Öz yaxınlarımıza bəslədiyimiz hörməti, hər bir azərbaycanlının ailəsinə sərgiləyirik
Arannews - 12 saylı cəzaçəkmə müəssisəsində məhbus olan AİP lideri
Mövsüm Səmədov son zamanlar cəmiyyətdə baş verən proseslərə öz mövqeyini
açıqlayıb.
Ailəsinin çatdırdığı məktubda deyilir:
“Allahın lütfü sayəsində matəm ayı olan Məhərrəm ayına qədəm qoymuşuq. Məhərrəmlik
ayı bəşəriyyətə başucalığı və insanlıq dərsi öyrədən ən ali bir məktəbdir. İmam
Hüseyn (ə) öz şəhadəti ilə möminlərin qəlbində heç zaman soyumayacaq bir hərarət
və istilik yaratmışdır ki, biz də hər bir müsəlmanın hiss etdiyi kimi, hər
zaman onun istiliyini duyur və gündəlik həyatımızda rastlaşdığımız soyuqluq və
sızaqlara qalib gəlmək üçün istifadə edirik.
Ümidvaram ki, xalqımız həmişə olduğu kimi, bu matəm ayını da elə qeyd edəcək
ki, Qiyamətdə Həzrət Rəsulallah (s) və onun ciyərparəsi olan Həzrət Zəhra (s.ə.)
qarşısına üzüağ və o günün iztirablı qəm-qüssəsindən uzaq olaraq çıxacağıq.
Bildiyimiz kimi keçən əsrin axırlarında Sovetlər İttifaqının
dağılmasından sonra digər xalqlar ilə bərabər bizim xalqımız da öz müstəqilliyini
əldə edə bilmişdir. Düzdür, böyük dövlətlərin əhatəsində qərar tapmış və dünya
sionizminin diqqət nəzərində olmaqla yanaşı öz istiqlaliyyətini yaşatmaq çox çətin
bir məsələ olsa da, xalqımızın dərin tarixini mütaliə etsək, onun övladlarının
öz azadlığı uğrunda yorulmaz mübarizə apardığını görərik.
Bu gün xalqımız müxtəlif növlü hücumlara məruz qalmağına baxmayaraq, əsrlər
boyu əcdadlarının əldə etdiyi dini və milli xüsusiyyətlərini qoruyub saxlayaraq,
bu günəcən yaşada bilmişdir, hərçənd ki, bu yol maneəsiz olmamışdır və bu dəyərlərin
bizə gəlib çatması üçün böyük fədakarlıqlar tələb olunmuşdur. O dəyərlər ki, hər
bir sağlam cəmiyyət onların üzərində formalaşır və onların süquta uğraması həmin
dövlətin daxilən çökməsilə nəticələnə bilir. Əgər hər bir müsəlman xalqı, pak əqidə
və milli dəyərlərə malik olmasa, həqiqətdə onun istiqlaliyyəti də mövcud ola
bilməz. Həmçinin, bu dəyərləri sırf maddiyyatla məhdudlaşdırmaq olmaz. Belə
olan təqdirdə, həmin millət cansız bir varlığa bənzəyər ki, maddiyyat olan
zaman var olar və əks təqdirdə onun mövcudluğu sual altında qərar tapar.
Düzdür, İslam mütəfəkkirləri maddiyatın olmasını bir zəruri vasitə kimi
hamılıqla qəbul etmişlər.
Bununla əlaqədar bu dəyərlərin cəmiyyətdə yaşanması onun övladlarının əzm
və iradəsinə bağlıdır. Həmin o kəslərə ki, cəmiyyətin ən ağır anlarında yanan
çırağa, ona pənah gətirə biləcək sarsılmaz bir dağa bənzəyirlər. Digər xalqlar
kimi, bizim xalqımız da belə bir övladlarına ümid bəsləmişdir. Onları İmam
Hüseynin (ə) Aşura məktəbindən dərs almış şəhid Seyyid Mübariz, şəhid Fərid
kimi Qarabağda döyüş bölgəsində gördüyümüz kimi, Abgül Süleymanov və Seyyid Fəramiz
kimi mənəvi dəyərlərin keşiyində də görürsünüz. Həmçinin, Hilal Məmmədov,
İntiqam Əliyev, Leyla və Arif Yunus kimi demokratiya və ədalətin cəmiyyətdə
yaşaması üçün özlərini hər növ xətərə salmağa hazır görürsən.
