Tarix : 2015 May 26
Kod 45964

Elmar Məmmədyarov Sergey Narışkin ilə görüşüb

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Arannews - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

 E. Məmmədyarov Azərbaycan və Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdıran E. Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

O, Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

S. Narışkin Rusiya-Azərbaycan ikitərəfli münasibətlərində heç bir problemin olmadığını bildirib. “Bu həm də parlamentlərarası münasibətlərə aiddir”. 

Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkiləri barədə danışan Dövlət Dumasının sədri , Azərbaycan tərəfinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün rusiyalı müşahidəçilərin göndərilməsinə razılıq verib.

S. Narışkinin Azərbaycanda keçiriləcək parlament seçkilərinə Rusiyadan müşahidəçilər göndərilməsi təklifini dəstəkləyən E. Məmmədyarov qeyd edib ki, ilk növbədə Rusiyadan müşahidəçilər seçkiləri izləməyə gələcəklər, baxacaqlar və həqiqi qiymət verəcəklər.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. 

  • Yazılıb
  • da (də) 2015 May 26