Tarix : 2014 Sep 18
Kod 43999

Azərbaycanın “Facebook” müxalifəti

“Siyasi cılızlaşma gedir ki, bu da mənfi tendesiyadır”

Arannews - Azərbaycan müxalifətinin bir vaxtlar meydanda olan mübarizəsi zaman-zaman fərqli müstəviyə keçdi. Söhbət loyallaşmaqdan, dünya siyasətində sınaqdan keçmiş kompromisli gedişlərdən getmir, söhbət tamam fərqli, cəzbediciliyi ilə yanaşı, siyasəti ara söhbətinə qədər gətirib çıxardan virtual aləmdən gedir.

Bu gün istənilən partiyanın sosial şəbəkələrdə aktivliyi nəzərə çarpır. Hansı ki, bu ilk baxışdan təqdirəlayiqdir. Çünki insanlarla ünsiyyəti zaman və məkan çərçivəsindən çıxardan virtual aləm siyasi təbliğat üçün əvəzedilməz məkandır. Təsadüfi deyil ki, qərbli siyasətçilər insanlara virtual aləm üzərindən lazımi formada təsir edərək qalibiyyətlərini qeyd edirlər.

Lakin Azərbaycan müxalifəti virtual aləmə bir qədər fərqli profildən baxır. Bunu sosial şəbəkələrdən az-çox istifadə edən hər kəs yaxşı bilir. Müxalifətin bu aləmə qədəm basması daha çox “ərəb inqilabları” ərəfəsində baş verdi. Buna səbəb isə, ərəblərin ayağa qalxmasında bu şəbəkələrin rolunun olması idi. Elə o zamandan müxalifət sosial şəbəkələrdə aktivləşməyə başladı. Çünki hazırda istifadəçilərinin yüksək faizini gənclər təşkil edən sosial şəbəkələrin insanlar arasında ünsiyyət vasitəsi rolunu oynaması ilə yanaşı, siyasi proseslərə təsir, istifadəçilərin müəyyən istiqamətdə yönləndirilməsi funksiyasını da daşıdığı ortadadır. Bu fikri ərəb ölkələrində baş verənlər bir az da qüvvətləndirdi.

Ərəb inqilabları Azərbaycana gəlmədi, amma statuslara alışmış müxalifət də bu şəbəkələrdən çıxmadı, ya da çıxa bilmədi.

Virtual aləm siyasi partiyalar üçün ara söhbətindən tutmuş, bəyanatların səsləndirildiyi yerə qədər mübarizə meydanı oldu. İnsafən, nadir hallarda olsa da, bəzi siyasilər sosial şəbəkələrdən düzgün profildə istifadə edir, amma bu da nadir hallarda baş verən haldır. Yerdə qalan əksəriyyət isə təhqir (istər hökumətə, istərsə siyasi partiyalara qarşı), dezinformasiyalar, həmçinin söyüş dolu cümlələrdir.

Bu baxımdan, müxalifətin sosial şəbəkə fəaliyyətini üç kateqoriyaya bölmək olar.

Birincisi...

“Şok” və “sensasion” statuslarsa əsasən hökumətlə bağlı olan statuslardır. Buna daha çox “asıb-kəsmə” statusları da demək olar. Hədəfə alınan iqtidar bu statuslarda təhdid edilir ki, ən çox işlədilən söz isə, “sonuna az qalıb” ifadəsidir. Amma bunu yazanlar dağıtmaq istədiklərinin yerinə nəyi quracaqları ilə bağlı heç vaxt yazmırlar. Hər halda, rast gəlinməyib. Burada diqqəti cəlb edən bu tipli statuslara yazılan şərhlərdir. Bu şərhlərin heç birində əks fikirə rast gəlinmir. Əgər kimsə əks fikir yazarsa, dərhal bütün şərhçilər onun üstünə düşərək, satılmış, xain, hətta vətən xaini çıxarırlar. Belə statuslar ətrafında baş verən hücumlar, adətən, bu ifadələrlə müşahidə olunur: “nə qədər almısan “iqtidara işləyirsən?” Bu statuslarda və ona yazılan şərhlərdə iqtidara qarşı da kifayət qədər təhqirlər yağdırılır, bunun etik qaydalara və qanuna nə qədər zidd olmasına baxmayaraq.

İkincisi...

Təbliğat. Bura anti-təbliğatı da əlavə etmək olar. Təbliğatın “anti” forması isə yuxarıda dediyimiz kimi, hökumətə qarşı aparılır. “Antisiz” təbliğat isə hər bir partiya tərəfindən öz gücünü göstərmək üçün istifadə olunur. Misal üçün, kimin güclü olması haqda sorğular keçirir, sorğunu keçirən partiya özünü qalib elan edir və bunu yüksək səviyyədə tirajlayır. Burdan isə üçüncü kateqoriya yaranır. Yəni təhqir və söyüş.

Bu, adətən, belə baş verir: müxalifət düşərgəsi hər hansı məsələni müzakirə edir və məsələ ətrafında müəyyən polemikalarda qarşılıqlı ittihamlar da səslənir. Həmin axşam sosial şəbəkələrdə eyni məsələ müzakirəyə çıxarılır və artıq heç bir sərhəd gözləmədən gen-boluna söyüşlər, təhqirlərlə bəzədilmiş şərhlər yazılır. Bəzən içlərindən biri çıxıb da, hamını ədəbli olmağa dəvət etsə, ona verilən cavab “bəy, sən bir dəqiqə gözlə” olur və yenidən başlanır. Sonda hansı nəticənin əldə edildiyi məlum olmasa da, hər halda, tərəflər ürəklərini boşalda bilirlər.

Yəni kifayət qədər “kaloritli” söyüşləri izləmək mümkündür.

Müxalifətin sosial şəbəkələrə meylinin çox olmasına səbəblərdən biri də, burda kimi istəsən söyməyə imkanın olmasıdır və buna görə kimsə kimsəyə “gözün üstə qaşın” var demir.

Politoloq Qabil Hüseynli bildirir ki, siyasilərin virtual aləmə axışmasının bir neçə səbəbi var: “Birincisi, burda təbliğatın qurulması asan və maliyyə tələb etmir. İkincisi, burda yazılanlara görə məsuliyyət daşımırlar. Bundan başqa, virtual aləmə üstünlük vermək, real aləmdə zəifləməyin əlamətidir. Vaxtilə müxalifət, heç olmasa, mediada daha aktiv idi. İndi isə hər şeyi virtual aləmə transfer ediblər. Bu, internetin üstünlüyü baxımından yaxşı olsa da, siyasi cılızlaşma gedir ki, olduqca mənfi tendensiyadır”.

  • Yazılıb
  • da (də) 2014 Sep 18