Cəmiyyətimizin ağır bir vaxtında təəssüflər olsun ki, yüzlərlə günahsız
insan öz əqidəsinə və ictimaiyyətdə baş verən müxtəlif növlü məsələlərə
iradlarını bildirdiklərinə görə haqsız yerə zindanlara salınıblar. Əgər biz öz
övladlarımızı dəstəkləmək əvəzinə Qərbin və sionizmin razılığını almaq üçün
müxtəlif təzyiqlərə məruz qoysaq, ölkənin Qarabağ kimi problemlərini kim aradan
qaldıracaq?
Xalqımızın yeraltı və yerüstü sərvətlərinə göz dikmiş qarətçilərin
qabağını kim alacaq?
Günbəgün siyasi və ictimai həyatımıza nüfuz edərək maraqlarına uyğun cəmiyyətimizi
öz iradəsinə tabe etmək istəyənləri kim ifşa edəcək?
Milli və mənəvi dəyərlərimizi hər gün öz hədəfində qərar verənləri kim
yerində oturdacaq?!
Bu gün Qərb dövlətlərinin Qarabağa olan münasibəti bunu bir daha sübut
edir.
Bu gün Fələstində baş verən faciələr
bizim xalqımızı da qəzəbləndirir. Məzlum Fələstin xalqının varlığını Qərb,
Amerika və ərəb dövlətlərinin boynuyoğun
rəhbərləri deyil, bu xalqın pak, mömin, mübariz oğulları öz mücahidlikləri ilə
sübut edirlər. Öz canını fəda edən Fələstin cavanı dünya sionizmini diz çökdürə
bilib. Onlar vətənpərvərlik ruhunu ilahi məktəb olan Aşura məktəbindən
qazanıblar. Həmin o məktəb ki, bu gün şəhid Hacı Vaqifləri, Hacı Taleləri,
Nicat Əliyevləri tərbiyə edərək bizim ictimaiyyətimizə təqdim etmişdir.
Bəziləri bizim çıxışlarımızda bir sıra mətləbləri siyasi ambisiyalardan
qıraq şəxsi məsələlərin təhlili kimi qiymətləndirir və ola bilsin ki, irad
tutur. Diqqət etmək laımdır ki, biz öz ətraf və yaxınlarımıza bəslədiyimiz hörmət
və ehtiramı bütün azərbaycanlıların ailəsinə də bəsləyir və sərgiləyirik. Amma
belə bir ürək açmayan hadisələrin baş verməməsi üçün lazım olmayan sözlərin
yayılmasına zəminə yaratmamalı və heç kimin əlinə belə bir fürsət verməməliyik.
Əgər bəzi məsələlərdə kiminsə yaxını və ailəsinə nisbət biz tərəfdən fikirlər səsləndirilibsə,
burada bizi yox, o mənbələri qınamaq lazımdır. Təəssüf edirəm ki, bir sıra
çıxışlarımda elə mənbələrə istinad etmişəm ki, sonradan onların etibarsızlığı məlum
olub. Mən heç vaxt töhmət əhli olmamışam və dinimiz də bizi bu işlərə təşviq
etməyib.
Bu haqsız həbslərə son qoyulmayınca cəmiyyətimizdə milli vəhdətin
yaranış zəminəsi təmin olunmayacaq və bu ardı-arası kəsilməyən həbslərlə biməliyik
ki, kimə arxa çevirir və kimi də şad edirik. Ağıllı insanlar tarixin dərslərindən
ibrət alırlar, nəinki özlərini həmin səhifənin məzəmmət olunmuş obrazlarından
birinə çevirirlər.
Biz bütün beynəlxalq təşkilatlardan və xüsusən Azərbaycanda olan müvafiq
orqanlardan tələb edirik ki, günahsız yerə həbs olunmuş insanların azadlığını təmin
etsin!”