftin qiymətinin ucuzlaşması, aktivlərin və vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlərin iki dəfə azalması DNF-nin xərclərini üstələməyə başlayıb. Hökumət icmal büdcədəki xərcləri örtmək üçün ilk dəfə valyuta ehtiyatlarına müraciət etməyə başlayıb.
İqtisadçı-ekspert Rəşad Həsənov "Bizim Yol"a açıqlamasında bildirdi ki, qarşıdakı ildə valyuta ehtiyatlarından istifadənin həcmi daha da artacaq. Onun sözlərinə görə, ARDNF-in aktivlərinin azalmasının başlıca səbəbi neftin ucuzlaşmasıdır: "Gələn ilin dövlət büdcəsində neftin bareli 90 dollardan hesablanıb. Dövlət büdcəsinin 53,3 faizi və ya 10,5 milyard dolları Neft Fondundan köçürmələr hesabına formalaşır. Köçürmə o deməkdir ki, bu, müdafiə olunan gəlirdir. Neft Fondunun daxilolmalarının az və ya çox olmasından asılı olmayaraq, həmin vəsait dövlət büdcəsinə transfert olacaq. Hazırkı dünya iqtisadiyyatının konyukturasına diqqət yetirdikdə və qlobal siyasi prosesləri analiz edəndə neftin qiymətinin kifayət qədər aşağı düşəcəyini demək olar. Bir sıra analitiklər hətta 60-70 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırırlar. Ümumilikdə isə, 2015-ci il üçün "qara qızıl"ın orta qiyməti 70-80 dollar civarında müəyyənləşəcək. Deməli, orta qiymət büdcədə nəzərdə tutulan 90 dollardan az olacaq. Ona görə də, gələn il üçün Neft Fondunun gəlirləri proqnozlaşdırılmayıb. Hökumətin özü hələ ki, baş verəcək proseslərin hansı məcraya daxil olacağını tam dəqiqləşdirib və bu istiqamətdə proqnoz verə bilmir. Dövlət büdcəsində bu, nisbətən asandır. Onun 53 faizi Neft Fondundan transfert hesabına formalaşacaq. Gələn il Fondun daxilolmaları, gəlirləri olmasa belə,rezervləri hesabına köçürmələri həyata keçirəcək".
İqtisadçı deyir ki, büdcənin 11-12 faizini təşkil edəcək neft sektoru üzrə vergi daxilolmalarında da böyük bir təhlükə var: "Əgər neftin qiyməti 90 dollardan aşağı düşərsə, həmin vergi daxilolmaları da azalacaq. Hökumət müdafiə olunmayan xərcləri ixtisar etməklə, bu vəziyyətdən çıxa bilər.
"Qara qızıl"ın 10 dollar ucuzlaşması ölkəyə gələn vəsaitlərin təqribən 3 milyard dollardan çox azalmasına gətirib çıxarır. Əgər neft 75 dollara qədər düşərsə, Neft Fondu təqribən 5 milyard manata yaxın vəsait itirəcək. 90 dollardan hesablandıqda belə Dövlət Neft Fondunun xərcləri gəlirlərini üstələyəcək. Ona görə də hökumət valyuta ehtiyatlarından xərcləməyə gedəcək. Gələn il Dövlət Neft Fondunun ehtiyatlarının təqribən 3-4 milyard dollar azalması gözlənilir".
R.Həsənov hesab edir ki, DNF vəsaitlərinin idarəçiliyi ilə bağlı strategiyanı dəyişməlidir: "Bizi ən çox narahat edən məsələlərdən biri Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlıdır. Hazırda 37 milyardlıq rezervlərin idarə olunmasından cəmi 162 milyon manat gəlirin olması çox cüzi rəqəmdir. Hazırda Azərbaycan vətəndaşları yüksək faizlə kreditlərdən istifadə edir. Ölkədə ilkin kapitala ehtiyac çoxdur. Bu, nağd pul vəsaitlərinə kifayət qədər ehtiyacın olması deməkdir. Baxmayaraq ki, Azərbaycanda bu tip maliyyə institutları var, amma banklar yüksək faiz siyasəti yeridir. Bunun müqabilində isə Neft Fondunun vəsaitləri xarici dövlətlərdə çox cüzi faizlərlə idarə edilir. Fondun açıqlamalarına görə, belə bir siyasət irəli sürməkdə məqsədləri rezervləri risklərdən qorumağa və sabit saxlamağa çalışmaqdır. Amma 2012-ci ildən sonrakı dövrlərə baxaq: qızılı ən baha dövründə alaraq ehtiyata daxil etməyə başladılar. Qiymətli metalın ucuzlaşması nəticəsində gəlirlərdən 500 milyon dollara yaxın zərər oldu.
Digər tərəfdən, Rusiya kimi qeyri-sabit iqtisadiyyatı olan dövlətin həm əmlak, həm də səhm bazarına yatırım edilib. Bunlar onu göstərir ki, Neft Fondu heç də daha az riskli istiqamətlərdə investisiya qoymur.
Fondun vəsaitlərinin idarə olunması siyasətində ciddi dəyişikliklər olmalıdır. Yalnız xammal hesabına vəsait toplanması strategiyası dəyişilməlidir. Azərbaycan kimi bir dövlət üçün 37 milyard dollar ciddi rəqəmdir. Bu vəsaitin düzgün dəyərləndirilməsi və ondan maksimum qazanc əldə olunması strategiyası yürüdülməlidir. Düşünürəm ki, həmin vəsaitlərdən daxili bazarda da istifadə olunması üçün addımlar atılmalıdır. Çünki neft "bumu" artıq geridə qalıb. Həm hasilat aşağı düşür, həm də "qara qızıl"ın yüksək qiymət dövrü geridə qalır".

  • Yazılıb
  • da (də) 2014 Oct 23