Tarix : 2014 Sep 23
Kod 44059

siyasətçilər arasinda prezident olmağ qalmaqali

Kimi siyasətdən, kimi həyatdan gedib...

Arannews- Azərbaycanda növbəti prezident seçkiləri haqda danışmaq hələ çox tezdir. Bunun üçün 2018-ci ili gözləməliyik. Amma prezident seçkilərindən söz düşəndə istər-istəməz vaxtilə bu marafona qoşulmuş eks-namizədlər də xatırlanır. Müstəqil Azərbaycan Respublikası indiyə kimi 7 dəfə prezident seçkiləri görüb. Bu seçkilərdə müxtəlif siyasi qurumları təmsil etmiş xeyli namizəd iştirak edib. Bəs onlar hardadır, nə işlə məşğuldurlar, kimlər həyatdan köçüb, kimlər siyasətdən çəkilib? Azərbaycanda keçirilmiş seçkilərin prezidentliyə eks-namizədlər haqqında araşdırmanı diqqətinizə çatdırırıq. Müstəqil Azərbaycanda ilk prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə yeganə namizəd o zaman Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov olub və səslərin 98,5%-nin qazanmaqla ilk prezident kimi Azərbaycan tarixinə düşüb. Doğrudur, o zaman indi politoloq kimi fəaliyyət göstərən Zərdüşt Əlizadə A.Mütəllibova alternativ olaraq namizədliyini irəli sürmüşdü. Amma o, seçkiyə az qalmış namizədliyini geri götürərək, marafonda sona kimi iştirak etmədi.

1992-ci ilin martında Xocalı soyqırımının doğurduğu kütləvi etirazların və mitinqlərin qarşısında geri çəkilən prezident Ayaz Mütəllibov istefa verdiyini bəyan etdi. Az sonra - mayın 14-də eks-prezident Mütəllibov yenidən vəzifəsinə qayıtdığını elan etsə də, növbəti kütləvi etirazlardan sonra vəzifəsini və ölkəni tərk etməyə məcbur oldu. Nəticədə 3 həftə sonra - 1992-ci il iyunun 7-də Azərbaycanda 2-ci dəfə prezident seçkiləri keçirildi. Bu seçkidə 5 namizəd iştirak edirdi. Azərbaycan Xalq Cəbhəsininn sədri Əbülfəz Elçibəy, Azərbaycan Demokratik Ziyalılar İttifaqının namizədi Nizami Süleymanov, müstəqil namizəd Yaqub Məmmədov, "Azərbaycanda Demokratik İslahatlar uğrunda" ictimai hərəkatın namizədi İlyas İsmayılov, Azərbaycan Xalq - Demokrat Qrupundan Rafiq Turabxanoğlu. Bu seçkidə Əbülfəz Elçibəy 59.4% səslə Azərbaycanın ikinci prezidenti oldu. Həmin seçkilərin prezidentliyə eks-namizədlərindən olan texnika elmləri doktoru Nizami Süleymanov hazırda Milli Elmlər Akademiyasının müxbir üzvüdür. N.Süleymanov AMEA XKTMB - "Kristal”ın direktoru vəzifəsini də tutur. O, bir müddət Müstəqil Azərbaycan Partiyasının sədri kimi aktiv siyasi fəaliyyət göstərməyə çalışsa da, siyasət meydanında sözünü deyə bilmədi. Yəqin elə buna görə də siyasətdən çəkildi. Digər eks-namizəd, tibb elmləri doktoru Yaqub Məmmədov da hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Bununla yanaşı, Y.Məmmədov Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının professorudur. Vaxtilə aktiv siyasətdə olmuş, bir müddət Ali Sovetə sədrlik etmiş eks-deputat Yaqub Məmmədov da hazırda aktiv siyasətlə məşğul deyil. İlyas İsmayılov isə aktiv siyasətin içindədir. Hazırda Ədalət Partiyasına sədrlik edən İ.İsmayılov həm də Milli Məclisin deputatıdır. Rafiq Turabxanoğlu Azərbaycan Xalq Demokratik Partiyasının başqanı olsa da, onu fəal siyasətçi kimi xarakterizə edə bilmərik. Demək olar ki, ortalarda yoxdur. Özünün dediyinə görə, 2013-cü ilin yanvar ayından bir təqaüdçü olaraq Turan Mənəvi Dövlətinin yaradılmasına çalışır. Onun tez-tez Azərbaycandan Orta Asiyaya gedib-gəldiyi deyilir. 3-cü prezident seçkilərinin keçirilməsi də Azərbaycandakı siyasi gərginliyin nəticəsi kimi baş verdi. 4 iyun Gəncə qiyamından sonra prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi, nəticədə faktiki hakimiyyətini itirdi. 1993-cü ilin oktyabr ayına təyin olunan prezident seçkilərinə 3 namizəd qatıldı - Yeni Azərbaycan partiyasının sədri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edənHeydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen Zakir Tağıyev. 1993-cü il, oktyabrın 3-də keçirilən seçki Heydər Əliyevin tam üstünlüyü ilə başa çatdı. O, seçicilərin 98,8%-nin səsini qazanaraq 3-cü prezident kimi tarixə düşdü. Seçkinin eks-namizədi, sonralar Vahid Azərbaycan Partiyasına sədrlik etmiş Karrar Əbilov bir neçə il öncə dünyasını dəyişib. Zakir Tağıyev 90-cı illərin əvvələrində Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, “Təranə” Holdinqin prezidenti olaraq iş adamı kimi tanınmışdı. “Milyoner Zakir” ləqəbi qazanmış Tağıyev siyasətə atılsa da, bu sahədə möhkəmlənə bilməyərək çəkilib getdi. Hazırda biznes sahəsində çalışır.

