Tarix : 2015 Jul 29
Kod 46236

Hacı Zülfüqar Mikayılzadə və onun kimi alimlərə cəmiyyətdə böyük hörmət qoyulmalıdır

Tarix boyu hər bir rejimin əsas çökmə səbəblərindən biri, ən başlıcası öz xalqına, xalqının ziyalılarına qarşı düşmən mövqeyi tutması olmuşdur. Təəssüflə qeyd edirik ki, bu təzyiqlər bu gün də haqqı bəyan edən, xalqı həqiqətlərlə tanış edən ziyalılara qarşı davam etməkdədir.

Arannews - İctimaiyyət nümayəndələri Zülfüqar Mikayılzadənin müdafiəsinə qalxdı .

"İmam Əli" məscidinin imam cüməsi ilahiyyatçı Əfqan Muradov: “Azərbaycanla bağlı problemlərə toxunan insanların fikirlərinə həmişə dəstək vermişəm. Hər kəs öz xalqının uğuruna sevinməli, kədərinə isə şərik olmalıdır. İkincisi də bəşəri hüquqlar var. Dünyanın istənilər yerində insanların hüquqları pozulursa, biz buna etiraz edirik. Təhsilindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq zülmə məruz qalan insanlara biganə qalmamalıyıq. Yəni insanların əleyhinə yönələn bütün mənfi hallara laqeyd qalmaq düzgün deyil. Mən bunu bir vətəndaş olaraq bildirirəm. Bizim dinimiz də bunu deyir. Bir insan ki, haqq söz deyirsə ona dəstək olmaq lazımdır. Bu şəxs istər hacı Zülfüqar olsun, istərsə də qeyri birisi”.

İlahiyyatçı hacı Elgün Axund: “Hacı Zülfüqar tutduğu ictimai və siyasi mövqeyə görə təzyiqə məruz qalır. Cəmiyyətdə özünə yer tutmuş, hörmətlə yanaşılan şəxsə qarşı edilən təzyiqlərə mənfi hal olaraq baxıram. Bu cür təzyiqlərin heç bir əsası yoxdur. Bu sadəcə şəxsi qərəzlikdən irəli gəlir”.

İlhahiyyatçı Seyid Elman Ağazadə: “Hacı Zülfüqarın fəaliyyətindən yaxından məlumatı olan bir şəxs kimi deyə bilərəm ki, hacı Zülfüqarın qohumlarına qarşı edilən təzyiqlər və Lənkəranda baş verən qanun pozuntuları bir başa onun çıxışları və dini fəaliyyəti ilə bağlıdır. Lənkəranda baş verən bu prosesdə üzdə hüquq mühafizə orqanları öz əməkdaşlarını göndərirlər qohumlarının üzərinə. Amma qohumlarına kənardan özləri deyirlər ki, məsələ heçdə qohum məsələsi deyil. Özləri bir yolla çatdırırlar ki, bu bir başa hacı Zülfüqarın özü ilə bağlı olan məsələdir. Yəni təzyiq riçaqlarından biri də qohumlarına qarşı yönəlib. Özləri də qohuma bir yolla başa salırlar ki, ey qohum bil ki, bu Zülfüqara görə idi. İkinci məsələ isə budur ki, hacının həm Lənkəranda, həm də Bakıda cümə namazında etdiyi çıxışlar, ruhanilərin həbsinə etiraz olaraq bildirdiyi münasibətlər səbəb oldu ki, o, belə təzyiqlərə məruz qaldı”.

 Azərbaycan İslam Partiyasının sədr əvəzi ilahiyyatçı Elçin Manafov: “Hacı Zülfüqar və onun kimi alimlərə cəmiyyətdə böyük hörmət qoyulmalıdır. O həm də hafizi Qurandır. Yəni bütün Quranı əzbər bilir və təbliğ edir. Hacı Zülfüqar etdiyi çıxışlarla, fəaliyyəti və cümə xütbələri ilə insanlar arasında hörmət qazanıb. Ona qarşı edilən təzyiqlər yol verilməzdir və bunu qınayırıq”.

