Tarix : 2013 Dec 29
Kod 41476

Ölkədən çıxarılan 17 milyardla bağlı yeni xəbər

Mərkəzi Bank bu vəsait haqqında hər hansı bir informasiyaya malik deyil
Arannews - Mərkəzi Bankın Maliyyə Monitorinqi xidməti Global Financial Integrity təşkilatının hesabatında Azərbaycandan 10 il ərzində 17 milyard dolların qanunsuz yolla çıxarılması haqda “hər hansı bir informasiyaya malik olmadıqlarını” deyir. Xidmətin İcra Aparatının rəhbəri Firdovsi Fikrətzadə «BBC Azərbaycan»ın sorğusuna hesabatda qeyd olunan məsələlərdən “xəbərsiz” olduğunu bildirib.
Qeyd edək ki, Global Financial İntegrity təşkilatı 2002-2011-ci illər arası inkişaf etməkdə olan 150 ölkədən kənara ümumilikdə 5.9 trilyon dollar pul axdığı barədə hesabat açıqlayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində 2007-ci ildə Azərbaycandan qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarıldığı açıqlanıb. Bu rəqəm hesabatın əhatə olunan 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün ən yüksək göstəricidir. Hesabata görə, Azərbaycandan kənara çirkli yolla axan qanunsuz kapitalın ümumi həcmi 17 milyard dolardır.
Mərkəzi Bankın təkzibindən sonra o zaman Azərbaycandan 17 milyardın hansı yol ilə çıxarıldığı sualı yaranır. Ekspertlər ümumilikdə Azərbaycandan qanunsuz maliyyənin iki yol ilə çıxarıldığını bəyan edirlər. Birinci yol, bank sistemi üzərindədir. Amma belə əməliyyatlar zamanı Mərkəzi Bankın Maliyyə Monitorinqi xidmətinin bu barədə məlumatı olmalıdır. Digər yol isə maliyyənin nəğd formada ölkədən çıxarılmasıdır. Azərbaycandan nəğd formada maliyyənin külli miqdarda çıxarılmasının isə əsasən Rusiya istiqamətində reallaşdırıldığı bildirilir.


Natiq Cəfərli: «Ölkədən külli miqdarda maliyyənin çıxarılması yalnız yüksək səviyyəli məmurların göstərişi ilə həyata keçirilə bilər»


İqtisadçı Natiq Cəfərli hesab edir ki, 17 milyard dolların yalnız nəbd şəkilində ölkədən çıxarıldığını düşünmək sadəlöhvlük olardı. Amma bu məbləğin müəyyən hissəsi nəğd şəkilində çıxarıla bilər: «Digər tərəfdən ölkədən nəğd çıxarılan vəsaitin hamısının oğurluq vəsait də saymaq olmaz. Məsələn, maşın alverçiləri Azərbaycana il ərzində 40-45 min maşın gətirirlər. Bu maşınların əksəriyyəti Azərbaycandan çıxarılan nəğd pul hesabına baş verir. Amma ümumilikdə söhbət korrupsiya yolu ilə qazanılmış vəsaitlərin ölkədən çıxarılmasından gedir. Bu əməliyyatları da yalnız bankların üzərindən reallaşdırmaq mümkündür. Banklar üzərindən aparılan əməliyyatlara görə yüksək səviyyədə tapşırıq olduqda əlbətdə nəzarət zəiflədilə bilər. Ona görə burada bu sahəyə cavabdeh şəxslərin məsuliyyətindən daha çox, onlara bu nəzarəti həyata keçirməyə imkan verməyən şəxslərin məsuliyyətindən danışmaq lazımdır. Bu da yalnız yüksək səviyyəli məmurlar vasitəsilə həyata keçirilə bilər. Çünki başqa cür mümkün də deyil. Çünki başqa heç kimin əməliyyatları gizlətməklə bağlı göstəriş verməyə imkanı yoxdur».
  • Yazılıb
  • da (də) 2013 Dec 29