Tarix : 2014 Dec 12
Kod 44968

Qız Qalasına tək çıxmaq qadağasi

Nədənsə son zamanlar həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında intihar edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

AranNews- Diqqət yetirsəniz görərsiniz ki, Bakıda intihar edənlərin əksəriyyəti ya «Koroğlu» metrostansiyasının yaxınlığındakı körpüyə, ya da Qız Qalasına çıxırlar. İş o yerə çatıb ki, artıq sözügedən körpü «İntihar körpüsü» adını alıb.
Qız Qalasına gəlincə, hələ bir neçə il əvvəl intiharların qarşısını almaq məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin sifarişi ilə qalanın müşahidə hissəsinə şüşə divarlar bərkidilib. Odur ki, bu gün abidənin baxış meydançasında şəffaf şüşə konstruksiyası mövcuddur. Kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Qeyd edək ki, şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan Qız Qalasının baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir. Lakin buna baxmayaraq, bu və digər səbəblər üzündən özlərinə qəsd etməyi planlaşdıran insanlar Qız Qalasından atlayaraq intihar edirlər. Məsələn, xəbər verdiyimiz kimi, noyabrın 24-də 1983-cü il təvəllüdlü,  Xırdalan şəhəri məhəllə 27, ev 21, mənzil 19-da yaşayan Qrişayev Yuri Qriqoryeviç özünü Qız Qalasından atmaqla intihar edib. Həmin hadisədən təxminən, bir ay öncə isə 13 yaşlı yeniyetmə qız Qız Qalasında təcavüzə məruz qaldığını iddia edərək Səbail rayon Polis İdarəsinə müraciət edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Qız Qalasında vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra problemlər var. Bunu yerində araşdırmaq, vəziyyətin həqiqətən nə yerdə olduğunu müəyyənləşdirmək üçün Qız Qalasına yollandım.
Qeyd edək ki, əvvəllər muzeyə daxil olmaq üçün tələb olunan bilet Qız Qalasının içərisində satılırdı. Lakin artıq abidənin qarşısında bunun üçün xüsusi köşk – kassa fəaliyyət göstərir. Kassada çalışan xanımdan bilet istədikdə o, «Siz Qız Qalsına tək çıxacaqsınız?», deyə sual verdi. Sözün açığı, anidən verilmiş bu sual məni bir qədər təəccübləndirdi. Odur ki, bunun səbəbi ilə maraqlandıqda məlum oldu ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin rəhbərliyi vətəndaşların təhlükəsizliyi səbəbindən insanların Qız Qalasına tək qalxmasına icazə vermir: «Biz sizə bilet veririk. Lakin Qız Qalasının içərisindəki təhlükəsizlik xidmətinin əməkdaşları sizə problem yarada bilərlər. Muzeyə tək qalxmağa icazə verilmir. Bu, sizin təhlükəsizliyiniz üçündür. Adətən muzeyə tək qalxan şəxs sonradan intihara cəhd edir. Odur ki, tapşırıq verilib ki, heç kimi tək buraxmasınlar».
Beləcə, kassada çalışan xanımla bir qədər söhbətləşdikdən sonra biletin qiymətini – 2 manatı ödəyib muzeyə daxil oldum. Birinci mərtəbədə əyləşmiş «İçərişəhər» Dövlət Tarix-Memarlıq İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşı elektron bileti qeydiyyatdan keçirsə də, Qız Qalasına tək çıxmağıma etiraz etmədi. Halbuki kassada çalışan xanım heç kimin abidəyə tək buraxılmadığını bildirmişdi. Görünür, təhlükəsizlik xidmətinin əməkdaşının başı hansısa «daha vacib» işə qarışdığından vəzifəsinin icrasını unudub…
Nə isə, dar dəmir pilləkənlərlə yuxarıya doğru istiqamət aldım. Qız Qalasının hər mərtəbəsində muzey bələdçisi vardı. Yalnız bir mərtəbədə polis əməkdaşını gördüm. Lakin o da Qız Qalasına nədən tək qalxmağımla maraqlanmadı. Belə çıxır ki, İçərişəhər» Dövlət Tarix-Memarlıq İdarəsinin rəhbərliyinin göstərişinə əməl olunmur. Sizcə, bunun başqa adı varmı?...
Nəhayət, abidənin damına çıxdım. Həmin vaxt orda bir nəfər polis əməkdaşı vardı. O, bütün diqqətini əlindəki mobil telefona verdiyindən ona həvalə olunmuş postda – Qız Qalasının damında kimin olmasından belə xəbərsiz idi. Polis əməkdaşının ətrafında vargəl etsəm də, o, yenə də başını qaldırıb ətrafa baxmadı. Müxtəlif rakurslardan həmin çavuşun fotoşəklini çəkdim. Ancaq onun bandan xəbəri belə olmadı. Halbuki o, ayıq-sayıq keşik çəkməli, muzeyin damında kimin nə etməsindən məlumatlı olmalı və zəruri anda müdaxilə etməlidir. Təəssüf ki, şahidi olduğumuz mənzərə belə deməyə əsas verir ki, Qız Qalasının baxış meydançasında şəffaf şüşə konstruksiyası, abidənin damında polis əməkdaşı olsa da, burada hər an növbəti intihar hadisəsi baş verə bilər. Çünki təhlükəsizlik tədbirləri sıfır səviyyəsindədir.
