Tarix : 2014 Jan 26
Kod 41795

Azərbaycanda naziri kim və necə aldatdı?

Onun kimin himayəçiliyinə sığınaraq bu əmri həyata keçirməsi hələ ki, məlum deyil
Bir neçə gün əvvəl “Qafqazinfo”da Bakı sakini Tərlan Yəhyayevin Nizami rayon telefon qovşağı idarəsində rastlaşdığı qanunsuzluqla bağlı şikayət məktubu dərc olunmuşdu.

Məktubda bildirilirdi ki, Tarif Şurasının 2 dekabr tarixində qəbul etdiyi qərara əsasən telefon nömrəsinin addan ada keçirilməsi ilə bağlı ödəniş ləğv olunsa da, ondan 20 manat rüsum tələb olunub.

Öz hüquqlarından yetərincə məlumatlı olan vətəndaş ondan tələb olunan rüsumun qeyri-qanuni olduğunu iddia edərək Tarif Şurasının dekabrın 2-də verdiyi qərarı Nizami rayon telefon qovşağının əməkdaşlarına xatırladır. Lakin yuxarıda qeyd etdiyimiz kimi şikayətçiyə bildiriblər ki, pul ondan Nazirliyin sözügedən əmrinə əsasən tələb olunur. Vətəndaş pulu ödəsə də, baş verənlərə biganə qalmayaraq bununla bağlı “Qafqazinfo”ya şikayət məktubu yazaraq rastlaşdığı vəziyyətin araşdırılmasını istəmişdi.

Biz də həmin faktı araşdırmaq üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktor müavini Xankişi Kişiyevlə əlaqə saxlamışdıq. O isə vətəndaşdan 20 manatın hansı səbəblə alındığını izah edə bilməmişdi. Bu arada biz ona Tarif Şurasının telefonların addan ada keçirilməsi ilə bağlı qərarını xatırlatsaq da, direktor müavini Tarif Şurasının telefonların addan ada keçirilməsi ilə bağlı verdiyi qərarın yalnız ailə üzvləri arasında keçərli olduğunu qeyd etmişdi.

Biz isə Tarif Şurasının məlum qərarını bir daha onun diqqətinə çatdırmış, orada rüsumun ləğv olunmasının təkcə ailə üzvlərinə şamil edilmədiyini bildirsək də, Xankişi Kişiyev cavab verə bilməmişdi. Üstəgəl nəyə görə Tarif Şurasının qərarından əvvəl 60 manat olan bir rüsumun indi isə 20 manat endirildiyini də açıqlaya bilməmişdi.

Bununla bağlı “Qafqazinfo” olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sorğu göndərib izah istəmişik. Hələlik sorğumuza heç bir cavab verilməyib.

Mövzuya təkrar qayıtmağımızın səbəbi sözügedən problem işıqlandırıldıqdan sonra redaksiyamıza edilən çoxlu müraciətlər oldu. Təkcə xəbərə yazılan çoxsaylı şərhlər arasında problemin bütün ölkəboyu mövcud olduğu haqda şikayətlər edilmişdi və məsələnin araşdırılması tələb olunurdu.

Əldə etdiyimiz informasiyaya görə, Tarif Şurasının məlum qərarına əsasən həqiqətən də telefonların addan ada keçirilməsi ilə bağlı rüsum ləğv olunub və bu, hər bir kəsə şamil edilir. Lakin bu qərarın onlara sərf etmədiyini görən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “ağıllı başları” vəziyyətdən çıxış yolu tapıblar. Onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki yüksək vəzifəli himayəçiləri ilə bir yerdə 27.12.2013 tarixli 218 saylı daxili əmr imzalatdıraraq məsələni bu formada rəsmiləşdiriblər ki, guya Tarif Şurasının sözügedən qərarı yalnız ailə üzvlərinə şamil edilir. Digər şəxslər üçün isə 20 manatlıq rüsum təyin edirlər.

Məlumatlara görə bu qərarın həyata keçirilməsi BTİB-in rəisi Beytulla Hüseynovla birbaşa bağlıdır. Onun kimin himayəçiliyinə sığınaraq bu əmri həyata keçirməsi hələ ki, məlum deyil. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir.

Qeyd etdiyimiz kimi bu durumda pat vəziyyətinə düşən Rabitə Nazirliyinə də sorğu vermişik. Onların cavabından sonra məsələyə bir qədər də aydınlıq gələcəyini düşünürük.

Onu da vurğulayaq ki, BTİB-in rəisi rəisi Beytulla Hüseynov həm də “Baku İnternetin” sahibidir. Hazırda Bakıda internet istifadəçilərinin böyük bir hissəsi “Baku İnternetin”in müştərisidir, bu isə evinə telefon çəkdirib, internet aşdıran vətəndaşlara ATS-lərdə ilk növbətə “Baku İnternetin”in təklif olunması nəticəsində baş verir. Nəzərə alsaq ki, “Baku İnternetin”in sürəti ilə bağlı fəaliyyətindən kifayət qədər narazılıqlar olsa da, bu, çox vaxt nəzərə alınmır.
  • Yazılıb
  • da (də) 2014 Jan 26