Tarix : 2014 Apr 10
Kod 42480

Azərbaycan prezidenti İslam İnqilabının Böyük Rəhbərinin qəbulunda olub

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Ciddilik və siyasi iradə ilə İran və Azərbaycanın müştərək mənafeyinin düşmənlərinin təxribatçılığına qalib gəlmək lazımdır

Arannews-İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün günortadan sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevi qəbulu zamanı iki ölkə arasındakı qonşuluq, dini, mədəni və tarixi bağlılıqları iki dövlətin münasibətlərinin möhkəmlənməsində önəmli amil adlandırıb və təkid ediblər: Siyasi iradə və ciddiliklə anlaşmalar izlənilməli və təxribatçılıqlara qalib gəlmək lazımdır və iki xalq və iki dövlət arasında əlaqələr günü-gündən daha da möhkəmlənməlidir .

Həzrət Ayətullahülüzma Xamenei xalqların əlaqələri və onların məzhəbi inanclarının möhkəmlənməsini dövlətlərin uğuruna zamin adlandırıb və əlavə ediblər: Bəzi cərəyanların dini ifratçılığı genişləndirməklə və islam məzhəbləri arasında ixtilaf yaratmaqla milli vəhdəti məhv etmələrinə icazə verilməməlidir .

İran və Azərbaycan Respublikası prezidentləri arasında aparılan müzakirələr və imzalanan anlaşmalar, eləcə də müştərək iqtisadi komissiyanın təşkil olunmasını münasib adlandıran İnqilab Rəhbəri xatırladıblar: İki ölkənin hazırkı mübadilələrinin səviyyəsi tərəflərin geniş potensial və imkanları ilə müqayisədə çox aşağıdır və ümidvarıq ki, bu səfər iqtisadi və regional əməkdaşlıqların genişlənməsinin başlanğıcı olacaqdır .

İslam İnqilabının Böyük Rəhbəri münasibətlərin genişlənməsinin iki tərəfin ciddiliyi və siyasi iradəsini tələb etdiyini bildirərək əlavə ediblər: Əlbəttə bəzi tərəflər, o cümlədən sionist rejim İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm münasibətlərə sevinmirlər və daim bu istiqamətə xələl törədirlər. Lakin ciddilik və siyasi iradə ilə bu təxribatçılıqlara qalib gəlmək olar .

İİR prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev İrana səfərindən razı qaldığını bildirərək qarşılıqlı müzakirələrin atmosferini müsbət qiymətləndirib və deyib: İran və Azərbaycan müştərək iqtisadi komissiyasının fəaliyyəti bu gündən başlayır və bu səfər əlaqələrin bütün sahələrdə o cümlədən sənaye, ticarət, yol və nəqliyyat eləcədə turizm sahələrində daha da inkişaf etdirilməsi üçün bir təməl olacaqdır .

Azərbaycan Respublikası prezidenti dini ifratçılığın hər iki ölkəni nigaran edən amillərdən olduğunu bildirib və İran və Azərbaycan xalqları arasındakı tarixi və mədəni kökləri vurğulayaraq deyib: Azərbaycan İranla əlaqələrin inkişafı üçün ciddi və qətiyyətli iradəyə malikdir .

Azərbaycan Respublikasının prezidenti həmçinin İslam İnqilabının böyük rəhbərinin müdrik istiqamətləndirmələri nəticəsində İran İslam Respublikasının region və dünya səviyyəsində müstəqil siyasətlərini nümunəvi hesab edərək deyib: İranın gücünü öz gücümüz hesab edirik və iki ölkə arasında möhkəm bağlılıqlar başqalarına bizim əlaqələrə mənfi təsir imkanı verməyəcəkdir .


  • Yazılıb
  • da (də) 2014 Apr 10