Tarix : 2015 Sep 27
Kod 46509

Müsəlmanların səbir kasası dolub; Səudilər nə edirlər?

Səudiyyə Ərəbistanının rəsmiləri, təhlükəsizlik aparatı və idarələrinin öz bacarıqsızlıq və kifayətsizliklərini gizlətmək üçün hacıları nadanlıq və intizamsızlıqda ittiham etmələri və nəticədə onları faciənin məsulu adlandırmaqları faciənin özündən də ağır bir təhqirdir.

Arannews- Jurnalist və "Rəy əl-yovm" internet qəzetinin baş redaktoru Əbdulbari Ətvan mindən çox hacının ürəkyandıran ölümü hadisəsinə toxunaraq belə bir hadisənin baş verməsini Səudiyyə Ərəbistanının məsullarının həcc mərasimi idarə etməkdə bacarıqsızlığı adlandırıb və mərasimin keçirilməsində məsuliyyəti olan bütün məsulların cəzalandırılmasını tələb edib.

Əbdulbari Ətvan Mina hadisələri barədə öz qeydlərində yazıb: "Məkkədə iri qaldırıcı kranın hacıların üstünə aşması faciəsi və 110 nəfərin həlak olmasından iki həftə sonra bu günləri ondan daha ağır faciə baş verdi və  800 nəfərə yaxın hacı (bu qeyd yazılana qədər) Rəmy-cəmərat məntəqəsində həyatını itirdi və yüzlərlə insan yaralandı. Biz Allahın iradəsinə, qəza-qədərə inanırıq. Lakin buna da inanırıq ki, belə faciələrin təkrar olması həcc mərasiminin təşkilini öhdəsinə almış səudilərin ən yüksək çinli rəsmisindən tutmuş sıravi əsgərinə qədər hamısının bacarıqsızlığına aydın sübutdur.

Səudiyyə Ərəbistanının rəsmiləri, təhlükəsizlik aparatı və idarələrinin öz bacarıqsızlıq və kifayətsizliklərini gizlətmək üçün hacıları nadanlıq və intizamsızlıqda ittiham etmələri və nəticədə onları faciənin məsulu adlandırmaqları faciənin özündən də ağır bir təhqirdir. Bu bəhanələr səbəb olmuşdur ki, (səudi məsullarının) əhəmiyyətsizlik və vicdansızlıq üzündən son bir neçə ildə belə hadisələr təkrar-təkrar baş verir və minlərlə müdafisiz ziyarətçi həyatını itirir.

Həcc mərasiminin təşkili mövsümü hacılar və onların ailələri üçün narahatlığa çevrilmişdir. Onlar belə faciələrin baş verməsindən qorxurlar. Çünki hacıların həcc mərasimindən sonra öz ailələrinin yanına qayıda bilmələri üçün heç bir təzminat yoxdur.

9 il bundan qabaq 2006-cı ildə Həcc ziyarəti zamanı şeytanın daşlanması mərasimində yaranmış izdiham və uçqun 346 nəfərin ölümünə səbəb oldu. Bu hadisədən sonra dedilər ki, problem neçə təbəqəli körpülərin tikilməsi ilə aradan qaldırıldı. Lakin son faciə bir daha sübut etdi ki, problem körpülərin olub-olmamasında yox, idarəçiliyin zəifliyində və icra proqramlarının olmamasındadır. Əlbəttə, biz burada yanğının baş verməsindən, xəstəliklərin yayılmasından və xidmətin olmamasından söz açmağa macal tapmırıq.

Ərəbistan dövləti elan etdi ki, terror hadisələri qarşısında hacıların təhlükəsizliyini təmin etmək üçün min əsgər və on minlərlə şəhər müdafiə qüvvəsi (yanğın söndürən) toplanmışdır. Lakin bu gün hacılar səudilərin bacarıqsızlığı, diqqətsizliyi və icra proqramlarının olmaması üzündən terror hərəkətindən də ağır bir faciə ilə qarşılaşdı.

Televiziya kanalları və sosial şəbəkələr vasitəsilə səudi rəsmilərinin təqdim etdiyi bəhanələr bir əsas məsələ barəsindədir və o məsələ budur ki, Səudiyyə Ərəbistanı 2 milyondan yuxarı hacının izdihamı və onların eyni zamanda Cəmərata daxil olmasının idarə olunmasında lazımi təcrübəyə malik deyil. Bu bəhanələr qəbuledilməzdir və qane edici deyil. Ərəbistan 80 il Həcc mərasiminə nəzrət etdikdən sonra cəmiyyətin izdihamını idarə etməyə lazımi təcrübəsi yoxdursa, kimin belə təcrübəsi olmalıdır? Əgər deyilənlər doğrudursa, bəs onda nə üçün bu işdə müsəlman və qeyri-müsəlman mütəxəssislərdən kömək almayıblar? Halbuki, hərbisinin müxtəlif sahələri onlardan (xarici ölkələrin mütəxəssislərindən) təşkil olunub. Üstəlik, Səudiyyə Ərəbistanının verdiyi rəsmi statistikaya görə, hacılar və müqəddəs məkanların ziyarətçiləri hər il 8,5 milyard bu ölkənin büdcəsinə pul ödəyirlər.

Dünyanın hər yerində idman müsabiqələri, festivallar, dini və mədəni konfranslar baş tutur və bu proqramların 100 minlərlə tərəfdarı eyni zamanda stadion və salonlara daxil olur və eyni zamanda da o məkanı tərk edirlər. Amma nadir hallar müstəsna olmaqla heç vaxt belə xoşagəlməz hadisə baş vermir. Bəs onda niyə belə idman yarışlarını və mərasimləri təşkil edənlərdən kömək almırlar? Ərəbistanın məsulları və mühəndisləri nə üçün belə biliyə yiyələnmək üçün ölkədən xaricə ezam olunmurlar? Minlərlə ərəbistanlı gənc belə proqramları öyrənmək üçün bacarıqlı və istedadlıdır.

Ona görə də bu sualın cavabı əhəmiyyətsizlik, diqqətsizlik, ağıllı idarəçiliyin olmaması, proqramsızlıq, bacarıqsızlıq və inkara söykənməklə belə hadisələri unutmaqdadır. Çünki Həcc mərasiminin təşkilini öhdəsinə almış məsullar adətən, birbaşa, yaxud qeyri-birbaşa olaraq hakim ailədəndir.

Biz hadisənin bütün qurbanlarına Allahdan rəhmət diləyir və onların hamısını şəhid bilirik. Amma bir ərəb və müsəlman olaraq bu faciəli hadisənin məsullarına – hansı vəzifədə olmalarından asılı olmayaraq – güzəşt edə bilmərik. Ona görə də biz hadisənin aydınlaşması üçün onun aspektlərinin ciddi, elmi və şəffaf surətdə araşdırılmasını və səlahiyyətli məsullarını hamısının cəzalandırılmasını tələb edirik. Artıq bizim və müsəlmanlarının çoxunun səbir kasası dolmuşdur. Bu hadisələrə son qoyulmalıdır, Həcc mərasiminin keçirildiyi məkan təhlükəsiz məkana çevrilməlidir ".

  • Yazılıb
  • da (də) 2015 Sep 27