Tarix : 2015 Oct 13
Kod 46626

KTMT və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq edəcək

Azərbaycan Respublikasinin hər iki təşkilatla əməkdaşlığı çox aşağı səviyyədədir.

Arannews- Qərblə Rusiya Azərbaycan-Ermənistan münaqişəsini birlikdə həll edəcək .

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq edəcək .

ATƏT-in baş katibi Lamberto Zanyer KTMT-nin Moskvadakı toplantısında təşkilatın baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ problemini müzakirə edib. "Biz regionda və Azərbaycan-Ermənistan sərhədində zorakılığın artmasına görə narahatıq. Bu məsələdə siyasi rəhbərliklə birgə işləmək vacibdir", - deyə Zanyer bildirib.

O, payızda daha bir görüşün keçirilə biləcəyini deyib, Azərbaycanla Ermənistan başçılarının görüşəcəyinə ümid etdiyini bildirib .

Qeyd edək ki, Azərbaycanın hər iki təşkilatla əməkdaşlığı çox aşağı səviyyədədir. Belə ki, Azərbaycan Respublikasi ATƏT-lə əməkdaşlığı bu il yayda rəsmən dayandırıb. İyul ayından etibarən təşkilatın yerləşdiyi binanın qarşısından bayrağı da yığışdırılıb .

Tarixə nəzər saldıqda təşkilatın özünün Dağlıq Qarabağ münaqişəsinə tam ciddiyyəti ilə yanaşmadığı görünür. Belə ki, 2014-cü ildə qurumun Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna endirildi. Daha sonra isə Azərbaycan əsilli ilk əlaqələndirici Aleksis Şahtaxtinskinin mandatı ləğv edildi .

Prezident administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov buna öz tvitter səhifəsində münasibət bildirərək qeyd edib ki, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər." ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Aleksis Şaxtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şaxtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", - deyə Novruz Məmmədov əlavə edib .

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) gəldikdə isə, Azərbaycan bu təşkilata daxil deyil. Daha doğrusu, 1993-cü ildə Azərbaycan Respublikasi quruma qoşulsa da, 1999-cu ildə müqavilənin müddətini uzatmaqdan imtina edərək təşkilatı tərk etdi.


  • Yazılıb
  • da (də) 2015 Oct 13