Tarix : 2014 Sep 26
Kod 44102

yardım alanların sayı niyə çoxalır?

2006-da 48,7 min ailə yardım alırdısa, keçən il bu rəqəm 143,7 min ailə olub

Arannews- Qubad Ibadoğlu: «Statistik rəqəmlər göstərir ki, Azərbaycanda yaşayışın dəyəri, ünvanlı sosial yardımdan daha sürətlə artır»

Azərbaycanda aztəminatlı ailələrə təyin olunan ünvanlı sosial yardımın müddəti 1 ildən 2 ilə qədər artırıla bilər. Onu da qeyd edək ki, bu proqram 2006-cı ildə fəaliyyətə başlayarkən, ünvanlı sosial yardım ilk olaraq 6 ay müddətinə verilirdi. Daha sonra 1 il müddətinə qədər uzadıldı. Maraqlıdır ki, əksər ölkələrdə də sosial yardım müddətinin vaxtı daha azdır. Əslində müddətin çox olması sosial siyasətə uyğun deyil. Çünki bu vaxt ərzində istənilən ailənin sosial yaşamında ciddi dəyişiklik baş verə bilər.

Diqqət çəkən daha bir məqam isə statistik rəqəmlərlə bağlıdır. Məlum olur ki, ünvanlı sosial yardım alan ailələrin sayı ötən müddət ərzində 3 dəfəyədək artıb. Belə ki, 2006-cı ildə 48,7 min ailə, 222,3 min ailə üzvü yardım alırdısa, ötən ilin yekunlarına görə 143,7 min ailəyə və ya 625,5 min ailə üzvünə ünvanlı sosial yardım təyin edilib. Bu isə ölkədə elan edilən yoxsulluq səviyyəsi ilə paradoksallıq təşkil edir. Çünki belə məlum olur ki, əgər 2006-cı ildə yoxsulların sayı 20 faiz idi isə 2013-cü ildə bu göstərici 5 faizə düşüb. Amma bunun müqabilində sosial yardım alan ailələrin sayı əksinə 100 min artıb. Əgər yoxsulluq 5 faizə qədər düşübsə, dövlət ehtiyacına möhtac olan aztəminatlı ailələrin sayı niyə artıb?

Iqtisadçı Qubad Ibadoğlu hesab edir ki, statistik rəqəmlər göstərir ki, Azərbaycanda yaşayışın dəyəri ünvanlı sosial yardımdan daha sürətlə artır. Yaşayışın dəyərinin sürətlə artmasının bir göstəricisinin də inflyasiya olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, inflyasiyanın düzgün hesablanmaması bu cür yanlış təsəvvürün yaranmasına gətirib çıxarır: “Azərbaycanda yoxsulluq göstəricisi də düzgün hesablanmır. Əgər bu istiqamətdə düzgün hesablama aparılsaydı, ünvanlı sosial yardım alan ailələrin sayında azalma müşahidə olunardı. Çünki yoxsulluğun səviyyəsi ilə ünvanlı sosial yardım alan ailələrin sayı arasında heç bir mütənasiblik yoxdur”.

Ünvanlı sosial yardımın müddətinin uzadılmasına gəlincə isə Q.Ibadoğlu hesab edir ki, bu qərarın özündə müəyyən müsbət məqamlar var. Çünki belə olan halda ünvanlı sosial yardım verilən ailələrdən alınan rüşvət daha uzun müddətə xidmət etmiş olacaq.

  • Yazılıb
  • da (də) 2014 Sep 26