Tarix : 2014 Feb 19
Kod 42022

Azərbaycanda əhalinin gəlirləri açıqlandı- Son statistika

2014-cü ilin yanvar ayında əhalinin gəlirləri və ÜDM statistikası
“Qafqazinfo” xəbər verir ki, cari ilin yanvar ayında əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2,6 milyard manat təşkil edib. Bunun hər nəfərə düşən həcmi orta hesabla 279,7 manat olmuş və 2,5 faiz artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 3,8 faiz çox vəsait qalıb.

Bundan əlavə komitənin yaydığı məlumata əsasən 2014-cü ilin ilk ayında ölkədə 4,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in əhalinin hər nəfərinə həcmi 465,6 manat və ya 593,6 ABŞ dolları təşkil edib.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 2,3 milyard manat və ya ÜDM-in 53,8 faizini təşkil edib. Ümumi daxili məhsulun müvafiq olaraq 46,2 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və 6,0 faiz azalıb.

Yanvar ayında ÜDM-in 50,1 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 15,6 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.

Qeyd edək ki, yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olub.
  • Yazılıb
  • da (də) 2014 Feb 19