Tarix : 2014 Sep 30
Kod 44153

"Azercell Telekom" MMC müştərilərinə lazımi səviyyədə xidmət göstərə bilmir

Mobil operator rəhbərliyi abunəçilərin maraqlarını qorumaq əvəzinə onların büdcəsinə ziyan vurur

Arannews- "Sim" istifadəçiləri dəfələrlə şirkətin təklif etdiyi kampaniyaların fırıldağı ilə üzləşib və buna etirazlarını bildiriblər. Amma "Azercell" rəhbərliyi müştərilərdən daha çox öz maraqlarını güdür ki, bu da 4 milyona yaxın abunəçisi olan şirkət üçün heç də yaxşı gələcək vəd etmir. Çünki vətəndaşlar aldadıldıqlarını başa düşəndən sonra mobil operatoru dəyişməyə qərar verirlər.

Ümumiyyətlə, son vaxtlar "Azercell" şirkətinin fəaliyyətindən şikayətlərin ardı-arası kəsilmir. Şikayətçilər müxtəlif mətbuat orqanları vasitəsilə etirazlarını dilə gətirərək bu mobil operatorun qeyri-qanuni yollarla milyonlar qazandığını iddia edir. Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell" abunəçilərinin neçə aldadıldığını görmək olar. Mobil operatorun istifadəçisi olan vətəndaşlardan biri şikayətini bu formada bildirib: "Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell"in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik, yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil.

Ölkədəki "Azercell" istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir".

Əslində, "sim" istifadəçilərinin səsləndirdiyi ittihamlarda həqiqət var. Belə ki, şirkət danışıq tariflərinin ucuzluğu, şirnikləndirici SMS-lər, yalançı kampaniyalar və digər üsullarla müştəriləri ələ alaraq mədəni formada onların cibinə girirlər. Araşdırmalar zamanı öyrəndik ki, şirkətin fəaliyyətindən narazı olan şəxslərdən biri də məşhur model Validə Abbasovadır. O bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamada 6 gün İtaliyada olduğu müddətdə "Azercell" şirkətinin rouminq xidmətlərindən istifadə etdiyi üçün şirkətə 1200 manat məbləğində hesab ödəməli olacağını deyib: "Azercell"in ağlasığmaz rouminq tarifləri məni şoka salıb. Bir həftə ərzində xarici ölkədə olmuşam, bu şirkət mənə 1200 manat hesab göndərib. Bu qədər məbləğ hətta bir həftəlik danışıq hesabından da çoxdur. Bundan başqa, hesab kağızında bu qədər vəsaitin hansı şəkildə toplanması izah olunmayıb. Həftə boyu 200 manatlıq danışıq ağlasığmazdır, o ki qaldı göndərilən vəsait ola! Konkret olaraq belə qənaətə gəlmək olar ki, şirkət abonentləri nəzarətsiz şəkildə aldadır. Özünü Azərbaycan bazarında liderlərdən biri kimi təqdim edən şirkətin tarif hesabındakı göstəricilər, atdığı addımın dünyada analoqu yoxdur. Şirkətdən mənə bildirdilər ki, 6 gün ərzində 1200 manat hesab toplanması İtaliya operatorları ilə danışığın nəticəsidir ki, burada GPRS və 3G xidmətlərindən istifadə olunub. Maraqlıdır ki, bu operatoru "Azercell" şirkəti özü tövsiyə edib və onların arasında müqavilə var. Belə çıxır ki, "Azercell" soyğunçuluqla məşğul olan mobil operatorlar ilə əməkdaşlıq qurur?

"Azercell" şirkəti öz abunəçilərinin maraqlarını qorumalı, onların büdcəsinə xeyirli vasitələrdən istifadə etməlidir. Mən əminəm ki, dünyada belə miqdar və müqavilənin analoqu yoxdur, təkcə "Azercell" abunəçiləri özlərini aldadılmış hesab edə bilərlər".

Sözügedən şirkətin müştərilərini aldatması və onlara keyfiyyətli xidmət göstərməməsi ilə bağlı daha bir faktı diqqətinizə çatdırmaq istəyirik. Nailə Hüseynova adlı xanım Vergilər Nazirliyinə "Şirkətin adında olan nömrə üçün nəyə görə iki dəfə pul ödəməliyəm" sualını ünvanlayıb: "ASAN imzada elektron imza üçün şirkətin adına olan "Azercell" nömrəsini qeydiyyata aldırdıq. Müəyyən müddətdən sonra şirkətdə rəhbər dəyişikliyi baş verdiyindən həmin nömrəni yeni rəhbərin adına qeydiyyata aldırmaq istəyəndə ASAN imzada xidmət göstərən "Azercell"in nümayəndəsi və sertifikat verən şöbənin əməkdaşı həmin nömrənin hesabına yenidən 154 Azn pulun ödənilməsini tələb etdilər. Səbəb kimi "bunu vergi orqanından soruşun” cavabını aldım.Sualım budur ki, rəhbər dəyişikliyi baş verdikdə şirkətin adında olan nömrə üçün nəyə görə iki dəfə pul ödəməliyəm". Vergilər Nazirliyinin rəsmiləri isə xanıma "Bildiririk ki, elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinin təmin olunması məqsədi ilə tətbiq edilən "ASAN imza" xidməti zamanı istifadə olunan SİM kartın qiyməti mobil operatorlar tərəfindən müəyyən olunduğundan bu qiymətlərin formalaşması barədə müvafiq məlumatın alınması üçün həmin mobil operatorlara müraciət etməyiniz daha məqsədəmüvafiqdir. Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən göstərilən sertifikat xidmətləri, o cümlədənverilən sertifikatların addan-ada keçirilməsi ödənişsiz həyata keçirilir" cavabını verib.

