Tarix : 2014 Sep 24
Kod 44078

Azərbaycanda ərzaq bahalaşıb

ərzaq bahalaşıb, proses sürətlə davam edir

Arannews - “Neftin qiyməti son 5 ildə büdcədə 100 dollar civarında proqnozlaşdırılırdı. Son 4 ildə isə qiymət 110 dollar oldu. Bu da optimist nəticələrə gətirib çıxardı. Dövlət Neft Fondunda artım çox idi. Bu, nəticədə həm paytaxtda, həm də regionlarda abadlıq, quruculuq işlərinin daha da sürətlənməsinə gətirib çıxardı. Ancaq 2014-cü ilin 2-ci yarısında, xüsusilə son 3 ayda neftin qiymətinin aşağı düşməsi tendensiyasını müşahidə edirik. Hazırda neftin qiyməti indi 96 dollardır. Bundan sonra necə olacağı dünyadakı proseslərdən asılıdır. Azərbaycan yalnız London birjasına uyğun olaraq hər şeyi tənzimləyir. Çünki Azərbaycan iqtisadiyyatının 75 faizi neftdən asılıdır. 2014-cü il üçün götürsək, qorxulu bir şey olmayıb. Amma bunu 2015-ci il üçün deyə bilməyəcəyik”.

Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın sosial-iqtisadi həyatına təsiri barədə danışarkən söyləyib.


Büdcə kəsiri 2,6 milyarda qalxacaq

Ekspertin sözlərinə görə, bu il üçün 18 milyard manat civarında proqnoz edilsə də, büdcə kəsiri 1,6 milyard manat oldu. Gələn il üçün neftin qiyməti 90 dollar olarsa, təbii ki, büdcə xərcləmələri azaldılmalıdır. Əks təqdirdə büdcə kəsiri artaraq 2,6 milyarda qalxacaq. Bu isə o deməkdir ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi artmalıdır. Bütün bunların nəticəsi olaraq isə Dövlət Neft Fondunun yükü artacaq. Başqa tərəfdən, 2015-ci ildə Neft Fondunun üzərinə 2-ci bir yük düşəcək. Bu, böyük layihələrin maliyyələşməsidir. Bununla bağlı aşıqlama verən maliyyə naziri Samir Şərifov Dövlət Neft Şirkətinin nizamnamə kapitalının da artırılmasının nəzərdə tutulduğunu söyləyib.

Bundan əlavə, Azərbaycan ərazisində torpaqların alınması, Türkiyədə Dövlət Neft Şirkətinin obyektlərinin tikintisi və s. qarşıda duran məsələlərdir. Bunlar respublikanın geostrateji layihələridir. Burda əsas maraqlı məsələ prosesin dövlət tərəfindən necə tənzimləməsidir”.


Çörək bahalaşıb

İlham Şaban neftin ucuzlaşmasımanın ölkə iqtisadiyyatına təsirinin artıq müşahidə olunduğunu, bunu xüsusilə çörəyin bahalaşmasında özünü göstərdiyini vurğulayıb:

“Neftin qiymətinin aşağı düşməsi Azərbaycan kimi neftdən asılı olan ölkələrdə insanların sosial-iqtisadi həyatına  hökmən təsir edəcək. İndiyə qədər avtomobil parklarında qiymət saatından asılı olmayaraq 20 qəpik olduğu halda, hazırda 1 saat parklamanın qiyməti 1 manatdır. Bu qiymətlər göydən düşmür. Məsələn, dünən “Bizim market”dən bazarlıq edərkən bütün tortların qiymətinin 2 manat bahalaşdığını müşahidə etdim. Satıcılar bunu keyfiyyətin yaxşılaşması ilə əlaqələndirsələr də, hər şey gün kimi aydındır. Bahalaşma artıq başlayıb və sürətlə gedir. Çörək bahalaşmayıb desələr də, çörəyin çəkisini azaldıblar. Həm də 30 qəpiyə olan çörəklər yoxdur. Bunu gizlətmək olmaz”.

  • Yazılıb
  • da (də) 2014 Sep 24