Tarix : 2014 Nov 12
Kod 44668

Azərbaycanda qan və Qan dəllallarını himayə edənlər?

12Bir neçə il öncəyə qədər ölkəmizdə dövlət səviyyəsində donorlara qanın müqabilində pul verilirdi, amma Ümumdünya Səhiyyə Təşkilatının müraciətindən sonra Azərbaycanda donorlara qan müqabilində pul vermək yığışdırıldı.

AranNews- Belə ki, Azərbaycan Qan Bankına qan verən donorlar yalnız könüllülük əsasında bu addımı atırlar.

Təəssüflər olsun ki, donorlardan pulsuz alınan qan bəzən qana ehtiyacı olanlara ya pulla satılır, ya da ümumiyyətlə, xəstəxanalarda xəstələrə qanın olmadığı deyilir.
Qan dəllalları ölüm, ya olumla üz-üzə qalan xəstənin yaxınlarına qanı elə qanı qiymətinə də satırlar. Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi Pərvanə Hacıyeva açıqlamasında bəzi xəstəxanaların qanı satdığını etiraf edib.
Mərkəzi Qan Bankından xəstəxanalara qanın pulsuz paylandığını deyən baş həkimin sözlərinə görə, özləri qan tədarük edən bəzi tibb müəssisələri qanı satır:
“Bütün hallarda Mərkəzi Qan Bankından qan satışı yolverilməzdir. Amma elə xəstəxanalar var ki, onlar özləri qan tədarük edir. Bizim paytaxtda 5, rayonlarda 8 bölməmiz var. Kliniki Tibbi Mərkəz, Elmi Cərrahiyə Mərkəzi, 3 nömrəli Sabunçu Xəstəxanası, Milli Onkologiya Xəstəxanası və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası özlərinin qan bankı var. Yəni onlar qanı özləri tədarük edir. Adıçəkilən xəstəxanalardan başqa bütün xəstəxanalara qanı Mərkəzi Qan Bankı verir. Odur ki, qanın satılması mümkünsüzdür. Yerlərdə qanın pulla satışı halı ilə rastlaşanlar Mərkəzi Qan Bankının 907 qaynar xəttinə müraciət edə bilərlər”.
Qanın pulla satıldığı xəstəxanaların da olduğunu etiraf edən Pərvanə Hacıyeva Mərkəzi Klinik Xəstəxana, Neftçilər, Dövlət Gömrük Xidmətinin Xəstəxanası, Papanin Hospitalı kimi tibb müəssisələrində qanın pulla satıldığını söyləyib.
Baş həkim onu da bildirib ki, bu müəssisələrdə xidmət pullu olduğundan qan da pulla satılır:
“Düzdür, hərdən insanlar onlarla bizi səhv salır. Araşdıranda görürük ki, məsələn, qan Mərkəzi Klinik Xəstəxanadan alınıb və ya Neftçilər Xəstəxanasından. Yəni qan satılan xəstəxanalar var. Onlar donorlar çağırırlar, özləri qan tədarük edirlər. Bizim əmrimizdə də var ki, həmin xəstəxanalara nə qan verək, nə də qan alaq”.
Həkim-mütəxəssis Adil Qeybulla isə Qan Bankında olan qanın bütün xəstələrin pulsuz təminatına bəzən imkan verilmədiyini deyib.
Həkim-mütəxəssis hesab edir ki, Qan Bankı bütün regionlarda olmalıdır: “Sistem işləməlidir və ehtiyacı olanlar vaxtında qanla təmin edilməlidir. Deyə bilmərəm ki, sistem tam effektiv və əla işləyir. Hər halda Qan Bankının olması vahidləşdirilmiş bir sistemdir. Orada götürülən qanlar yoxlanılır və ən azı bir struktur bu qanın məsuliyyətini daşıyır. Zaman-zaman bu sistem daha yaxşı işləyəcək”.
Xəstəxanalarda qanın pulla satılmasının yolverilməz olduğunu deyən A.Qeybullanın fikrincə, donorlara hansısa sosial müdafiə çərçivəsində dövlət tərəfindən köməkliklər ola bilər: “Amma qanın pula satılması təcrübəsi Azərbaycan reallığında düzgün deyil. Ümumiyyətlə, qanın və orqanların satılması həmişə kriminala yol açan ünsürlərdir. Cəmiyyətdə şüur səviyyəsi, mədəni səviyyə artdıqca, mütəşəkkil səviyyəyə çatdıqda könüllü qan verənlərin də sayı artacaq”.
Qeyd edək ki,18 yaşı tamamlanmış, çəkisi 50 kiloqramdan yuxarı, praktik sağlam hər bir Azərbaycan vətəndaşı qan verə bilər. Qadın cinsindən olanlar üçün kriteriya fərqlidir. Zərif cins nümayəndələrinin yaşı 20-dən, çəkisi 65 kiloqramdan, boyu 168 santimetrdən aşağıdırsa, donor ola bilməz. Bütün hallarda donorların qanı yoxlanmalıdır.
Kişi donorlar arada 12 həftə fasilə olmaqla ildə 4 dəfə qan verə bilər. Qadın donorlar isə orta hesabla 16 həftədən bir və ya dəmir çatışmazlığı riskini azaltmaq üçün daha gec qan verməlidir.
Qan yasağının səbəblərindən ikisi əsasdır. Donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə bilərsə, donor olması doğru deyil. İkincisi, donorun qanı xəstəyə zərər yetirərsə, donorluq qadağandır.

  • Yazılıb
  • da (də) 2014 Nov 12