Tarix : 2013 Dec 29
Kod 41466

“Binə”də keçirilmiş aksiya ilə bağlı da tutulanların məhkəməsində prokuror polislərin barəsində tədbir görülməsini istəyib

Bakı Apellyasiya Məhkəməsində yanvarın 19-da “Binə” Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi davam etdirilib.
"Arannews"nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməyini, birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrindən imtina etmiş polis əməkdaşlarının barələrində tədbir görülməsini, xüsusi qərardad çıxarılmasını xahiş edib. Vəkillər isə müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Bunun üçün proses yanvarın 13-dək təxirə salınıb.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər.

Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub. Aksiya iştirakçısı olan 10 nəfər - Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən 2 nəfər 4 il, 3 nəfər 1 il 6 ay, digərləri isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.
  • Yazılıb
  • da (də) 2013 Dec 29