Tarix : 2015 Jul 22
Kod 46208

Azərbaycan Respulikasinda Mətbuatın 140 illiyi – Vicdan azadlığının boğulması

bu gün, yəni Milli Mətbuatın 140 illiyində 9 jurnalistin müxtəlif qurama ittihamlarla həbsdə olmasına baxmayaraq kimlərsə söz azadlığının boğulmamasından danışırsa sadəcə insanları aldatmış olur.

Arannews - Azərbaycan Milli Mətbuatının 140 illiyi qeyd olunur.  Ölkədə bir çox jurnalist fəxri adlar və mükafatlar aldı. Məsələ mükafatın kimin verməsində deyil. Məsələ mükafatın kimlərin almasındadır. Bəziləri mətbuata pul və ya biznes kimi baxırsa, bəziləri tamam başqa duyğular bəsləyir .

Demokratik və tolerant görüşlü insanam. Kimin nə mükafat almasına zərrə qədər paxıllıq və ya həsəd aparmıram. Çünki bu xüsusiyyətlər mənim xislətimdə yoxdur. Mükafat alanlar bunu uğur adlandırırsa, mən sadəcə bükə bilmədiyin əli öpmək kimi qəbul edirəm. Hər bir halda mən onların siyasi və mənəvi fikirlərinə hörmət edirəmsə, tənqidlərimə onlarda hörmət etməlidirlər .

Amma bu gün, yəni Milli Mətbuatın 140 illiyində 9 jurnalistin müxtəlif qurama ittihamlarla həbsdə olmasına baxmayaraq kimlərsə söz azadlığının boğulmamasından danışırsa sadəcə insanları aldatmış olur. Mən sadəcə iki jurnalistin adını qeyd edəcəm. Çünki digər 7 jurnalistlə şəxsən və yaxından münasibətim olmadığı üçün ikisinin adını çəkəcəm. Biri Cenubnews.com (Xeber44.com) saytının baş redaktoru Araz Quliyev, digəri isə AzadXeber.az informasiya portalının baş redaktoru Nicat Əliyevdir .

Araz Quliyevin həbsinin motivlərinə baxdıqda aydın olur ki, bu jurnalist saxlanılarkən fiziki və mənəvi işkəncələrə məruz qalıb. Daha sonra evində aparılan axtarış zamanı baş verən hadisələr bu işkəncələri bir daha sübut edir. Araz Quliyev isə məhkəmə iclaslarında fəxrlə deyir: “Azərbaycan bayrağının ucalarda dalğalanması üçün həmişə var gücümlə çalışmışam”. Niyə deyirdi bu sözü Araz Quliyev? Ona görə ki, beynəlxalq Qüds günü işğalçı Ermənistanın və İsrail dövlətlərinin bayraqlarını yandırmışdı. İttiham olunduğu maddələrdən biri isə, Azərbaycan bayrağına təhqir və hörmətsizlik idi. Görürsünüz, jurnalist öz ölkəsində etmədiyi cinayətlərə görə 8 il müddətinə azadlıqdan məhrum edilir .

Və ya AzadXeber.az informasiya portalının baş redaktoru Nicat Əliyevin həbsi. İslam ölkəsi olan Azərbaycanda gayparad əleyhinə disk payladığına görə, qondarma və uydurma ittihamlarla saxlanılır, işğalçı İsrail rejiminin Bakıdakı səfirliyinin əməkdaşı tərəfindən işkəncəyə məruz qalır və sonda 10 il müddətinə azadlıqdan məhrum edilir. Hansı ki, Nicat Əliyev disk paylamaqla heç bir cinayət törətməmişdi, əksinə cəmiyyəti əxlaqsızlıq olan gayparad ilə bağlı informasiya ilə təmin etmişdi .

Bu gün isə bəziləri hansısa medallar alaraq vicdan azadlığının boğulmadığını iddia edənlərin cərgəsində olduğunu açıq şəkildə göstərir və bundan utanmır .

Nəysə çox başınızı ağrıtmaq istəmirəm. Bu gün həmdə biz jurnalistlərin bayramıdır .

Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibəti ilə başda həbsdə olan jurnalistlər Nicat Əliyevi, Araz Quliyevi, Xədicə İsmayılı, Rauf Mirqədirovu, Seymur Həzini, Hilal Məmmədovu, Pərviz Həşimlini, Tofiq Yaqublunu, Ərşad İbrahimlini, vicdanına və qələminə hörmət edən hər bir jurnalisti təbrik edirəm .

İlkin Məmmədov

AzadXeber.az-ın baş redaktor əvəzi

  • Yazılıb
  • da (də) 2015 Jul 22