Göründüyü kimi, "Azərcell" müştərilərin etibarından necə lazımdırsa istifadə edərək onlardan əlavə pul qopartmağa çalışır və əksər hallarda buna nail olur. İstehlakçıların hüquqlarını kobud şəkildə pozan şirkətin vergi ilə bağlı da bəzi problemləri mövcuddur. Qeyd edək ki, "Azərcell Telekom" MMC-nin yaranmasının 15-ci ildönümündə vergi hesabatı açıqlanıb. Burda göstərilir ki, "Azərcell" mobil rabitə bazarının 55%-nə nəzarət etməklə 4 milyondan çox abonentin etibarını qazanıb. Şirkətin 15 illik fəaliyyəti ərzində büdcəyə ödədiyi verginin həcmi 940 milyon ABŞ dollarını ötüb. Mötəbər qaynaqların məlumatında isə deyilir ki, şirkətin bu illər ərzində qazandığı gəlir səsləndirilən rəqəmdən qat-qat çox olub. Sadəcə, şirkətin maliyyə və vergi ilə bağlı hesabatlarını aparan şəxslər müxtəlif qanunsuzluqlara şərait yaradaraq əldə olunan qazancın əhəmiyyətli hissəsisinin vergidən yayındırılmasına nail olublar. Beləcə, külli miqdarda vəsait büdcədən gizlədilib. Onu da bildirək ki, bir müddət əvvəl "Azərcell"də yoxlama aparılmış və korrupsiya elementləri aşkar edilmişdi. Yoxlamalardan sonra şirkətin dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri Samit Həmidov tutduğu vəzifədən çıxarılmışdı. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, işdən azad olunan şəxs müxtəlif maliyyə maxinasiyaları həyata keçirərək birdən-birə varlanıb: "O, şirkətdə kifayət qədər böyük nüfuz və əlaqə sahibi,

"Azercell"in dövlət qurumları ilə işlərini yoluna qoyan bir nömrəli şəxs olub. Onun şöbəsində özündən başqa heç kim işləməyib. Yəni şöbə və şirkətdə tutduğu vəzifə Samit Həmidov üçün formal xarakter daşıyıb. Departament rəhbərinin işi isə faktiki olaraq kifayət qədər geniş sahələri əhatə edib. "Azercell"in yerlərdə antenalarının quraşdırılması işini o həll edib. Bu məqsədlə icra hakimiyyəti başçıları ilə danışıqlar aparan, antenalar üçün yer ayrılmasının haqqını ödəməklə həll edən də Samit Həmidov olub. Onun biznes şəbəkəsinə mobil telefon aparatlarının satışı biznesi də daxildir. Mobil telefon bazarında əhəmiyyətli paya malik "World Telecom" şirkətini yaradanlardan və ortaqlarından biri də bu şəxsdir. O iş ortağı ilə birlikdə Xırdalanda SİM-kartlar istehsal edən müəssisə də açıb və "Azercell"i SİM-kartlarla təmin etməyə başlamışdı. Həmin vaxtadək "Azercell" SİM-kartları xaricdən alırdı.

Biznesini genişləndirən Həmidov həmçinin Dubayda offşor şirkət açıb. Sabiq departament rəhbəri "Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group"un Dubayda tikdirdiyi dəbdəbəli yaşayış binasından özünə mənzil alıb". Şirkətdə həyata keçirilən anti-korrupsiya əməliyyatları böyük səs-küyə səbəb olduğundan "Azərcell"in rəhbərliyində ciddi dəyişiklik baş verdi. Belə ki, 2012-ci ildə şirkətin sabiq prezidenti Ali Ağanı Kiril Qaburiç əvəzlədi. Məlumat üçün bildirək ki, Kiril Qaburiç 1976-cı ildə anadan olub. MBA proqramı üzrə Telekom Akademiyasının məzunudur. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Kiril Qaburiçin gəlişindən sonra "Azərcell"in müştərilərinə göstərdiyi xidmətlərdə heç bir nailiyyət əldə edilməyib. Əksinə, şirkətin fəaliyyətindən narazılıq edən insanların sayı durmadan artır. Belə olan halda, yuxarı instansiyaların rəsmiləri "Azərcell"in fəaliyyətinə nəzarəti gücləndirməlidir. Çünki burda söhbət vergi, reklam qanunvericiliyinin pozulmasından, külli miqdarda vəsaitin vergidən yayındırılmasından, o cümlədən istehlakçıların hüquqlarının tapdalanmasından gedir. İnanmaq istərdik ki, aidiyyəti dövlət qurumları yaxın günlərdə qeyd olunan faktların izinə düşüb "Azərcell" şirkətində yoxlamalara start verəcəklər.

  • Yazılıb
  • da (də) 2014 Sep 30