Tarix : 2015 Jun 24
Kod 46088

Serj Sarqsyan Qarabağda gərginliyi artıra bilər

Ermənistan daxilindəki real problemlərin həllindən insanları yayındırmaq üçün, çıxılmaz vəziyyətə düşən Sarqsyan Qarabağda gərginliyi artıra bilər.

Arannews - "Ermənistan prezidenti Serj Sarqsyan siyasi baxımdan canlı meyitdir və onun gedişi, çox güman ki, yaxın gələcəkdə reallaşa bilər".

Bunu "Report"a Yerevanda baş verən elektrik enerjisi tarifləri qiymətlərinin artımına qarşı etiraz aksiyalarına münasibət bildirərkən MDB üzrə ekspert, qazaxıstanlı politoloq Aydos Sarım deyib.

"Dünənki zor tətbiq etməklə həyata keçirilən nümayişçilərin dağıdılmasından sonra, demək olar ki, onun siyasi manevr etmək üçün heç bir imkanı qalmayıb", - Qazaxıstanlı politoloq bildirib.

Nümayişçilər öz məqsədlərinə nail olub-olmayacağı sualını cavablandıran A.Sarım hesab edir ki, hazırda hələ əhalinin elektrik enerjisi ilə bağlı tələbləri səviyyəsində münaqişənin həllinə nail olmaq mümkündür. "Lakin, nə qədər ki, hakimiyyət susacaq və güc istifadə etməyə davam edəcək, etirazçıların tələblərinin başqa səmtə yönələrək, prezident və hökumətin istefaya getməsi kimi tələblərə çevriləcəyinə böyük ehtimallar var. Düşünürəm ki, ikincisi daha realdır".

Politoloq, həmçinin bu vəziyyətdə Ermənistanda yerləşən Rusiya qoşunlarının reaksiyasını da maraqlı hesab edir: "Düşünürəm ki, dünən Moskva və Ermənistan arasında telefon xətləri gərginlikdən az qala alışırdı".

A.Sarım hesab edir ki, Sarqsyan ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün müxtəlif tədbirlərə əl ata bilər: "O da təhlükəlidir ki, ölkə daxilindəki real problemlərin həllindən insanları yayındırmaq üçün, çıxılmaz vəziyyətə düşən Sarqsyan Qarabağda gərginliyi artıra bilər. Amma, bununla o, heç bir şeyə nail ola bilməyəcək. Hərbi məğlubiyyət və ya uzun sürən hərbi münaqişə daha çox təhlükəli olacaq".

  • Yazılıb
  • da (də) 2015 Jun 24