Həmin polisin mobil telefondan ayrılıb başını yuxarı qaldırmaq niyyətində olmadığını görükdə, məcbur özüm onunla söhbətləşməyə başladım. «Salam» verdikdə diksinən polis əməkdaşının sözlərinə görə, onun vəzifəsi Qız Qalasının təhlükəsizliyini təmin etməkdir: «Mən intihar hadisəsinin baş verməməsi, kiminsə qoyulmuş maneədən kənara çıxmaması üçün buradayam. Gördüyünüz bu şəffaf şüşə konstruksiya uşaqların, eləcə də digərlərinin qalanın kənarına keçməməsi üçün qoyulub». Bundan sonra onunla dialoqumuz bu cür alındı:
- Nə vaxtdan Qız Qalasının damında polis əməkdaşları keşik çəkirlər?
- Dəqiq deyə bilmərəm. Amma xeyli vaxt olar.
- Bəs elə isə nədən hələ də Qız Qalasından özünü atanlar var?
- Kim atıb?
- Yadınızdadırsa, noyabr ayında milliyyətcə rus olan Yuri Qrişayev burdan özünü atmışdı.
- Hə, yadımdadır.
- Həmin vaxt burda polis olmayıb?
- (Bir qədər fikrə getdi…) Olub. Yəqin ki, həmin anda polisin gözündən yayınıb. Adamlar çox olanda kimin nə zaman nə edəcəyini bilmək olmur. Biz təkik, insanlarsa çox.
Polis əməkdaşı ilə söhbətləşdikdən sonra gözüm abidənin baxış meydançasında quraşdırılmış şəffaf şüşə konstruksiyanın üzərindəki siqaret çəkməyi qadağan edən şəklə sataşdı. Odur ki, polisin reaksiyasını yoxlamaq üçün siqaret çıxarıb yandırmaq istədim. Lakin o, buna imkan vermədi. «Şəklə baxın, orda da qeyd olunub ki, burda siqaret çəkmək olmaz», deyə siqaret çəkməməyi məsləhət gördü. Polisin haqlı tələbinə əməl edib siqareti cibimə qoydum. O, isə yenidən başını aşağı salıb mobil telefonla qurdalanmağa başladı. Mənsə fürsətdən istifadə edib Qız Qalasının damında bir neçə fotoşəkil çəkməyə başladım. Elə bu vaxt bir qədər öncə aşağıda gördüyüm digər polis əməkdaşı da yuxarıya qalxdı. O, həmkarının bütün diqqətini mobil telefona verdiyini gördükdə buna etiraz etmədi. Halbuki o, Qız Qalasının damında keşik çəkən həmkarının işinə məsuliyyətli olmasını tələb edə bilərdi. Əfsus ki, bunun əksinə olaraq sonradan gələn polis əməkdaşı da həmkarına qoşuldu və ətrafda olub-bitənlərə əhəmiyyət vermədən öz aralarında söhbətləşməyə başladılar. Maraqlı məqam ondadır ki, təxminən 5-10 dəqiqədən sonra hər iki polis əməkdaşı siqaret çəkməyə başladılar. Halbuki polislərdən biri bir qədər öncə mənə «burada siqaret çəkmək olmaz», deyə iradını bildirmişdi. Belə çıxır ki, polisə qaydaları pozmaq olar, lakin sadə vətəndaşlara yox? Bu, hansı məntiqə sığır, cənablar?...
Nə isə, daha ətraflı məlumat almaq üçün mətbuat nümayəndəsi olduğumu bildirmədim. Çünki bu zaman bütün diqqəti üzərimə çəkə və nəticə etibarı ilə dolğun informasiya əldə etməyimə maneçilik törədilə bilərdi. Odur ki, polislərin yanından keçib aşağıya doğru hərəkət etdim. Mərtəbələrin birində iki gənc oğlanla rastlaşdıq. Onlarla söhbət zamanı bəlli oldu ki, nə polis əməkdaşları, nə də «İçərişəhər» Dövlət Tarix-Memarlıq İdarəsinin təhlükəsizlik xidməti Qız Qalasına baş çəkən insanların təhlükəsizliyini lazımı səviyyədə təmin etmirlər: «Biz bayaqdan muzeyin damında idik. Lakin polis əməkdaşı bizim nə etdiyimizlə maraqlanmırdı. O, bir kənara çəkilib öz işi ilə məşğul olurdu. Yəqin siz də gördünüz yuxarıdakı polisin əlindən telefon düşmür. Bu cür də təhlükəsizliyi təmin etmək olar?»
Gənclərdən ayrılıb yenidən pilləkənlərlə aşağı düşdük. Bayaq Qız Qalasının giriş qapısının qırşısında «İçərişəhər» Dövlət Tarix-Memarlıq İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşı dayansa da, bu dəfə o, yerində yox idi. Əvəzində onun yerində muzeyin xanım bələdçisi əyləşmişdi. Abidənin çölünə çıxdıqda gördük ki, təhlükəsizlik xidmətinin həmin əməkdaşı muzeyin kassasının yanında kiminləsə söhbətləşməkdədir. Xülasə, bu da Qız Qalasında intiharların qarşısını almaq məqsədilə görülən təhlükəsizlik tədbirləri. Əgər buna tədbir demək olarsa…

  • Yazılıb
  • da (də) 2014 Dec 12