Tarix : 2015 Jul 17
Kod 46196

“Fitr bayramı – Ramazan ayını dərk edən üçün həqiqi bayramdır”

İslam dünyasının ən böyük bayramı, təravətli Ramazan bayramı (Fitr bayramı) yaşanmaqdadır. bu möhtəşəm bayramı əsrlər boyunca olduğu kimi, indi də böyük təmtəraqla, sevinclə qarşılayıriq.

AranNews- Mübarək Ramazan ayını geridə qoyduq. Bu ayın bir çox xüsusi cəhətləri, xüsusi imkanları var idi. Hərə bu ayda olan nemətlərdən bacardığı qədər bəhrələndi. Görünür, bu ayın ən axırıncı imtahanlarından biri də odur ki, insanlardan kimlərəsə sonuncu gününü yaşamaq və yaşatmaq qismət olur, kimlərəsə olmur.
Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər. Hədislərin birində buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!” Bu bayramın özünəməxsus əməlləri var. Fitr bayramında oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır. Adambaşı fitrə zəkatı buğda, ya arpa, ya xurma, ya düyü və s. kimi məmulatlardan təqribən üç kiloqram təşkil edir.
Həmçinin bayram axşamı, gün batan çağı qüsl etmək bəyənilir. Bu gecə əhya saxlamaq, dua kitablarında qeyd olunan xüsusi namaz və duaları yerinə yetirmək olar. Şam, işa, sübh və bayram namazlarından sonra “Allahu əkbəru Allahu əkbər, la ilahə illəllah, vallahu əkbər Allahu əkbər və lillahil-həmmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-çukru əla ma əulana” zikrlərini oxumaq bəyənilmiş əməllərdəndir. Bayram günü isə “Nüdbə” duasını oxumaq yaxşı olardı.
Fitr bayramı günü gün çıxandan zöhr azanına kimi bayram namazı qılınır. Bayram namazı həm camaatla həm də fərdi qaydada qılına bilər. Bayram namazı iki rükətdir. Birinci rükətdə Həmd və surədən sonra 5 qunut tutulur, ikinci rükətdə isə - 4 qunut. Bayram namazının qunutunda oxumaq üçün dua kitablarında xüsusi dua qeyd olunsa da, qunutlarda istənilən duanı etmək kifayət edir.
 Fitr sözü fitrət sözündən götürülmüşdür. Fitrət insanın zatı, təbiəti və vicdanı deməkdir. Deməli, mübarək Ramazan ayının bitməsi, başqa sözlə desək insanların 30 günlük nəfslə mübarizələrinin və tərəqqi yolunda çalışmalarının nəticəsi günü fitrətə qayıdış bayramıdır. Əxlaqlı olmaq insanın fitrətinin tələblərindəndir.
İslam dünyasının ən böyük bayramı, təravətli Ramazan bayramı (Fitr bayramı) yaşanmaqdadır. Azərbaycan xalqı da bu möhtəşəm bayramı əsrlər boyunca olduğu kimi, indi də böyük təmtəraqla, sevinclə qarşılayır. İnsanlar bu bayramda bir-birilərini təbrik edər, bayram namazları üçün bir yerə toplaşar, fitrə zəkatı çıxardar, daha sonra isə bayramlaşmaq üçün qohumlara baş çəkər, dünyadan köçmüşlərin məzarlarını ziyarət edərlər. Hər kəs Fitr bayramını böyük anlamda dərk etməyə çalışar - əsası isə, onu Allaha aparan vasitə, mənəvi qayğıları dərk etmək üçün fürsətli bir gün kimi dərk edər. Bəs ölkəmizin tanınmışları necə, bu bayramı hansı coşqu ilə yaşayırlar. Ölkənin bir sıra tanınmış ictimaiyyət, mədəniyyət, incəsənət xadimləri ilə mübarək Fitr bayramı təəssüratlarını bölüşdük. Hazırki müsahibimiz tanınmış televiziya aparıcısı, jurnalist İlhamiyyə Cəfərovadır:
Mübarək Ramazan ayı bağışlanmaq ayıdır. Bu ayda bağışlanmaq imkanı o qədərdir ki, Məsumlarımızdan (ə) buyurulan hədislərdə bu ayda özünü bağışlata bilməyən insan uğursuz adam kimi adlanır. Rəvayət olunur ki, “Mübarək Ramazan ayında hər günün axırında iftar vaxtında Allah-Təala min-min kəsi cəhənnəm atəşindən azad edir. Elə ki cümə gecəsi və cümə günü olur, hər saatında min-min kəsi cəhənnəm atəşindən azad edir. Ayın sonuncu gününün gecəsində və özündə o qədər kəsi ki cəhənnəm atəşindən azad etmişdi, o miqdarda da həmin gün azad edər”.
Mübarək ayın hər günündə bağışlanmaq üçün imkanlar, fürsətlər var idi. Bundan başqa, Ramazan ayının cümə günlərində hər saat bağışlanmaq üçün imkan olur. Mübarək ayın sonuncu günündə isə bütün ay boyunca bağışlananlar qədər insan bağışlanar və cəhənnəm atəşindən qurtular.

Allahdan diləyimiz budur ki, xalqımıza Ramazan ayını tam, kamil şəkildə yaşamağı nəsib etsin. Amin

  • Yazılıb
  • da (də) 2015 Jul 17