Tarix : 2014 Dec 17
Kod 45017

İran şəhərlərinin havası təmizlənir?

İranın neft emalı zavodlarında (NEZ) istehsal olunan və ekoloji standartlara uyğun olmayan benzinin istehsal prosesi dayandırıldıqdan sonra ölkədə cari ilin mart ayından indiyədək çirkli havanın müşahidə olunduğu günlərin sayı azalıb.


AranNews-
Bunu açıqlamasında İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Məsumə Ebtikarın müşaviri İsmail Kəhrom deyib.
İ.Kəhrom hazırda ölkə ərazisində istifadə olunan və ölkəyə idxal olunan Avro-4 benzininin ekoloji standartlara uyğun olduğunu, lakin havanın çirklənməsində benzindən başqa, digər amillərin də rol oynadığını vurğulayıb: “Tehranda 2 milyon 800 min avtomobil, bir o qədər də motosiklet var. Soyuq havalarda onların tüstüsü yuxarı qalxmır, geri qayıdır və havanın çirklənməsinə səbəb olur. Bunun benzinlə heç bir əlaqəsi yoxdur. Avro-4 benzinindən çıxan tüstü də geri qayıdır”.
O, Tehran, İsfahan, Təbriz və Şiraz kimi böyük şəhərlərdə havanın çirklənməsinə səbəb kimi havada olan toz və hissəcikləri də qeyd edib: “Benzin havanı çirkləndirən vasitələrdən biridir. Havada olan toz və hissəciklər də havanın çirklənməsinə təsir edir. Elə buna görə də yağış, qar yağanda və külək əsəndə hava daha təmiz olur”.
Qeyd edək ki, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Məsumə Ebtikar ölkə daxilində istehsal olunan benzinin beynəlxalq standartlara uyğun olmadığını bildirmiş və İranın sabiq Prezidenti Mahmud Əhmədinejad hökumətini yanacağın standartlaşdırılması ilə bağlı öz öhdəliklərini lazımi şəkildə yerinə yetirməməkdə ittiham etmişdi: “İstehsal olunan avtomobillərin və yanacağın keyfiyyətinə bir müddət lazımi diqqət yetirilməyib. Hazırda bu məsələlərə ciddi nəzarət olunur”.
İranda sutkada 60 milyon litrdən çox benzin istehlak olunur. Cari ilin əvvəlindən (İranda il martın 21-də dəyişir) İran gündəlik 10 milyon litr Avro-4 standartlarına uyğun benzin idxal edir. İran NEZ-ləri sutkada 44,7 milyon litr benzin istehsal edir. M.Əhmədinejad hökumətinin son illərində beynəlxalq sanksiyaların artması nəticəsində hökumət “Benzin istehsalının artırılması haqqında fövqəladə plan”ı icra etdi və ölkədə benzin istehsalının həcmi 60 milyon litrə qədər artırıldı.
İ.Kəhrom deyib ki, idxal olunan Avro-4 benzinində benzol qatqısı 2-3 faiz olduğu halda, bu, ölkə NEZ-lərində istehsal olunan benzinlərdə 45-50 faiz təşkil edirdi.
İran KİV-lərinin məlumatına görə, Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil nəqliyyat vasitələridir. Bu şəhərdə əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir. Əhalinin 60 faizi isə öz şəxsi avtomobili ilə gediş-gəliş edir.
Xarici KİV-lərin məlumatına görə isə Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə dəfələrlə tətil olub. Rəsmi məlumatlara əsasən, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.

  • Yazılıb
  • da (də) 2014 Dec 17