Tarix : 2015 Sep 04
Kod 46408

Dindaxili fərqliliklərin araşdırılması siyasi məsələ yox, elmi məsələdir

“Jurnalistlər Ekstremal Şəraitdə” (JEŞ) İctimai Birliyi “Dini radikallığın səbəblərinin aradan qaldırılması yolları” çərçivəsində növbəti tədbiri bu günlərdə Nardaran kənd məscidində dindarlarla keçirib.

AranNews- Nardaran məscidinin axundu Nuhbala Hacızadə hər bir din daxilində fərqli məzhəblər olduğunu, amma problemlərin məzhəblərdə yox, məzhəb daşıyıcılarının bir-birinə münasibətində olduğunu vurğulayıb. Azərbaycanda məzhəblər arasında heç zaman hər hansı problemin yaşanmadığı deyilib. İndiki halda bəzi cərəyanların islam dini daxilində məzhəb problemi yaratmaq istəməsinin heç də dini məsələ olmadığı qeyd edilib.  Bunun açıq-aşkar siyasi məsələ olması xatırladılıb. Hazırda islam dünyasında baş verən qanlı toqquşmalara toxunan axund bu məsələdə aparıcı dünya güclərinin maraqlı olduqlarını xatırladıb. Ölkədə dini sabitliyin təmin edilməsinə gəlincə, ölkədə mövcud olan ənənəvi islamın təbliğinə dövlətin dəstək verməsi əsas şərt sayılıb. Orta və ali məktəblərdə din tarixinin tədrisinə olduqca ciddi zərurət yarandığı deyilib. “Orta və ali məktəblərdə din tarixi tədris edilməlidir ki, dini siyasətə alət edənlər çaşqınlıq yarada bilməsinlər” deyə Nardaran axundu çıxış yolarından birini göstərib. Onun fikrincə, burada dəstək bütün maddi-mənəvi sahəni əhatə edir.  
H.Hacızadə din tarixi tədris edilmədikcə, nəyin din, nəyin din olmadığı bilinməyincə, gəncləri din adı altında radikal cərəyanların qurbanları olmaqdan xilas eməyin mümkünsüzlüyünü ifadə edib. Onun fikrincə, bu məsələdə maarifləndirmə ön plana çıxır, odur ki, cəmiyyət mütəmadi dini baxımdan bilgiləndirilməlidir. Bununla yanaşı məscid və mədrəsələrdə təbliğat aparılması təklifi də səsləndirilib.
Hüseyniyyə hövzəsi”nin rəhbəri Hacı Əli Nur dinlər daxilində, eləcə də dinlər arasında müəyyən fərqlərin olduğunu desə də Allaha inam, hamının insan olması müstəvisində birləşə bilməsinin mümkünlüyünü söyləyib. Eləcə də ədalət, humanizm insanlığın birləşə bilməsi nöqtələridir. Amma seçim anı gələndə doğru seçim edə bilmək Allahı tanımaq mənasına gələr. Dindaxili fərqlərəi elmi səviyyədə və alim səviyyəsində yanaşmaq təhlükəli deyil. Bu hansısa alimin məsələyə nəzəri və ya baxışıdır. Amma bu nəzər və baxışlar cahil əlinə düşəndə düşmənçiliyə, insan qətlinə və s. arzuedilməz şeylərə səbəb olur. Haqqında danışdığımız ekstremizm, radikallıq həmin bligisizliyin, cahilliyin nəticəsi kimi ortaya çıxır. Bu gün Azərbaycana dini zəmində düşmənçilik toxumu topmək istəyən cərəyanlar ölkənin dünyaya açılmasından sonra bura gəliblər. Bu cərəyanlara qarşı həm elmi, həm dini, həm təbliğati, həm də maarifləndirmə formatında kompleks mübarizə aparmaq müsbət nəticə verə bilər.
Nardaran ağsaqqallarından Hacıağa Nuri əhli-sünnə ilə əhli-şiə arasında problemin yaşanmadığını deyərək bu ixtilafları adlarını müsəlman qoyan bəzi dövlətlərin ortaya atdığını deyib. O, xəvariclərin, təkfirçilərin ölkəyə ayaq açmasına bəzi məmurların da səbəb olduğunu deyən H.Nuri ad çəkmədən bu məmurları nəfslərini dövlət maraqlarından üstün tutmaqda ittiham edib. H.Nuri teleefirlərdə islam təbliğatına məhdudiyyətlərin qoyulmasına diqqət çəkərək belə halda insanların dindən bixəbər qalacaqlarına işarə edib. H.Nuri də ibtidai siniflərdən etibarən din tədrisinə yer verilməsinin gərəkli  olduğunu vurğulayıb. Onun fikrincə, hazırda Yaxın Şərqdə baş verənlər “böyük güclərin fitnə-fəsadı”dır. Onun fikrincə, teleefirlərdə bu məsələyə dair diqloqlar, aktual ekran masaları qurulmalıdır.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu məsələdə alim və ağsaqqalları dövlətə köməklərini əsrigəməməyə çağırıb. Onun fikrincə, naşı islami  təbliğatlar müsəlmanları birləşdirməyə yox, parçalamağa xidmət edir. 
N.Kərimova görə, dövlət, hüquq-mühafizə orqanları, dini cameə, bütünlükdə cəmiyyət dini sabitliyin qorunmasında maraqlı olmalıdır. İndi mövcud olan radikal cərəyanlar hansısa siyasi güclərin əlində müsəlmanlara qarşı alətdir. Bütün bu neqativlər islama təəssüf ki, özünə müsəlman deyən amma islamdan xəbərsiz cahillərin əli ilə gətirilir.

  • Yazılıb
  • da (də) 2015 Sep 04