Tarix : 2015 May 18
Kod 45914

Azərbaycan Respublikasında milli azlıqların vəziyyəti Avropa Parlamentində - Təhlil

Avropa Parlamenti Azərbaycan Respublikasında talış və ləzğilərin hüquqları mövzusunda bir iclas təşkil edib.

AranNews- Bakıda çıxan Olaylar qəzetinin yazdığına görə, bu iclasda Azərbaycan Respublikasında milli azlıqların hüquqları ilə bağlı boşluqların olduğu iddia olunub və bu sahədə Azərbaycan dövləti ilə Avropa Birliyi arasında əməkdaşlıqların edilməsi istənilib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü və Parlamentin xarici əlaqələr komissiyasının sədri Rasim Musabəyov Avropa Birliyinin bu iclasına reaksiya olaraq, onu az əhəmiyyətli məsələ adlandırıb.
Amma, analitiklər Avropa Parlamentinin Azərbaycanda milli azlqların hüquqları məsələsini gündəmə gətirməsini bir növ Azərbaycan hökumətinə təzyiq göstərmək üçün atılan addım kimi dəyərləndirirlər.
Azərbaycan Respublikası müxtəlif milli azlıqlara malik olan ölkələrdən sayılır. Talışlar, ləzgilər, avarlar və tatlar Azərbaycanda yaşayan ən mühüm milli azlıqlar sayılırlar. 1991 -ci ildə Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu respublikada yaşayan milli azlıqlar öz narazılıqlarını müxtəlif formalarda bəyan etməyə başladılar. Talışlar, ləzgilər və avarlar üzləşdikləri problemlərə etiraz səslərini yüksəltməyə başladılar. Milli azlıqlar Azərbaycan dövlətinin milli azlıqların işlə təmin edilməsi, təhsil və hətta səhiyyə problemlərinə laqeyd münasibət bəslədiyini deyirlər. Aparılan araşdırmalar müstəqillik illərində milli azlıqların dövlət işlərinə cəzb olunması məsələsində bəzi məhdudiyyətlərin yaradıldığını deməyə əsas verir. Buna baxmayaraq Azərbaycan Respublikası dövləti ölkədə milli azlıqlarla bağlı problemlərin miqyasını azaltmağa çalışaraq, bundan qaynaqlanan narahatlıqları minimum həddə endirməyə çalışır.
Bu arada milli azlıqlar rəsmi statistikalarda saylarının az göstərilməsinə də etiraz edirlər. Belə ki, rəsmi statistikalarda sayı 300 min elan olunan talışlar Azərbaycanda yaşayan talışların ümumi sayının 1 milyondan artıq olduğunu bildirirlər.
Avropa Parlamenti isə milli azlıqların hüquqlarını müdafiə adı altında Azərbaycan dövlətinə təzyiqlər göstərmək və bu ölkədən bəzi imtiyazlar almaq ardıncadır. Aydın məsələdir ki, Avropa qurumlarını milli azlıqların hüquqlarından daha çox onların öz çıxarları və mənafeləri maraqlandırır. Buna görə də Avropa qurumları Azərbaycan dövlətinin zəif nöqtələrini aşkar etmək və onların üzərində manevr etməklə öz istəklərinə nail olmağa çalışırlar. Aydın məsələdir ki, cari ildə 1 -ci Avropa Oyunlarının Bakıda keçirilməsini nəzərə alaraq, Avropa qurumlarının Azərbaycan dövlətinə qarşı müxtəlif bəhanələrlə təzyiqləri də xeyli artıb. Bu yolla Avropa qurumları çalışırlar ki, Azərbaycan dövlətini belə bir həssas məqamda çətin vəziyyətdə qoyaraq, Bakıdan əlavə imtiyazlar alsınlar. Siyasi məhbuslar, insan haqları və demokratiya kimi məsələlərdən də bir növ təzyiq vasitəsi kimi istifadə edən Avropa Birliyi bu dəfə yaranmış fürsətdən sui-istifadə edərək, milli azlıqlar məsələsindən öz xeyrinə yararlanmağa çalışır.

 

  • Yazılıb
  • da (də) 2015 May 18