Tarix : 2014 Jul 22
Kod 43514

QAT Qüds Günü ilə bağlı bəyanat verdi

işğalçı İsraili cəzalandırmalıdır

Arannews -  Qarabağ Azadlıq Təşkilatı İsrail rejiminin Qəzza bölgəsində fələstinlilərə qarşı cinayətkar hərəkətlərini qətiyyətlə pisləyir. Bu hərəkətlər təkcə fələstinlilərə qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı cinayətdir.

İsrail rejiminin bu işğalçı, antiinsani hərəkətlərinə son qoyulmalıdır. Onlar bu cinayətlərə görə cavab verməlidirlər. Bu haqsızlıq, qətllər nə qədər davam edəcək?! Dünya birliyi, beynəlxalq təşkilatlar nə üçün işğalçı İsrail rejiminin cilovlanması üçün heç nə etmir?! Öldürülən uşaqların, qadınların faciəsinə nə üçün heç kəs reaksiya vermir?! Biz dünya birliyindən, beynəlxalq təşkilatlardan Qəzza bölgəsində baş verən fəlakətə, İsrailin antibəşəri hərəkətlərinə dərhal reaksiya verməyi tələb edirik. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar dərhal hərbi əməliyatların dayandırılmasına nail olmalı, işğalçı İsraili cəzalandırmalıdır.

Biz hesab edirik ki, bütün İslam dünyası bu məsələdə bir araya gəlməli, birgə fəaliyyət göstərməlidir. Beynəlxalq Qüds Günü ərəfəsində bu birlik daha vacib və əhəmiyyətlidir. Bu hadisələr Beynəlxalq Qüds Gününün vacibliyini bir daha gündəmə gətirir. İslam dünyasının birliyi, vəhdəti olmadan problemlərimiz, o cümlədən, Fələstin, Qarabağ, Kəşmir, Kipr və digər problemlər öz həllini tapmayacaq.

Biz bir daha dünya birliyini işğalçılığa, terrorizmə, cinayətlərə qarşı ədalətli və sərt mövqe tutmağa, İsrail, Ermənistan kimi işğalçı dövlətlərin cinayətlərinə adekvat qiymət verməyə, cinayətkarları cəzalandırmağa çağırırıq.

  • Yazılıb
  • da (də) 2014 Jul 22