Tarix : 2015 May 16
Kod 45904

Biz pulumuzu o qədər çoxaldacağıq ki, heç müharibəyə də ehtiyac qalmayacaq

Avropa Oyunlarına gerçəkdən “cəmi bir neçə yüz milyon pul xərclənibsə”, ölkənin ən ucqarlarınadək sürən, obalardan quzu yığmağadək gedib çıxan soyğunçuluq nə deməkdir? Azərbaycan gerçəkdən balaca ölkədir, burada ən ucqarlarda belə, nə baş verdiyini hamı bilir…

AranNews- Burada Azərbaycan gəncliyini- Azərbaycanın gələcəyini yoxsulluq içində boğanlar Avropada qaldıqları çox-çox bahalı hotellərdən tutmuş Vatikana, Luvr muzeyinə, Petka kilsəsinədək milyonlar səpələyirlər.
Açıq soyğunçuluğa keçiblər. Ölkənin bu başından o başına. Ölkədə 1993-dən soyğunçuluq siyasəti yürüdülür. Ancaq, beləsi olmayıb, olmamışdı. Indi bölgə-bölgə, köy-köy, oba-oba soyğunçuluq edilir.
Qabaqlar yalnız pul yığırdılar. Indi nə olsa! Pula gedən, işə yarayan nə varsa! Çox-çox illər öncə I.Əliyev belə “doktrina” ilə çıxış etmişdi: “Biz pulumuzu o qədər çoxaldacağıq ki, heç müharibəyə də ehtiyac qalmayacaq”. Milyardlarla neft gəliri yenicə gəlirdi. Milyardlar üst-üstə qalaqlanıb trilyonlara çevriləcək, I.Əliyev də qurduğu plana uyğun olaraq Qarabağı savaşsız, pul gücünə satın alacaqdı. Çoxları onda ona inanmışdı…
Pullar gəldi, özü də milyardlarla. Ancaq, xalqa yox, ölkədə hakimiyəti ələ keçirənlərə gəldi! Gəldi, getdi. Dubaydan Ofşorlaradək! Milyonlarla, milyardlarla pul bir ailənin, bu ailəyə yaxın çevrənin dədə malına çevrildi. Uzun illər neft iynəsinə oturdulan ölkə indi yolsuzluqdan başını itirmiş durumdadır. Dünənədək çoxlarının umudla, güvənlə baxdığı manat indi adamların gözündə qorxunc öküzə çevrilib. Neftdən də keçib, manatdan da. 1993-dən bu yana ölkənin yeraltı, yerüstü var-yatırını soyanlar indi xalqı soymağa girişiblər. Bunu hamıdan yaxşı bilən I.Əliyev özünü bilməzliyə vurur. 2004-cü ildə bu sözləri deyən adam: “Azərbaycan balaca ölkədir, bu ölkənin ən ucqarlarında da nə baş verdiyini hamı bilir”. Demək, bu gün ölkədə baş alıb gedən soyğunçuluğu da hamı bilir. Avropa Oyunlarına yardım adıyla ölkənin hər yerində pul yığılır. Pul olmayan yerdə… pula gedən mal-qara!
I.Əliyev Oyunla bağlı milyardlardan keçildiyini “həddən artıq şişirtmə” adlandırır. Bildirir: “Oyunları keçirmək üçün cəmi bir neçə yüz milyon dollar xərclənib”. Belə deyil, ancaq beləsinə də baxmaq olar. “Bir neçə yüz milyon”! Özünün 75 milyonluq Dubay mülkləri, 48 milyard dollarlıq ofşor saxlancı, bu sayaq çoxlu var-yatırı olduğundan bu adama “bir neçə yüz milyon” qəpik-quruş kimi görünür. Hansı ölkədə? Müəllimin 150, həkimin 200 manat aldığı ölkədə! Hansı ölkədə? Ölkə aydınlarının, çox-çox dəyərli bilim adamlarının 200-300 manata qulluq etdiyi ölkədə!
Təkcə bu ilin yanvar-fevral aylarında ölkədə 2000- (iki min!) ailə dağılıb. Nədən? Daha çox yoxsulluğun doğurduğu sorunlar üzündən. Bu gün təkcə Bakıda minlərlə gənc işsizlik-pulsuzluq-evsizlik üzündən ailə qura bilmir. Belə bir durumda I.Əliyev çoxlu idman qurğusuı tikdirdiyilə öyünür. Burada Azərbaycan gəncliyini- Azərbaycanın gələcəyini yoxsulluq içində boğanlar Avropada qaldıqları çox-çox bahalı hotellərdən tutmuş Vatikana, Luvr muzeyinə, Petka kilsəsinədək milyonlar səpələyirlər. I.Əliyev 12 illik prezidentliyi boyunca bir dənə də kitab evinin açılışını etməyib. Ancaq açılışını etdiyi idman obyektlərinin sayı bilinmir. Milyonlar səpələməklə idman obyektləri tikilir – daha çox qapısı bağlı böyük idman obyektləri. Sonra da başqa ölkələrdən idmançı alırlar. Bizim yaşadığımız Yasamal rayonunun IH başçısı I.Mehdiyev satmadığı yer qoymayıb. Bu adam yol qıraqları, yaşıllıqlar, onsuz da yaxın binalar arasındakı yerlərədək hamısını satır. Kimsə düşünmür: böyük idmançılar həyətlərdəki balaca idman meydançalarında yetişir. Acgöz, dəyərsizdən dəyərsiz pullular göydələnləri meşə kimi tikirlər. Xalqın sağlamlığı hansısa yolsuz yaranmışların tükənməz varlanmaq istəyinə qurban verilir!
Oyun adına rayonlara kəsmət kəsildiyi kimi, xəstəxanalara da kəsmət kəsilib: aşağı kateqoriyadan sayılan həkimlər 500, cərrahlar 1000, şöbə müdirləri 2000 min manat pul verməlidirlər. Üstəlik, bəlli olduğu kimi, bir çox dövlət qurumlarında aylıqlarla yanaşı, konvertlə (onlar “qonorar” deyirlər) pulvermələr də dayandırılıb. 

  • Yazılıb
  • da (də) 2015 May 16