Tarix : 2015 May 16
Kod 45907

Nazir müavini hakimiyyəti ifşa etdi

Qaçqın və Məcburi Köçkünlər ilə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Qarabağın biznes maraqlarına qurban verildiyini etiraf etdi

AranNews- Hakimiyyətin yarıtmaz siyasət yürütdüyünü, daxili və xarici siyasətin yalnız şəxsi maraqlar üzərində qurulduğunu illərdi yazırıq. Amma biz yazanda, tənqid edəndə “ermənipərəst” “vətən xaini” oluruq. Şükrlər olsun ki, indi hakimiyyət komandasının əsas adamları da bunu etiraf etməkdədilər.
Belə ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hakimiyyətin iç üzünü ortaya çıxarıb: “ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm. Qorbaçov başda olmaqla bu problemi Sovet Ittifaqı yaradıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadır”- deyə Əli Həsənov bildirib.
O, Azərbaycanın bəzi yüksək rütbəli məmurlarını da bu məsələdə səssiz qalmaqda qınayıb: “Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”.
Əvvəla, bu çıxışda etiraf olunur ki, Qarabağı Rusiya işğal edib və bugünə qədər də münaqişənin həllinə Rusiya əngəl törədir. Ikincisi, nazir müavini səviyyəsində bəyan edilir ki, ən böyük ermənipərəst Rusiyadır. Deməli, bütün Qərb dünyasını “erməni” kartı ilə ittiham edən hakimiyyət, ən böyük ermənipərəstin himayəsinə sığınıb. Nəticə isə bunu göstərir ki, Azərbaycan hakimiyyəti ermənipərəst siyasət yürüdür və ermənilərin xeyrinə fəaliyyət göstərir. Bu fikirləri hansısa müxalifət lideri səsləndirsəydi, dərhal şər-böhtan kampaniyası başlayacaqdı və həmin şəxs erməni lobbisindən qrant almaqda ittiham olunacaqdı.
Indiki halda isə yüksək vəzifə tutmuş şəxsin dilindən deyilir ki, Rusiya Azərbaycanın düşmənidir. Bu həm də onu göstərir ki, hakimiyyətin antiQərb kampaniyası qeyri-səmimidir və reallığı əks etdirmir.
Amma Əli Həsənovun ifşası bununla da bitmir. O, açıq şəkildə bəyan edir ki, yüksək vəzifə tutan şəxslərin müxtəlif ölkələrdə biznesləri var və biznes maraqlarına görə dövlət maraqlarından imtina ediblər. Əslində, bu fikirlər Ilham Əliyevin ətrafında olanları xəyanətdə ittiham etməkdir.
Eyni zamanda korrupsiyanın başında məhz iri ranqlı məmurların durmasının mesajıdır. Çünki, maaşla dolanan məmur dünyanın müxtəlif yerlərində böyük biznes imperiyası yarada bilməz.
Biz də uzun illərdi yazırıq ki, ölkənin sərvətləri oğurlanır, milyardlar şəxsi maraqlar naminə xərclənir və bu hakimiyyət üçün dövlət və millət sonuncu dərəcəlidir.
Bir sözlə, Əli Həsənov Qarabağın da biznes maraqlarına satıldığını, hakimiyyətin çirkab içində olduğunu və ən böyük düşmənimizə xidmət etdiyini söylədi. 

Artıq şərhə ehtiyac yoxdur.

  • Yazılıb
  • da (də) 2015 May 16