Tarix : 2015 Jul 04
Kod 46136

bəşər tarixində daim işğal siyasəti yürüdülüb

Silah və qan tökmə yolu ilə ərazilərə sahib olanlar, elə həmin gün özlərini qalib hiss etsələr də, məsələnin məğlub tərəfi zaman çərçivəsində aydınlaşır...

Arannews - “Qüds günü işğala məruz qalanların yanında, işğalçının önündə olmaq çağırışı etdiyindən müqəddəs və əhəmiyyətlidir

Bu sözləri ilahiyyatçı alim Sərdar Hacıhəsənli hər il Ramazan ayının sonuncu cümə günü dünya işğalçılarına, xüsusilə Qüdsün və Fələstinin sionist rejim tərəfindən işğalına etiraz olaraq keçirilən Qüds günü barədə fikirlərini bildirərkən söyləyib .

Sərdar Hacıhəsənlinin sözlərinə görə, bəşər tarixində daim işğal siyasəti yürüdülüb :

 Tarixən başqalarının ərazilərinə və torpaqlarını işğal edənlər olub və təəssüflə qeyd edim ki, bu gün də davam edir. Silah və qan tökmə yolu ilə ərazilərə sahib olanlar, elə həmin gün özlərini qalib hiss etsələr də, məsələnin məğlub tərəfi zaman çərçivəsində aydınlaşır. Deməli, məğlubiyyət, torpaqları itirən gün deyil, unudan gün hasil olur. İşğalçı siyasətə qarşı mübarizə iki mərhələdən ibarətdir. Birinci mərhələ məsələni diqqət mərkəzində saxlamaq, digər mərhələ isə düşməni dəf etməyə qadir qüvvələri ən qısa zaman ərzində səfərbər etməkdir. İşğalçı tərəf, önündə doğma torpaqlarını, tarixi və mədəni kimliyini itirmiş, eyni halda bunu unudub taleyi ilə barışan insanları görməsi işinə daha çox yarıyır. O məğrurlaşır və arxayınlaşaraq daha geniş işğallara həvəslənir .”

Düşməni dəf etmək üçün ərazi sahiblərinin barışıq və susqunluq hissindən uzaqda durmalı olduğunu söyləyən ilahiyyatçı, “bunun isə yeganə yolu daimi demək, düşündürmək və xatırladaraq gündəmdə saxlamaqdır. Bu baxımdan hər il Qüds Günü dünya müsəlmanları səviyyəsində vahid gündə qeyd olunması böyük əhəmiyyət kəsb edir”, - deyə bildirdi :

 Məsələnin üstündən on illiklərin keçməsinə baxmayaraq , gündəmdə olması, ərazi sahiblərinin doğma yurdlarından vaz keçməyəcəklərini göstərir. Bu isə düşmən tərəfə ,sən arxayın olmayacaqsan, səksəkədən çıxmayacaqsan, qaliblik şüarları ilə çığırsan belə, çəkdiyin tikanlı məftillərin, hördüyun uca divarların arxasında rahat olmayacaqsan deməkdir. Sadalananlara əsasən Qüds gününün qeyd edilməsi məsələnin bitmədiyini, unudulmadığını, hələ də qalib və məğlubun təyin edilmədiyini aydınlaşdırır . “

Sərdar Hacıhəsənli sonda bildirdi ki, işğala məruz qalanlar, zaman və qüdrət anlayışı ilə irəliləməyə çalışmalıdırlar :

 Buna misal olaraq , yerimək zamanı çatmamış bir körpənin ayağa qalxaraq yıxılması, zamanı yetdikdən sonra isə qalxmaması geridə qalması deməkdir. Deməli zaman mülahizəsi bir vaxta qədər zərurət, buna nail olduqdan sonra isə düşmən tərəfin işinə yarıyan ləngimə deməkdir. Habelə bəzən fərdi maraqlara xidmət, bəzənsə vətən üzərindən yapılan bazarlıq halına belə gələ bilir. Məsələ daxilə hesablanmış tədbirlərdə çeynənmiş "çıxışlar"la məhdudlaşdıqda isə, milli mübarizə məfkurəsinə zərbə vuracaq qədər həssaslaşır. Bu isə xalqı yorur, bezdirir, unutdurur və məyus edir. Zərurət isə torpaqları işğal altında olanlardan yorulmamaq, unutmamaq, güclü və səfərbər olmaq tələb edir. Qüds günü işğala məruz qalanların yanında, işğalçının önündə olmaq çağırışı etdiyindən müqəddəs və əhəmiyyətlidir .”

 

  • Yazılıb
  • da (də) 2015 Jul 04