Tarix : 2014 Sep 28
Kod 44133

Hicab qadağası ilə bağlı direktorların “düymə”sini kim basıb?

Məgər bu ölkənin təhsil sahəsində Mikayıl Cabbarovdan, göstəriş verməklə bağlı İlham Əliyevdən üstün kimsə vardırmı?

Arannews- Məgər bu ölkənin təhsil sahəsində Mikayıl Cabbarovdan, göstəriş verməklə bağlı İlham Əliyevdən üstün kimsə vardırmı?   

Yeni dərs ili başlar-başlamaz orta məktəblər və ali təhsil ocaqları ilə bağlı şikayətlərin ard-arası kəsilməyib. Təbii ki, sözügedən şikayətlər müxtəlif sahələri əhatə edir. Valideynlər xüsusilə məktəb ləvazimatları və formaların qiymətlərinin bahalağından, şagirdlərin çantasının ağırlığından, dərs yükünün kifayət qədər yüksək olması və digər məsələlərlə bağlı şikayətlər edirlər.   

Lakin sözügedən problemlərlə bağlı xüsusi bir məsələ vardır ki, 3 ildən çoxdur hansısa səbəblər üzündən həll edilmir. Söhbət orta məktəblərdə və bəzi ali təhsil ocaqlarında yaşanan hicab problemindən gedir. Təhsil Nazirliyi bunu məktəblərin üzərinə atır, məktəb direktorları isə nazirliyin üstünə. Yəni 3 ildir ki, günahsız məktəblilər nazirliklə məktəb direktorlarının ötür-ötür oyununun qurbanına  çevriliblər və hazırda da çevrilməkdədirlər. Artıq bu ötür-ötür oyununa görə bu günə qədər yüzlərlə hicablı tələbə təhsil hüququndan məhrum olaraq, ya evdə təhsil almaq məcburiyyətində qalıblar, ya da ki orta məktəbə getməkdən imtina ediblər.   

Xatırlatmaq üçün onu da qeyd edim ki, son 3 ildə süni şəkildə yaradılmış hicab problemi ölkənin müsəlman kəsimi tərəfindən böyük etirazla qarşılanıb və 100-ə yaxın inanclı sözügedən qadağaya etiraz etdiyinə görə həbsə atılıb. Həbs edilənlər arasında isə, ölkənin tanınmış ruhaniləri də var.   

Bu il də dərs ili başlar-başlamaz ilk hicab qadağası xəbəri Sumqayıt Dövlət Universitetindən gəldi. SDU-da yaşanan olay barəsində saytımızda məlumat vermişdik və istəyənlər oradan geniş məlumat ala bilərlər. Sadəcə universitetin rektoru ilə söhbət zamanı Nizami Namazov onun qarşısına qoyulan bütün qanuni arqumentlərə və prezident sözünə yalnız bir cavabı oldu - hicabla universitetə gəlmək olmaz və biz belə istəyirik. Orta məktəb direktorları arasında da özlərini prezidentdən və nazirdən üstün hesab edənlər də az olmadı. Şəhərin müxtəlif yerlərində yerləşən əksər məktəb direktorlarının şagirdləri hicabla məktəbə gəlməyə qoymadığının şahidi olduq. Buna Bakıda, Xızıda, Sumqayıtda və digər yerlərdə yerləşən məktəbləri misal çəkmək olar.   

Bu yaxınlarda islam-azeri saytının əməkdaşının Təhsil Nazirliyinin məsul şəxsləri ilə söhbətinin audio yazısına qulaq asdım. 5 hissədən ibarət olan audio yazıda nazirlik rəsmisi hicab qadağasına dair elə 5 cür cavab verib.   

1)Orta məktəblərdəki hicab qadağası Təhsil Nazirliyi tərəfindən götürülüb.

2)Məktəblilələrin hicabla məktəbə gətirilməsi qadağandır.

3)Hər bir məktəbin geyim forması var və həmin formaya baş bağlamaq daxil deyil. Buna yalnız məktəb direktorları icazə verə bilərlər. Təhsil Nazirliyi hicabla məktəbə gəlməyə heç bir qadağa qoymayıb.

4)Orta məktəbə hicabla getməklə bağlı qanun yoxdur. Ümumilikdə hicabla məktəbə getmək olmaz. Əgər məktəblərdə hicablı şagird valideynləri hər hansı bir problemlə üzləşərlərsə  bununla bağlı nazirliyə zəng vurub məlumatlandırsınlar və biz problemləri yoluna qoymağa çalışacağıq.

5)Qanunla hicaba icazə verilmir. Amma Təhsil Nazirliyinin belə bir qadağası yoxdur.   

Sadəcə problemlə bağlı bu qədər faktı təqdim etməkdə məqsədim var. Yəni bu ölkədə hicabı kim qadağan edib? Əgər qadağa ilə bağlı nazirlik və direktorlar məsuliyyəti üzərindən atırsa və bütün bunların fonunda ölkənin ən yüksək rəsmisi İlham Əliyev Azərbaycanda hicab qadağasının olmadığını deyirsə, bəs onda günahsız hicablı şagirdlərin təhsil taleyi ilə kim oynayır? Görəsən əhalisinin 90%-dən çoxu müsəlman olan xalqın dini heysiyyatı ilə oynayan kimdir? Nizami Namazov kimi prorektorların, Zemfira Səmədova kimi məktəb direktorlarının “düyməsi” haradan basılıb? Yəni bu ölkənin təhsil sahəsində Mikayıl Cabbarovdan, göstəriş verməklə bağlı İlham Əliyevdən üstün kimsə vardırmı? Düzünü desəm neçə gündür bu qadağanın mənbəyi məni düşündürür. Cavabı tapsam çox sevinərdim.   

Bütün bunların fonunda onu da qeyd edim ki, sözügedən universitet rəhbərliklərinin və məktəb direktorlarının bu cür özbaşınalığı və ötür-ötür oyununun geniş rəvac almasının günahkarlarından biri də hicablı şagirdlərin valideynləridir. Səbəb isə övladlarının təhsil hüquqi ilə bağlı qanuni tədbirlər görməməsidir. Məgər nəyə görə, bu günə qədər bir dənə də olsun valideyn hicaba görə övladını təhsil hüququndan məhrum edən direktoru və ya rektoru məhkəməyə verməyib? Halbuki bütün qanuni tələblərin hamısı valideynlərin tərəfindədir. Ən azından 3 il ərzində 20 məktəb direktoru məhkəməyə verilməklə yanaşı medianın gündəminə gətirilsə idi, sizcə bu məsələ digər direktorla yanaşı, onların “düymə”lərini basanlarına dərs olmazdımı?   

Sonda onu qeyd edim ki, baş verənlərə əsasən demək olar ki, ya bu ölkənin yiyəsi yoxdur ya da ki, yiyələri ölkədən nələrin baş verməsindən xəbərsizdirlər.”/azadxəbər/

  • Yazılıb
  • da (də) 2014 Sep 28