Tarix : 2015 Jul 06
Kod 46147

Ermənistanda Rusiyadan uzaqlaşma meylləri güclənib

Bu istiqamətdə erməni müxalifətindən kifayət qədər populist çıxışlar var.

AranNews - Gürcüstan kütləvi informasiya vasitələri, həmçinin Qərb mətbuatında yer alan xəbərlərə görə, Rusiya özünün ağır hərbi texnikasını və ordusunu Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgəsində cəmləşdirib. Paytaxt Tiflisdən cəmi bir neçə yüz kilometr aralı olan Ermənistandakı Gümrü hərbi bazasına da yeni hərbi texnikalar göndərildiyi barədə məlumatlar yayılıb.

Yayılan xəbərin Gürcüstanın müdafiə naziri Tinati Xidaşelinin keçən həftə verdiyi şok açıqlama ilə üst-üstə düşməsi diqqət çəkib. Nazir Xidaşeli verdiyi bəyanatda, Rusiyanın ölkəsini hər an işğal edə biləcəyini söyləmişdi. Məhz bu açıqlama bütün regionun diqqətini yenidən Qafqaza çevirib.

Kreml isə cavabında, nazirin söylədiyi fikirlərin boş sözdən ibarət olduğunu və diqətə alınmadığını bildirib.

Məsələ ilə bağlı siyasi ekspert Ərəstun Oruclu Sputnikə öz dəyərləndirmələrini edib. Politoloq, Rusiyanın Qafqaz bölgəsini təsir dairəsində saxlamaqda maraqlı olduğunu bildirib.

“Hər nə qədər, Rusiyanın başı Ukrayna məsələsinə qarışsa da, Qafqaz bölgəsi Kremlin maraq dairəsində qalmağa davam edir. Şimal qonşumuzun Abxaziya, Osetiya, o cümlədən Ermənsitandakı Gümrü hərbi bazasına ağır texnika və ordu cəmləşdirməsinin özü bir mesajdır. Rusiya bununla MDB ölkələri üzərindəki təsir gücünü saxlamağa çalışır”.

Ərəstun Oruclu, Rusiyanın Qafqaz bölgəsinə cəmləşdirdiyi hərbi texnikadan hər an istifadə edə biləcəyini də söyləyib.

“Artıq dünyada yeni mübarizə üsulları özünü göstərməyə başlayıb. Qərb daha çox siyasi və iqtisadi variantlardan istifadə edir. Rusiya isə əvvəllər olduğu kimi hücum xarakterli siyasəti işə salaraq hərbi gücü ön planda tutur. Rəsmi Moskva özündən uzaqlaşmağa çalışan MDB ölkələrinə qarşı hələlik danışıq yolu ilə mübarizə aparır. Ancaq, siyasət və diplomatiya tükənəndə hərbdən istifadə edəcəyi istisna edilmir. Tək Rusiyada yox, Qərbdə də belədir. ABŞ-ın Əfqanıstan və İraq müharibələri buna misaldır”, — deyə politoloq bildirib.

Ərəstun Oruclu, Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsini, o cümlədən inqilaba təşəbbüsü də dəyərləndirib. Politoloq hesab edir ki, İrəvanda hakimiyyətə kim gəlir gəlsin, Rusiyadan uzaqlaşaraq Qərbə yönəlməsi mümkün deyil.

“Ermənistanda Rusiyadan uzaqlaşma meylləri güclənib. Bu istiqamətdə erməni müxalifətindən kifayət qədər populist çıxışlar var. Lakin İrəvanda hakimiyyətə kim gəlir gəlsin, Moskvanın təsirindən uzaqlaşmağı mümkün deyil. Rusiyanın Cənubi Qafqaz regionunda ən böyük hərbi bazası bu ölkədə yerləşir. Bu da onu göstərir ki, Kremlin Qafqazdakı yeganə müttəfiqi məhz Ermənistandır”.

  • Yazılıb
  • da (də) 2015 Jul 06