Tarix : 2014 Dec 10
Kod 44952

Azərbaycanda xanimların narkomaniyaya uz tutmasinin səbəbləri

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün artıq yeniyetmə yaşlarından qadınların da narkotik istifadəçilərini görürük. Bu daha çox tədris müəssisələrində, ailələrdə maarifin düzgün çatdırılmamasından irəli gəlir.

AranNews- Son zamanlar dünyada  narkotik istifadəçilərinin sayı durmadan artır. Daha acınacaqlısı isə zərərli vərdişlərə kişilərlə yanaşı qadınlarda da  meylliliyin artmasıdır. Zərərli vərdişlərdən istifadə edən qadınların sayına diqqət etsək göstərilən rəqəm sayına görə vəziyyət Azərbaycanda da ürəkaçan deyil. Bu tendensiya isə cəmiyyətimiz üçün böyük təhlükələrdən başqa bir şey vəd etmir. Bəs görəsən son zamanlar qadınlarımız arasında tütün və narkotik maddələrinə meylliliyin artmasının səbəbləri nədir? 
Mövzu ilə bağlı sosioloq Cavid İmamoğlu maraqlı açıqlamalar verdi. Müsahib bildirdi ki, zərərli vərdişlər elə bir məfhum olub ki, heç bir cins tanımır:
“İstər siqaret, istərsə də narkotik maddə bunlardan həm kişilər həm də qadınlar istifadə edir. Bu vərdişlər sosial sahədə riskli davranış hesab edilir. Əgər qadın və yaxud da kişi narkotik maddədən istifadə edirsə, həmin  şəxs artıq riskli qrupa daxil olub.“
Hazırda narkotik istifadəçiləri arasında kişilərin daha çox üstünlük təşkil etdiyini söyləyən sosioloq, “bu o demək deyil ki, kişilər dünyaya gəldiyi ilk gündən narkotikə  meyllidirlər. Sadəcə olaraq ətraf mühit deyilən bir şey vardır ki, gündəlik davranışımıza çox təsir edir”, - deyə bildirdi:
“Bir çox hallarda Azərbaycan reallığında kişilər qadınlardan daha çox siqaretə, narkotikə və digər zərərli vərdişlərə meyl göstərirlər. Amma qadınlarımızın narkotik istifadəsinə görə statistikada kişilərdən daha az olduğu görünür. Çünki bu gün Azərbaycan qadınlarının sosial mühitləri ən çox ev, ən yaxşı halda isə işdən ibarətdir,” - deyə bildirdi:
Cavid bəy təəssüflə onu da vurğuladı ki, bu gün artıq yeniyetmə yaşlı qadınlar da narkotikə meyllənirlər:
“Bu daha çox tədris müəssisələrində və ailələrdə maarifin düzgün çatdırılmamasından irəli gəlir. Daha acınacaqlısı isə gənclərin narkotikdən istifadə edərək hansı risk qrupuna daxil olduqlarının fərqində deyillər. Artıq risk qrupuna daxil olduqlarından xəbərsizdirlər. Beləliklə bu davranışlarını böyüyüb ailə qurduqdan sonra da davam etdirirlər. Narkotik istifadəçiləri ətraflarına təsirsiz ötüşmürlər. Hansısa bir xanım narkotik maddə istifadə etməsi kifayətdir ki, ətrafındakı dostlarını da risk altına salsın.“

  • Yazılıb
  • da (də) 2014 Dec 10