Tarix : 2015 May 24
Kod 45953

Bugün İmam Zeynulabidinin (ə) mövlud günüdür

Mövludunuz mübarək!

Arannews - İmam Səccad (ə) şiələrin dördüncü İmamı Həzrət Hüseyn ibn Əlinin (ə) oğludur. Əsl adı Əli, ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) İmamət dövrünü dərk etmişdir. İmamHəsən (ə) buonilinyalnızaltıayınızahirihakimiyyətbaşındadurmuşdur.

İmam Səccadın əxlaqi xüsusiyyətləri

1. Təqvası:

O, həzrətin əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə imam Sadiq (ə) belə buyurmuşdur: «Әli ibni Hüseyn, Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Әliyə (ə) çox bənzəyirdi».

O həzrətin oğlu imam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: «Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: Әziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?» Atam ağlayıb buyurdu: «Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Әli ibni Әbu Talibin ibadətlərinin yanında heçdir.»

Tavus Yəmani deyir: İmamın Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: «Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.»

2. Xalqın həyat və məişəti ilə maraqlanmaq:

İmam Zeynül-abidin (ə) da, babası həzrət Әli (ə) kimi tarla və xurmalıqlarda çalışırdı. Hər xurma ağacınında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi.

İyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi.

Dünyadakı bütün insani sifətlər o həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı.

Günlərin bir günündə bir kişi Әli ibni Hüseynin (ə) hüzuruna gəlib söyməyə başladı. İmam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: «Əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə Allah səni bağışlayıb günahından keçsin». O kişi imamın bu ehtiramından utanıb həzrətdən üzr istədi.

İmamın dostlarından olan Әbu Həmzə Səmali həzrətin xidmətçisindən xülasə olaraq, imamın əxlaqından ona danışmasını xahiş etdikdə xidmətçi öz sözünü belə başladı: «İllərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir».

Zeyd ibni Üsəma ölüm yatağında ikən, imam Səccad (ə) onun əyadətinə gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: «On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil». İmam (ə) buyurdu: «Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin ola bilərsən.»

Axşamlar hava qaraldıqda və hamı yatandan sonra həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına alıb yoxsulların evinə aparardı.

Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidindir (ə).

Onlar yalnız imam şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs həzrət Səccad (ə) imiş.

Hicrətin əllinci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn(ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt (ə) əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi. Necə ki, əsirlər karvanı Kufəyə çatdıqda camaat onları görmək üçün pişvazlarına çıxmışdılar. İmam Səccad (ə) kufəlilərin etinasızlığından başa düşdü ki, onları tanımayıblar. Buna görə əli ilə işarə edərək onlara susmaq əmrini verdi. Camaat susdu. Hüseynin (ə) yadigarı sözə başlayıb belə buyurdu:

“Ey Kufə camaatı! Mən Әli və Fatimənin övladı, Peyğəmbərin övladı Әliyəm. Mən uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq qarşınızda saxlanılan imamın övladıyam.Siz atama məktub göndərib dəvət etdiniz. O isə sizə tərəf gəldikdə onu öldürdünüz. Sabah qiyamət günündə Allahın və Peyğəmbərin cavabını necə verəcəksiniz?Siz peyğəmbərinizin hörmətini saxlamadınız, onun ruhunu incitdiniz. Vay sizin halınıza, siz çox pis adamsınız.”

İmam (ə) bu sözləri ilə yatmış vicdanları oyadaraq qəlbləri riqqətə gətirdi. Bununla da Әməvilərin şənliyini yasa çevirdi.

Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili, Məhərrəm ayının iyirmi beşi,57 yaşında ikən Hişam ibni Әbdulməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. 

  • Yazılıb
  • da (də) 2015 May 24