Tarix : 2014 Oct 23
Kod 44434

evlərin qiyməti Azərbaycan respublikasinda yaxın aylarda daha da bahalaşacaq

Paytaxt Bakıda evlərin və torpağın qiymətində vaxtaşırı artım müşahidə edilir.

AranNews- İqtisadçı-ekspert Ramil Osmanlı bildirib ki, Bakıda köhnə yaşayış sahələrinin sökülməsi, kompensasiyaların miqdarının artması mənzil bazarında qiymətlərin qalxması ilə nəticələnib: “Bu da daşınmaz əmlak bazarında tələbat yaradır. Paytaxtda qiymət artımı əsasən daxili faktorlarla bağlıdır.”  O, qeyd edib ki, əmlak bazarında qiymət artımı əsasən Bakı şəhərinin ikinci və üçüncü zonasında, mərkəzdən nisbətən kənar olan ərazilərdə müşahidə olunur.
Onun sözlərinə görə, Bakıda söküntü işlərinin miqyası daha da genişlənəcək: “Güman olunur ki, Yasamal ərazisinda, Kubinka deyilən yerdə də söküntü işləri aparılacaq. Bütün bunlar da evlərin qiymətinin bahalaşmasına gətirəcək. Çünki bazarda alıcı artacaq.”
Ekspert deyir ki, daşınmaz əmlak bazarında qiymət artımı həm təkrar bazarda, həm də ilkin bazarda mövcuddur. O, təkcə paytaxtda deyil, ölkənin digər bölgələrində də daşınmaz əmlak bazarında qiymət artımının olduğunu vurğulayır: “Sumqayıtda, Quba- Xaçmaz iqtisadi rayonunda, eləcə də İsmayıllı, Qəbələ rayonlarından başlamış Balakənə qədər mənzil bazarında qiymət artımı var. Amma bu artım paytaxta nisbətən aşağıdır.”
R. Osmanlı ölkədə keçiriləcək beynəlxalq tədbirlərlə əlaqədar 2015-ci ildə daşınmaz əmlak bazarında qiymət artımında daha da çoxalmanın müşahidə ediləcəyini bildirib: “Gələn il Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı söküntü işlərinin miqyası genişlənir. Yeni infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində dövlət tərəfindən müəyyən qərarların qəbul edilməsi üçün addımlar atılır. Bu da mənzil bazarında qiymətlərin artmasına təsir göstərir.”
Alıcılıq qabiliyyətinə gəldikdə isə R.Osmanlı bildirib ki, istehlakçılar daha çox köhnə tikililərdə mənzil almağa üstünlük verirlər.

  • Yazılıb
  • da (də) 2014 Oct 23