İlahiyyatçı Fərhad Mirzə: “Ümumiyyətlə, hakimiyyətin ən “sabitqədəm” addımlarından biri də azad sözə, azad düşüncəyə qarşı özünəməxsus reaksiyasının olmasıdır. Harada ətrafına müəyyən topluluq yığan və ictimaiyyətdə ideoloji dəyişiklik edə bilən ruhani, ictimai xadim varsa, ona müxtəlif yollarla təzyiqlər göstərirlər. Biz bu günədək hacı Zülfüqar və onun timsalında olan tənqidi fikirlər səsləndirən hər bir ruhaninin təzyiqlərə məruz qaldığını, həbs olunduğunu görmüşük. Hakimiyyət bu tənqidlərdən nəticə çıxarmaq əvəzinə, tənqid edənə təzyiq göstərirsə, bu, hakimiyyətin xalqa olan qərəzli münasibətinin açıq göstəricisidir. Vətəndaş cəmiyyətinə sahib olan ölkələrdə tənqid həmişə hökumətin öz səhvlərini görüb nəticə çıxarmasına səbəb olmuşdur və xalqın bir çox problemi həll edilmişdir. Xalq olmasa, hakimiyyət nə işə yarayar? Xalq hakimiyyətin əzib keçdiyi və onları qul kimi idarə etdiyi bir topluluq deyildir. Çox təəssüf olsun ki, indiki hakimiyyət xalqa qul gözü ilə baxır. Xalq hakimiyyətin təməlidir. Təməl məhv olarsa, onun üzərində qurulan hər hansı bir tikili də çöküb məhv olar. Bunu hakimiyyət daha çox düşünməli və xüsusən ilahiyyatçı alimlərə qarşı mövqeyini müsbət istiqamətdə dəyişməlidir. Təbii ki, biz də öz növbəmizdə hakimiyyətin bu növ təzyiqlərinə etiraz edir, hakimiyyəti belə addımları tərk etməyə çağırırıq”.

“Müsəlman Birliyi Hərəkatı”nın sədr əvəzi, ilahiyyatçı Elçin Qasımov: “Tarix boyu hər bir rejimin əsas çökmə səbəblərindən biri, ən başlıcası öz xalqına, xalqının ziyalılarına qarşı düşmən mövqeyi tutması olmuşdur. Təəssüflə qeyd edirik ki, bu təzyiqlər bu gün də haqqı bəyan edən, xalqı həqiqətlərlə tanış edən ziyalılara qarşı davam etməkdədir. Müsəlman Azərbaycan xalqının dəyərli alimlərindən olan Quran hafizi hacı Zülfüqar Mikayılzadəyə qarşı davam edən son məlum təzyiqlər də heç şübhəsiz ki, hacının söhbətlərində haqqı deməsi və zalımı ifşa edən çıxışlarına görədir. Hakimiyyətlərini xaricdəki havadarları hesabına quran və xalqın iradəsini əks etdirməyən rejimin azad sözdən, şəffaf təhlildən qorxusu əslində normal haldır. Sadəcə Allah adamına, xüsusən də ziyalı şəxsə qarşı təxribat xarakterli bu halları törədənlər bilməlidirlər ki, hörmətsizlik etməklə, minlərlə davamçısı olan bir alimin həm özünün, həm də tərəfdarlarının nifrətini qazanmış olurlar. Bu hallar isə heç bir hakimiyyətə başucalığı qazandırmayıb, əksinə, onun süqutunu sürətləndirmişdir. Biz əhalisinin 98%- i müsəlman olan bir xalqın ziyalısına qarşı bu cür təxribat xarakterli təzyiqləri qınayırıq və bir daha belə halların baş verməyəcəyinə ümid edirik. Aidiyyatı qurumlara isə bu gün bütün regionu öz cinayətləri ilə təhdid edən qeyri-ənənəvi İslam təriqətləri ilə, din pərdəsi altında gizlənən, hər an xalqa təhlükə mənbəyi olan vəhhabiliklə mübarizə aparmağı, öz güclərini bu istiqamətdə nümayiş etdirməyi tövsiyə edirik ”.    

  • Yazılıb
  • da (də) 2015 Jul 29