Tarix : 2014 Sep 15
Kod 43975

Təbriz Universitetinin professoru: Azərbaycan Respublikasındakı son tədbirlər İranla əlaqələrin genişlənməsinə müsbət təsir göstərməyəcək

Əgər Bakı anti-İran tədbirlərini davam etdirsə, Azərbaycanın əsil tarixi və kimliyinin müdafiəsi üçün elmi konfranslar keçirəcəyik!
ARAN İnformasiya Agentliyi / İran bölməsi
Arannews İnformasiya Agentliyi Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutunun veb-saytına istinadən bildirir ki, bu institutun rəisi doktor Əli Pərğu "İslam İnqilabında Azərbaycanın rolu" konfransı ərəfəsində İran-Azərbaycan əlaqələrinin genişlənməsi zərurətini vurğulayıb. Təbriz Universitetində keçirilən tədbir arası doktor Əli Pərğu Azərbaycan Respublikasının bəzi addımlarını tənqid edib. Alim anti-İran qurum kimi tanınan Dünya Azərbaycanlıları Konqresinin 17 şəhrivərdə (şəmsi 1393) Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi konfrans barədə deyib: "Mən bir elm adamı olaraq Azərbaycanla bağlı məsələlərə maraqlıyam. Bu konfransda millətçilərin çıxışlarını nəzərdən keçirdim. Heç bir təəssübsüz deyirəm ki, bu çıxışlarda elmi və tarixi əsası olan söz tapmadım. Bu konfransda deyilənlər insan düşüncəsinin təhqirindən başqa bir şey deyildi."
Doktor Pərğu İsrail hərb nazirinin Bakıya yarıgizli səfərinin bu konfransla eyni vaxta düşməsini yada salaraq deyib: "Son aylar İran-Azərbaycan münasibətləri genişləndiyindən sionist rejim bu rabitəni pozmaq üçün bütün vasitələrə əl atıb. İsrailə məxsus pilotsuz təyyarənin Naxçıvan Muxtar Respublikası ərazisindən qalxması və İran fəzasında süqutu, DAK-ın konfransı, sionist rejimin hərb nazirinin Bakıya səfəri bu istiqamətdə atılmış addımlardandır."
Doktor Pərğu Azərbaycan rəsmilərinin əlaqələrin genişləndirilməsi barədə bəyanatlarına işarə ilə deyib: "Belə bəyanatlar yaxşıdır. Amma sözlə iş arasında uyğunluq olmalıdır. Hazırda belə bir uyğunluq görmürük. Azərbaycan dövlətinin anti-İran tədbirə dövlət mərkəzində yer verməsi, parlament nümayəndəsi göndərməsi, sionist rejimin hərb nazirinin bu ölkəyə səfəri iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyindən danışmır."
Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutunun rəisi yaxın keçmişdə Təbrizdə olmuş azərbaycanlı alimlərlə söhbəti barədə deyib: "Ümid edirik ki, azərbaycanlı alimlər millətçi fərd və qurumların gərginlik yaratmasına imkan verməyəcək, İran-Azərbaycan dostluğunu istəməyənlərin qeyri-elmi bəyanatlarının cavabı veriləcək. "
Doktor Pərğu bildirib ki, iki ölkə arasında dostluğu istəməyən bu fərdlər ilin sonuna qədər bir-neçə tədbir keçirməyi planlaşdırır. Alim qeyd edib ki, biz iki ölkə arasında xoş münasibətlərin tərəfdarıyıq, amma anti-İran tədbirlər davam etdirilsə Azərbaycanın əsil tarixi və kimliyinin müdafiəsi üçün elmi konfranslar keçirəcəyik! Bu tarix və kimlik isə İran və İslam əsillidir.
Qeyd edək ki, "İslam İnqilabında Azərbaycanın rolu" konfransı 1393-cü il, 26 bəhməndə Təbriz Universitetinin Vəhdət salonunda keçiriləcək.

  • Yazılıb
  • da (də) 2014 Sep 15