1998-ci ildə Azərbaycanda sayca 4-cü prezident seçkiləri keçirildi. Həmin il oktyabrın 11-də keçirilən seçkilərdə 6 namizəd mübarizə aparırdı. YAP sədri Heydər Əliyev, Milli İstiqlal partiyasının sədri Etibar Məmmədov, Müstəqil Azərbaycan Partiyasının sədri, akademik Nizami Süleymanov, Azərbaycan Kommunist Partiyasının sədri Firudin Həsənov, Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev və Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı. Bu seçkidə Heydər Əliyevin 2-ci müddətə prezident seçildi. 11,84% səslə ikinci yeri tutan AMİP sədri Etibar Məmmədov bu gün artıq bir zamanların aktiv siyasətçisi kimi xatırlanır. AMİP lideri kimi təqdim olunan Etibar Məmmədov siyasətdən getdiyini bəyan edib. Nizami Süleymanovun hazırda harada olduğunu yuxarıda qeyd etmişik. Firudin Həsənov siyasətdən tamamilə çəkilən eks-namizədlərdəndir. Kommunist Partiyasının keçmiş sədri hazırda pedaqoji fəaliyyətlə məşğuldur. Modern.az saytına məlum olub ki, o, hazırda “Odlar Yurdu” Universitetində dərs deyir. Hamının mübariz insan kimi xatırladığı Əşrəf Mehdiyev bu gün həyatda yoxdur. O, bir neçə il öncə vəfat edib. Qeyrət Partiyasının isə səsi-sorağı yoxdur. Bu seçkinin eks-namizədlərindən yalnız Xanhüseyn Kazımlı siyasətdə - ortalıqdadır. Doğrudur, Sosial Rifah Partiyasının sədrini aktiv siyasətçi kimi xarakterizə etmək olmaz. Amma Milli Məclisin deputatı olan X.Kazımlı ara-sıra bəzi açıqlamaları ilə mediada görünür.

Azərbaycanda 5-ci prezident seçkiləri 2003-cü il oktyabrın 15-də keçirildi. Bu, əvvəlki seçkilərdən xüsusi gərginliyi ilə yadda qalan hadisə oldu. Seçkidə 8 namizəd iştirak edirdi: YAP-ın namizədi İlham Əliyev, Bizim Azərbaycan Blokunun namizədi, Müsavat başqanı İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Blokunun namizədi, Liberal Partiyanın sədri Lalə-Şövkət Hacıyeva, AMİP sədri Etibar Məmmədov, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev. Seçkilərin nəticələrinə görə, İlham Əliyev 76,84% səslə qalib gələrək Azərbaycanın növbəti prezidenti oldu. İkinci yeri tutmuş İsa Qəmbər bu gün də aktiv siyasi fəaliyyətlə məşğuldur. İsa Qəmbər Müsavat başqanlığından getməyə hazırlaşsa da, partiyası növbəti prezident seçkilərində məhz onu özünün namizədi kimi görür. Etibar Məmmədov qeyd etdiyimiz kimi aktiv siyasi preseslərdən geri çəkilib. Liberal Partiyanın sədri postundan çoxdan istefa vermiş Lalə-Şövkət Hacıyeva da demək olar ki, fəal siyasətçi deyil, ortalıqda görünməyən Lalə xanım mətbuatla da təmasları kəsib. İlyas İsmayılov Milli Məclisin deputatı olaraq siyasətin içində qalır. Eks-namizəd Sabir Rüstəmxanlı da parlament üzvüdür. Amma o, gələn il siyasətdən gedəcəyini, deputatlığa namizədliyini verməyəcəyini bəyan edib. Deməli, həm də bundan sonrakı prezident seçkilərinə də qatılmayacaq. BAXCP sədri Qüdrət Həsənquliyev Milli Məclisin fəal deputatlarından biri olaraq tanınır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə tez-tez müxalif düşərgənin liderləri haqqında “səs-küylü” bəyanatları və bəzən də qeyri-ciddi açıqlamaları ilə siyasi gündəmdə qalmağa çalışır. Azərbaycanda sayca 6-cı prezident seçkirləri 2008-ci il oktyabrın 15-də keçirildi. Aparıcı müxalifət qüvvələri seçkini boykot etdi. Bu dəfə İlham Əlivevin rəqiblərinin sayı 6 nəfər idi.

Bunlar Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev. Eks-namizədlər Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə hazırda Milli Məclisin deputatları olaraq fəali siyasətlə məşğuldurlar. Hafiz Hacıyevdən yuxarıda bəhs etmişik. Qulamhüseyn Əlibəyli və Fuad Əliyev isəbu gün zəif partiyaların sədrləri olaraq siyasət meydanında zəif siyasətçilər hesab olunurlar.

Nəhayət 7-ci prezident seçkiləri ötən ilin oktyabrında keçirildi. YAP-ın namizədi 3-cü dəfə ölkə prezidenti seçildi. Onun əsas rəqibi, eks-namizəd Cəmil Həsənli bu gün bəzi siyasi qüvvələrin birləşdiyi Milli Şuranın sədridir. Digər eks-namizədlər Qüdrət Həsənquliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyevin əlavə təqdimata ehtiyacı yoxdur. O ki qaldı deputat Zahid Oruc, ADP sədri Sərdar Cəlaloğlu, ASDP sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə, onların hamısı hazırda siyasətlə məşğuldurlar.

  • Yazılıb
  • da (də) 2014 Sep 23